Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Casus hərbçidirsə, komandiri də məsuliyyət daşıyır, yox, əgər deyilsə...”


Polkovnik: “Düşünürlər ki, müasir texnologiyalardan yararlanmaqla casusluq edəcəklər və heç kəsin bundan xəbəri olmayacaq”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xəbər verdiyi kimi, Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxs həbs edilib. Məlumata görə, Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində DTX tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir.

"Başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib. Aparılmış araşdırmalarla Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib", - deyə rəsmi məlumatda vurğulanır.

Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

44 günlük Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də düşmənə casusluq edənlər olmuşdu. Qeyri-rəsmi məlumatlara görə, həmin vaxt ermənilərə "işləyən" bir çox azərbaycanlı hüquq-mühafizə orqanları tərəfindən tutulub. Görünür, yenə də ölkənin maraqları əleyhinə düşmənlə işbirliyində olan şəxslər mövcuddur. Ekspertlər isə qeyd edirlər ki, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində digər ölkələrin kəşfiyyat qurumları tərəfindən ələ alınan, "verbovka" edilən şəxslər olub, var və olacaq. 

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov baş verənlərlə bağlı AYNA-ya şərhində deyib ki, DTX-nın gördüyü iş və keçirdiyi peşəkar əməliyyatlar təqdirəlayiqdir: “Düşmənə casusluq edən vicdansız və şərəfsizlər hələ də qalıb və təhlükəsizlik orqanları bunları yaxalayır. Onlar cəmiyyətdən təcrid edilməlidirlər ki, bu proses həyata keçirilməkdədir. Ümumiyyətlə, casusluq hər zaman olub. Xarici xüsusi xidmət orqanları bəzi zəif iradəli, müəyyən maraqlara satıla bilən adamları tapır, öz orbitlərinə ala bilirlər. Bu şəxslər aşkarlandığı şəkildə ən sərt formada cəzalandırılmalıdırlar və cəzalandırılırlar".



"Vətənə xəyanət edənlər unutmamalıdırlar ki, bunun ağır cəzasını çəkəcəklər. Çox istərdim ki, bu cür əməllər cəmiyyətə açıqlanması mümkün olan formada açıqlansın. Maarifləndirmə aparılmalıdır ki, potensial xainlər anlasınlar ki, xəyanətin cəzası ağır olacaq. Kimlərsə fikirləşə bilər ki, müasir texnologiyalardan istifadə edərək belə əməlləri törədəcək və bundan heç kəsin xəbəri olmayacaq - bu, yanlışdır. Hər kəs bilməlidir ki, hüquq-mühafizə orqanlarının casusları tezliklə aşkara çıxarmaq üçün bütün vasitələri var", - deyə polkovnik vurğulayıb. 

Cəfərovun sözlərinə görə, Ermənistana, yaxud da digər xarici dairələrin xüsusi xidmət orqanlarına casusluq edənlər vətənə xəyanət etməklə yanaşı, şəhidlərimizin ruhuna hörmətsizlik edirlər: "Cinayət əməli ilə yanaşı, eyni zamanda, xalqa hörmətsizlikdir. Belə yaramazlar ifşa edilməli və cəmiyyətə tanıdılmalıdır. Qoy digərlərinə də görk olmalıdır, ictimai qınağa çəkilməlidir. Xalqın nifrəti üzərlərində olmalıdır ki, potensial xainlər bu yoldan çəkilsinlər".

"Əgər casusluq edən hərbçidirsə, günahın bir qismi də komandirindədir. Ola bilər ki, komandir ya zəif olub, nəzarəti lazımınca edə bilməyib, ya da komandirin özünün də casusluqda iştirakı olub. Nəzarətsizlik olub və hərbçi casusluq edibsə, onun komandirləri məsuliyyətə cəlb edilməlidir. Yox, bu, mülki adamdırsa, sadəcə hərbi ilə bağlı məlumat əldə edib onu düşmənə satıbsa, bunlar araşdırılmalıdır. İnanıram ki, araşdırılır, lazımi qiymət verilir", - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10