Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı günü-gündən artmaqdadır. Prezident Vladimir Putin bu sahədə “çempion” olduğunu da dilə gətirib: “Biz Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların sayına - 5 mindən çox fərdi tədbirə görə çempionuq...”
Əslində, Kreml üçün sanksiyaların tətbiqi yeni bir hadisə deyil. Hələ 1918, 1930, 1931, 1947, 1951, 1955, 1962-ci illərdə ABŞ, Fransa, İngiltərə və daha bir neçə ölkə Moskva ilə iqtisadi əlaqələrini tam və ya qismən məhdudlaşdırıb, ticarət əlaqələrini kəsib. Əksər hallarda səbəb Kremlin xarici dövlətlərin daxili məsələlərinə müdaxiləsi olub.
1979-cu ildə isə Moskva daha sərt sanksiyalarla üzləşib. Sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsi ilə Kreml özünü bir sıra dövlətlərlə üz-üzə qoyub.
Sovet qoşunlarının Əfqanıstana yeridilməsinə ilk reaksiya verən ABŞ prezidenti Cimmi Karter olub. O, Moskvanın atdığı bu addımı SSRİ-nin Əfqanıstanın daxili işlərinə kobud müdaxiləsi kimi qiymətləndirib. ABŞ prezidenti Əfqanıstana hərbi müdaxilənin ağır fəsadlar yaradacağını da bildirib.
Brejnev sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsini çox sadə dillə izah edib. Baş katib bildirib ki, Kreml bu qərarı Əfqanıstanın təkidli xahişi ilə qəbul edib və ölkədə sabitlik yaranan kimi qoşunlar Əfqanıstanı tərk edəcək.
1980-ci ilin yanvarın 14-də sovet qoşunlarının Əfqanıstana daxil olmasına BMT münasibət bildirib. BMT Baş Assambleyasının fövqəladə sessiyasında qoşunların Əfqanıstandan çıxarılması tələbi ilə qətnamə qəbul edilib. Qətnaməni 104 ölkə dəstəkləyib, 18 ölkə əleyhinə səs verib, eyni sayda ölkə isə bitərəf qalıb.
Əfqanıstan məsələsində müsəlman dünyası ölkələri də kənarda qalmayıb. 1980-ci il yanvarın 25-28-də İslam Konfransı Təşkilatının (İKT) İslamabadda Pakistan və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə keçirilən fövqəladə iclasında İKT iştirakçıları “Əfqan xalqına qarşı sovet hərbi təcavüzünü” pisləyiblər. Daha sonra, 1981-ci ilin payızında Misir prezidenti Ənvər Sədat silahlı əfqan müxalifətinə kömək etmək niyyəti barədə açıq bəyanatla çıxış edib. Səudiyyə Ərəbistanının pulu ilə yaradılmış Ərəb Ekspedisiya Qüvvələri Əfqanıstan ərazisində partizan müharibəsi aparıblar.
SSRİ-yə ilk iqtisadi sanksiyalar ABŞ tərəfindən tətbiq edilib. ABŞ prezidenti administrasiyasının qərarı ilə Amerika şirkətləri tərəfindən SSRİ-yə elektron və neft-qaz avadanlıqlarının verilməsinə qadağa qoyulub.
1982-ci ilin iyununda ABŞ hakimiyyəti embarqonu sərtləşdirərək, təkcə Amerika firmalarının məhsullarına deyil, həm də onların xaricdəki filiallarının və xarici şirkətlərin Amerika lisenziyaları ilə istehsal etdiyi avadanlıqlara qoyulan qadağanı genişləndiriblər. Amma bu qərar ABŞ və onun Qərbi Avropadakı müttəfiqləri arasında mübahisələrə səbəb olub. 1982-ci ilin iyul-avqust aylarında Qərbi Almaniya, Fransa, İngiltərə, İtaliya hökumətləri Amerika sanksiyalarını qeyri-qanuni elan edərək öz istehsalçılarını dəstəkləyiblər. 1982-ci ilin avqustunda Avropa şirkətləri SSRİ-yə neft və qaz avadanlıqları verdikdən sonra, bu dəfə ABŞ onlara qarşı da xüsusi sanksiyalar tətbiq edib.
Statistika göstəricilərinə görə 1979-cu ildə SSRİ ilə ABŞ arasında ticarətin həcmi 2 milyard 837 milyon rubl olduğu halda, 1980-ci ildə həmin məbləğ təxminən iki dəfə azalaraq 1 milyard 502 milyon rubl təşkil edib.
1981-ci ilin dekabrında ABŞ prezidenti Ronald Reyqan növbəti bir sanksiya tədbiri ilə “Aeroflot”un Amerika hava məkanında uçuşunun qadağan olunacağını elan edib. Bu tədbir 1982-ci il yanvarın 5-də qüvvəyə minib.
1979-cu il ABŞ Kənd Təsərrüfatı Departamenti 1980-ci il üçün SSRİ-yə 17 milyon ton taxıl satmağı haqqında qərar qəbul edib. 1980-ci il yanvarın 4-də sovet qoşunlarının Əfqanıstana daxil olmasına cavab olaraq ABŞ 17 milyon ton taxılın SSRİ-yə satılması ilə bağlı müqaviləyə xitam verildiyini elan edib.
1980-ci ilin yanvar ayında Ağ Ev sanksiya tədbirlərinin davamı kimi dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Sovet İttifaqı başa düşməlidir ki, davamlı təcavüzkar hərəkətlər olimpiya oyunlarına gəlmək istəyən idmançıların iştirakını şübhə altına alacaq və bu müraciətlə dünya ölkələrini Moskvada keçiriləcək olimpiya oyunlarını baykot etməyə çağırıb. Yanvarın 25-də ABŞ Milli Olimpiya Komitəsi Moskva olimpiadasının boykotunu təsdiqləyib. Baykota dünyanın 60-a yaxın ölkəsi qoşulub.
ABŞ-ın SSRİ-yə tətbiq etdiyi bu və digər sanksiyaları bütövlükdə dəstəkləyən yalnız İngiltərə olub. Bir sıra Avropa ölkələri orta mövqe tutmaqla özlərini yarana biləcək beynəlxalq qarşıdurmalardan sığortalaya biliblər.
Sanksiyalar müvəqqəti xarakterli olsa da, ümumilikdə fəsadları SSRİ üçün ağır olub. Bu da bir faktdır ki, SSRİ-ni uçuruma aparan, iqtisadiyyatına ağır zərbələr vuran, süquta yaxınlaşdıran səbəblərdən biri də Əfqanıstana xərclənən milyardlar və eyni zamanda bunun fonunda tətbiq olunan sanksiyalar olub.
İlham Cəmiloğlu, Musavat.com