"Masallıda problem odur ki, uzun illər yağış yox idi, insanlar xəndəklər qazmırdılar. Yağışlı mövsümlərdə su həmin xəndəklərlə axıb gedərdi. Yaranan selin səbəbi xəndəklərin olmamasıdır".
Bunu Masallının deputatı Anar İsgəndərli son günlər rayonda yaranmış sel təhlükəsi barədə danışarkən deyib. Deputat son iki günü Masallıda olduğunu bildirib.
"Srağagün axşamdan Masallıda olmuşuq. Dünən də bütün gün ərzində Masallıda idik. Sel Boradigah qəsəbəsini, Mollaoba kəndini, Bədəlanın Dəmirçi məhəlləsi və Ərkivanın bir hissəsini əhatə edib. Bu, Masallının yuxarı tərəfidir. Təbii ki, Masallının Cəlilabad tərəfdən Təzə Alvadı kəndində sel öz fəsadlarını göstərib. Dünən rayon rəhbərliyi, FHN-in rayon üzrə əməkdaşları, polis işçiləri nə mümkündürsə, etdilər. Texnika da əraziyə gətirildi.
Xeyli vaxt idi ki, güclü yağış yağmırdı, ümumiyyətlə, sel olmurdu. Sel təhlükəsi yox idi. İnsanlar da belə düşündülər ki, daha güclü yağış və sel təhlükəsi olmayacaq, ona görə də xəndəkləri doldurmuşdular. Bir neçə gündür aramsız yağan yağışlar təbii fəlakəti üzə çıxardı. Hazırda xəndəklərini dolduran insanların həyətləri su altındadır. Həmin xəndəklərdəki su vaxtilə ümumi kanala qoşulurdu və problem olmurdu. Sanki bu problemi insanlar özləri özlərinə yaradıblar. Dünən də, bu gün də nə mümkündürsə edildi. Ən əsas problem odur ki, yağış dayanmır. Dağlardakı qarın hündürlüyü 1 metrdən çoxdur. Təkcə Masallıda durum belə deyil. Lənkəranda vəziyyət ondan da ağırdır. Astarada da həmin vəziyyətdir. Bu rayonlara təhkim olunan aidiyyatı qurumların əməkdaşları vicdanla işləyirlər. Kimin üzərinə nə düşürsə, onu da edir. Bir daha deyirəm ki, həmin kənddəki adamların da böyük günahları var. İki gün orada olmuşam, bu gün də əlaqə saxlamışam. Bugünkü vəziyyət dünənkindən də pisdir. Çünki yağış dayanmır. Elə körpülər var ki, yararsız vəziyyətə düşüb. Çayların suyu həddən çox artıb. Kiçik su anbarları ilə bağlı təhlükə yaranıb. Onlara gecə-gündüz nəzarət edilir. Viləş su anbarında su çoxalıb, həmin suyu elə bölüşdürmək lazımdır ki, digər kəndlərə problem yaratmasın. Yəqin ki, Allahın köməkliyi ilə hər şey yoluna qoyulacaq", - deyə deputat Masallıdakı vəziyyətə aydınlıq gətirib.
Qeyd edək ki, 19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb./modern.az