Deputat: “Proses Rusiya bazarına sarsıdıcı zərbələr vuracaq”
Ekspert: “10 milyon insan işsiz qalacaq, üstəlik də dünyadan təcrid var”
Məlum olduğu kimi, beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər Rusiya bazarını təkr edib. Onların arasında BP, “Shell”, “Coca-Cola”, “FedEx”, “Zoom”, “SnapChat”, “Nestle”, “Dell Technology”, “Disney”, “Nokia”, “Ericsson”, “Oracle”, HP, “Honda”, “Mazda”, “Mercedes-Benz”, “Volvo”, “General Motors”, “Buick”, “Cadillac”, “Chevrolet”, “Volkswagen” “Skoda”, “Lamborghini”, “Bentley”, “Ducati”, GMC, “Audi”, “Bolt”, “Boeing” və digər nəhəng markalar yer alır. Ümumi olaraq Rusiya bazarını tərk edən beynəlxalq şirkətlərin sayı yüzlərlədir.
Bu qərar onların fəaliyyətinə və Rusiya iqtisadiyyatına nə kimi zərbələr vuracaq? AYNA mövzunu ekspertlərlə müzakirə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, qlobal brendlərin və şirkətlərin ölkəni tərk etməsi Rusiya bazarına sarsıdıcı zərbələr vuracaq: “Əvvəla onu deyim ki, dünya tarixində heç vaxt bir ölkəyə qarşı bu qədər sanksiyalar tətbiq edilməyib. Buna qədər ən çox sanskiyalar İrana qarşı olub və onun da miqyası Rusiya ilə müqayisədə çox kiçikdir. Beynəlxalq brendlərin və şirkətlərin kütləvi şəkildə bir ölkəni tərk etməsi ilk belə haldır”.
“Moskva tarixdə heç zaman olmadığı qədər təzyiqlərlə üzləşib. Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb. Bütün bunlar deməyə əsas verir ki, ABŞ və Avropa Rusiyaya qarşı mövqeyində qətiyyətlidir və yəqin ki, bu sanksiyalar hələ uzun müddət davam edəcək. Rusiya çox pis dövrə qədəm qoyub və əsas strateji məhsullarını ixrac edə bilmir”, - deyə deputat bildirib.
Həmsöhbətimiz Rusiyaya qarşı sanksiyalardan ABŞ və Avropa bazarlarının da təsirlənəcəyini deyib: “Sözsüz ki, Rusiya dünyanın ən böyük dövlətlərindən biridir və bu ölkədə iqtisadi sistemin iflic olması dünya bazarına da təsirsiz ötüşməyəcək. Amma dünya bazarının bundan itirəcəyi daha az olacaq, nəinki Rusiyanın. Təsəvvür edin ki, Rusiyanın dünyanın maliyyə bazarlarına çıxışı yoxdur, qarşılıqlı ticarət səviyyəsi minimuma enib, əksər dövlətlərlə aviasiya əlaqəsi kəsilib, hökumət büdcə vəsaitlərini müharibəyə yönəldir. Bunun bir müddət sonra hansı ağır nəticələrə gətirib çıxaracağını hesablamaq üçün iqtisadçı olmağa da gərək yoxdur. Oranı tərk edən qlobal brendlər demokratiyaya dəstək verdiklərinə görə, əldə etdiyi müsbət reputasiyanın hesabına Rusiyadakı itkilərini kompensasiya edəcəklər”.
“Bir müddət sonra Rusiyada kütləvi işsizlik hökm sürəcək. İqtisadiyyat defolt vəziyyətinə düşəcək. Bunun qarşısını almaqda isə rus hökuməti aciz qalacaq. Hələ bu sanksiyalar yenidir. Bir müddət sonra əhali bunun təsirlərini öz gündəlik həyatında hiss edəcək. Hətta Rusiya Ukraynaya qarşı hücumları dayandırsa belə, sanksiyalar tam aradan qalxmayacaq” , - deyə Əhmədov vurğulayıb.
İqtisadçı ekspert Natiq Cəfərli də düşünür ki, qlobal brend və şirkətlərin Rusiya bazarını tərk etməsi ağır nəticələr doğuracaq: “Məsələn, beş milyon insan işsiz qalacaq. Ümumi olaraq Rusiya bazarını tərk edən brend və şirkətlərin əməkdaşlarının sayı beş milyondur. Yəni, bu qədər insan həmin şirkətlərin Rusiyadakı nümayəndəliklərində fəaliyyət göstərir. Lakin elə beynəlxalq şirkətlər də var ki, onlar Rusiyanın müxtəlif şəhərlərində distributor və dilerlərlə çalışır. Onların da sayı az deyil. Qlobal brendlərin ölkəni tərk etməsindən sonra həmin rus şirkətləri də fəaliyyətsiz qalacaq. Təxmini hesablamalar onu deməyə əsas verir ki, onların da sayı beş milyon civarındadır”.
“Təsəvvür edin ki, əmək qabiliyyətli 10 milyon insan beynəlxalq sanksiyalar nəticəsində öz işini itirəcək. Digər yandan beynəlxalq maliyyə bazarlarına çıxışın olmaması, müharibə nəticəsində xərclərin artması, Rusiya ilə hava yolları əlaqələrinin kəsilməsi, günü-gündən artan sanksiyalar ciddi işsizliyə və sosial fəlakətə gətirib çıxaracaq”, - deyə müsahibimiz qeyd edib.
Ekspert düşünür ki, Rusiya sonu məlum olmayan bir yola çıxıb: “Kreml anlayır ki, Ukraynaya qarşı hücumları nəticəsində tətbiq edilən beynəlxalq sanksiyalar bir müddət sonra sosial partlayışa səbəb olacaq. Bu baxımdan daxildə repressiv meylləri gücləndirməyə, insanları xof altında saxlamağa çalışır. Bu məqsədlə qanunlarda belə, mürtəce dəyişikliklər edir, əhalinin etiraz ruhunu önləmək üçün müxtəlif üsullardan yararlanır. Bununla yəqin ki, kütləvi etirazların qarşısını bir müddət ala biləcək. Lakin bu, uzun sürməyəcək. Əhali görəndə ki, dünyadan təcrid olunub və artıq normal qidalanmaqda də əziyyət çəkir, bütün Rusiya şəhərlərini etirazlar bürüyəcək. Əslində ABŞ və Avropanın məqsədi də sanksiyalar yolu ilə Putinin daxildə dayaqlarını sarsıtmaqdır”.
Cəfərlinin fikrincə, Rusiya Ukraynaya qarşı hücumları dayandırsa belə, Qərbin sanksiyalarından yayına bilməyəcək: “Çünki ortada suveren bir ölkənin ərazi bütövlüyünün pozulması, çoxlu sayda itkilər var. Yəqin ki, bu dəfə Rusiyaya güzəşt olmayacaq və şimal qonşumuzu qarşıda ağır fəlakət gözləyir. Bütün bunlarla yanaşı, hadisələrin gedişatı ilə bağlı qəti proqnoz vermək çətindir”.
Müəllif: Azər Niftiyev