Qərbin tətbiq etdiyi sanksiyalar və hava məkanının bağlanması Rusiyada mülki aviasiya sahəsini sürətlə çökdürməkdədir.
İndi heç daxili reyslərdə də uçuşlar praktiki olaraq yoxdur, Moskvanın bir vaxtlar adam əlindən tərpənmək mümkün olmayan Şeremetyovo aeroportunda isə “Boeng” yox, milçək səsi eşidilir.
CNN telekanalı qeyd edir ki, Rusiyanın iri aviaşirkətləri indi praktiki olaraq dünyanın böyük hissəsindən təcrid olunublar. Xəbər verildiyi kimi, “Aeroflot” və digər əksər hava yolları şirkətləri Rusiyadan xaricə bütün uçuşları dayandırıb, çünki təyyarələrin müsadirə olunması riski var. Cəmi bir neçə kiçik aviaşirkət Yaxın Şərq ölkələrinə və Türkiyəyə ara-sıra reyslər həyata keçirə bilir. ABŞ və Avropa İttifaqının sanksiyaları həm də onu nəzərdə tutur ki, “Boeing” və “Airbus” şirkətləri daha Rusiyaya təyyarələr üçün ehtiyat hissələri verməyəcəklər. Bu, reaktiv mühərriklərin istehsalına da aiddir.
Bundan əlavə Rusiya aviaşirkətlərinin parkında yer alan 900-a yaxın sərnişin təyyarəsinin 720-yə yaxını lizinq şirkətlərinin mülkiyyətindədir və onları ayın sonuna qədər geri vermək lazım gələcək. “Bir il sonra Rusiyada aviadaşımalar sahəsi həyat qabiliyyətli biznes sahəsi olaraq ortadan qalxacaq”, -“AeroDynamic Advisory” şirkətinin direktoru Riçard Abulafiya CNN-ə bildirib.
Onun mövqeyinə görə, Rusiyada aviadaşıma sahəsi haradasa Şimali Koreya səviyyəsinə enəcək. Vaşinqtondakı Atlantik Şurasının geoiqtisadiyyat Mərkəzinin direktor müavini Çarlz Liçfild isə qeyd edib ki, aviasiyasə sahəsi Rusiya iqtisadiyyatının mühüm sahəsidir. Ona görə də bu çöküş çoxsaylı iş yerlərinin və gəlirin də itirilməsi deməkdir.
Rusiyalı sosial şəbəkə istifadəçiləri isə bu günlərdə Moskvanın Şeremetyevo aeroportunda hökm sürən vəziyyət barədə videolar paylaşırlar. Bu videolara əsasən aeroportun qarşısında avtoparkinq tamamilə boşdur, ərazidə tək-tük adam gözə dəyir.
Qeydiyyat masalarının heç biri işləmir, mühafizəçilər bekarçılıqdan darıxır. Aeroportdan bir dənə də olsun təyyarə havaya qalxmır, o cümlədən daxili reyslər dayandırılıb. Sosial şəbəkə istifadəçiləri aerportda hökm sürən vəziyyəti qiyamət günü ilə müqayisə edirlər.
“Mən indi Şeremetyevo aeroportundayam, Rusiyanın ən iri aeroportunda. Amma təkəm, heç kim yoxdur. Əladır!”, – sosial şəbəkə istifadəçilərindən biri paylaşdığı videoda bildirir.