Azərbaycan parlamentində 7 seçki dairəsinin namizədi təmsil olunmur.
Mərkəzi Seçki Komissiyanın (MSK) bu gün keçirilən iclasında Milli Məclisin üzvü Şahin Seyidzadənin öz ərizəsi əsasında deputat səlahiyyətlərinə xitam verilib.
Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından imtina etmişdi.
MSK-nın bugünkü qərarından sonra Milli Məclisdə ümumilikdə 7 deputat yeri boşalıb.
Xatırladaq ki, 2020-ci ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seçkilərində MSK qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.
Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.
Bununla bərabər, 116 saylı Qəbələ seçki dairəsinin deputatı Fəttah Heydərov vəfat etdiyindən həmin dairənin də parlamentdə təmsilçisi yoxdur.
Son olaraq, 55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimovun həbs edilməsi və törətdiyi cinayət faktının Apelyasiya Məhkəməsi tərəfindən təsdiqi ilə onun deputat səlahiyyətlərinə də xitam verilib.
Beləliklə, hazırda Milli Məclisdə 7 deputat yeri boşdur və bununla bağlı həmin dairələrdə təkrar seçkilərin keçirilib-keçirilməyəcəyi sual altındadır./modern.az