Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti – “Mixaylo”nun qadınlarla dolu həyatı


Xalq artisti Nodar Şaşıqoğlu haqqında maraqlı faktları təqdim edirik.

Nodar İzzət oğlu Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Türk əsilli babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.
***

İzzət Şaşıqoğlu birinci və ikinci dərəcəli "Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi karyerası olub, Rusiyada vətəndaş müharibəsi gedən zaman istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağ qvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin repressiyalarından onu xilas edən də elə bu fakt olub

***
Nodar Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5-6 il Taqanka Teatrında çalışıb.
Gallery
İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb.
***
Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütməyib. Deyirmiş ki, əsil oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş. Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi. Bu yerdə ağıla nənələrin bir fikri gəlir - qanında o qədər millətin qarışığı olan adam bir yerdə otura bilər? Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən, ya haradansa şikayət gəlməsin.
***
On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil", - deyir. Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-studiyası məktəbinə imtahan verir. Belə ehtiyatlı iş tutur ki, heç olmasa, birinə qəbul olunsun. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı türk, yarı qafqazlı oğlan... Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Nəticədə 12 fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.
***
Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Amma bu vaxt ərzində evlənməyə də vaxt tapır. Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxır.
Gallery
Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb.
***
Kinorejissor Rəşid Atamalıbəyov Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş. Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona “Uzaq sahillərdə” filmindəki Mixaylo rolu üçün əsl tapıntı olduğunu deyib. Şirinikləndirici təklif idi, amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşır.
***
Mixaylo rolu üçün isə onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Onda güclü komizm vardı. Mehdi Hüseynzadə rolu isə cidd simalı aktyor axtarırdı.
***
“Uzaq sahillərdə” filminin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstdə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər. Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər. Nodar Şaşıqoğlu bu şöhrətdən qorxmurdu. Küçələrdə piyada gəzməkdən çəkinmirdi.
***
"Mən "Uzaq sahillərdə” filmində çox böyük zəhmət çəkmişdim. Bu film bir neçə nəsli tərbiyə edib. Özümü tərifləmirəm, cavan bir oğlanın ağır bir rolu peşəkarcasına necə oynadığına həmişə təəccüblənirdim. Bu film Azərbaycan kinosu tarixində tamamilə başqa səhifədir və artıq kulta çevrilib” - deyə qürurunu gizlətmirdi. "Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xasiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kəşfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami” kinoteatrında keçirildi. "Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə etdi. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardılar. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu”.
Gallery

Nodar Şaşıqoğlu "Uzaq sahillərdə” filmindən sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun böyük ürəyi”, "Bizim küçə”, "Leyli və Məcnun” filmlərinə çəkilir. "Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən, deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən çox razı qalmışam” - deyə xatırlayırdı.
***

Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşadı. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Ona Bakıda dövlət ev vermişdi. Bakının iki Mixaylosu vardı - biri müharibədə həlak olan, biri Nodar Şaşıqoğlu.
***

Filmin bəzi kadrlarının şəkilişi üçün Yaltada uzun müddət yeraltı tunel qazılıb. Mixaylo ilə Veselin də o dəhlizdə suyun içərisi ilə getməli idilər. Özü də filmdə “çimmək” səhnəsi varsa, bu səhnələr tərslikdən qış aylarında çəkilir:
“Hər dubldan sonra bizə 100 qram “cəsarət içkisi” verirdilər. Sonra yenidən başımıza qar yağa-yağa, buz kimi gölməçəyə girirdik”, deyə aktyor xatırlayır.
***
Şahin Qalbəylinin sözlərinə görə, filmdən sonra Nodar Şaşıqoğlu o qədər populyarlıq qazanır ki, şöhrət onun həyatını da məhv edir:
“Bu filmdən sonra onda qadınlara qarşı düşkünlük yaranmışdı. O qədər pərəstişkarları vardı ki, hamısı ilə də münasibət qururdu. Hətta Tibilisinin küçələrində gəzə bilməmişdi. Ən azı 10 qadınla evlənib-boşanıb.
Nodar Şaşıqoğlu mərhum Heydər Əliyevlə çox yaxın olub. Axırıncı qadınla boşananda Heydər Əliyevə zəng edib. Heydər Əliyev ona deyib ki, “ya evlənmə, ya boşanma, ya da boşanandan sonra evi növbəti qadına vermə”.
Gallery
Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıqoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.
Ancaq Nodar bu haqda belə yazır: “Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi. Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”.
***
Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlərini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur, alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilirdi.
***
Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənirlər. Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı "baş rol"da oldu. Vəzifəli şəxslər tərəfindən Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu bir rola dəvət etsinlər. Məsələn, "Dədə Qorqud" filmində baş rola çəkilməli imiş. Həmin adam siyahıda onun adının üstündən qalın bir xətt çəkir, üstəlik Tofiq Tağızadəyə də gözlərini ağardır.
Gallery
"Leyli və Məcnun" filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Azərbaycanın o vaxtkı əməkdar artisti Nodar Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə götürülür. Yenicə Məcnun rolundan çıxmış aktyor teatrda ilk dəfə Don Juanı oynayır. Lakin onu bu teatrdan üç dəfə xaric ediblər. Sonra yenə teatra qəbul etdilər. Xaric olmağının səbəbi isə tez-tez fərdi yaradıcılıq səfərlərinə çıxmağı, “xaltura” ilə məşğul olmağı idi. Həm pul qazanmalı idi, həm də yeni münasibətlər axtarırdı, darıxırdı.
***
Sağlığında kişilərə belə də məsləhətlər verib: "Həyatda həmişə Don Juan olmuşam. Amma mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Görün, məcnunluğuma nələri qurban verdim?.. Mən bütünlüklə Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum. Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol səfərləri ilə neçə ildən bir bura gəlirdim. Qastroldan savayı, bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xasiyyətimdə qala-qala".
***
Xasiyyətindən özü də şikayətçi olub. Növbəti dəfə ailəsindən ayrılır. Onun üçün öz ərini, hər şeyini qoyub gedən xanımına evini verib çıxır. Bakıdakı mənzilini isə onun atasına bağışlayır.
***
Azərbaycan teatrını da çox sevirdi. Bütün filmlərdə onun səsi olan Əli Zeynalov və özü xasiyyətində olan Eldəniz Zeynalovla dostluq edərdi. Hər ikisinin dəfnində də Bakıya gəlib. Barat Şəkinskayanı sevərdi, hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsəyib ona - "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib.
Gallery

Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız olur, evlənirlər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır.
***
Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib: "Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim", - deyir.
***
Bakıya qayıdandan sonra ona bağışlanan son mənzilində uzun müddət xəstə yatır. Moskvadan dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalır. Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi uşaq Nodar Şaşıqoğlu onların anasını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib. Nodar Şaşıqoğlu 2013-cü il aprelin 12-də Bakıda vəfat edir./kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10