“İcra Hakimiyyətləri korrupsiya faktlarından heç vaxt tam təmizlənməyəcək. Çünki bu qurumlar xüsusilə indiki idarəçilik sistemində lazımsız, əlavə strukturdur. Dəfələrlər biz şahidi olmuşuq ki, mərkəzi nazirliklərlər, yaxud da onların şöbələriylə İcra Hakimiyyətlərinin davasıdır”
Bunu açıqlamasında Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev İcra Hakimiyyətlərindəki korrupsiya faktları haqda danışarkən deyib. A.Əliyev ölkə başçısı tərəfindən təyin edilən xüsusi nümayəndələrin idarəçilikdə daha faydalı ola biləcəyini deyib:
“İcra Hakimiyyəti artıq bir struktur olduğu üçün korrupsiyaya həddən artıq meyilli bir strukturdur. Öz mahiyyətinə görə də əvvəlcədən elə olub. Ona görə də mən heç bir variant görmürəm ki, onların hansısa bir formada reanimasiya etmək və sağlamlaşdırmaq mümkün olsun.
Prezident ölkəni iqtisadi zonlara böldü və bu zonalardakı nümayəndəliklər daha uğurlu və effektiv şəkildə bütün İcra Hakimiyyətlərinin işlərini görə bilər. Balaca bir ölkənin belinə 72 İcra Hakimiyyəti yükləmək və onları yedizdirmək vəzifəsini boynuna qoymaq heç kəsə də lazım deyil. Doxsan faiz icra başçıları yerlərdə özlərini yerli xanlar kimi aparırlar, rayona öz mülkiyyəti kimi baxırlar. Ona görə də görmürəm ki, biz hansısa formada İcra Hakimiyyətlərini sağlamlaşdırmaq üçün mübarizəyə qalxmalıyıq və sair. Bir sözlə, onları ləğv etmək lazımdır. Həm vəsait xərclənməz, həm əhalinin canı qurtarar, həm də ki, effektiv idarəçilik mexanizmi tətbiq edərik. Bir çox ölkələrdə onların bir rayonu ərazimiz boydadır, ora bir rəhbər qoyurlar və normal da işləyirlər”.
Vasif Əlihüseyn/moderator.az