Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyadakı yüz milyonlarımızı itirə bilərik – Yarısı zatən yoxa çıxıb


ARDNF-in Rusiyadakı aktivlərinin aqibəti necə olacaq?

Rusiyadakı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Rusiya fond bazarına və daşınmaz əmlak bazarına yatırılan vəsaitlərinin gələcəyini sual altında qoyur. Ötən həftənin sonuna yaxın Fonddan müharibənin Rusiya Federasiyasındakı aktivlərə təsirindən çox səthi şəkildə açıqlama verilib. ARDNF qlobal iqtisadiyyat, geosiyasət və maliyyə bazarlarında baş verən hadisələri yaxından izlədiyini bildirib. Deyilib ki, Fond investisiya portfeli üçün mümkün riskləri dərindən öyrənir və müvafiq qərarlar qəbul edir.

“Son hadisələr beynəlxalq birjalara və Rusiya Federasiyasının maliyyə bazarlarına təsir edir. Biz qısamüddətli, amma böyük dalğalanmalar görürük”, - deyə qurumdan qeyd olunub.

Və bizi arxayınlaşdıran məlumat verilib: “Dövlət Neft Fondunun yüksək diferensiallaşdırılmış qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin həyata keçirilməsinə uyğundur. O, bir sıra əsas riskləri, o cümlədən geosiyasi riskləri nəzərə alır və belə şoklardan sığortalanmağı bacarır. İnvestisiya portfelinin təxminən 80%-i aşağı volatilliyə malik və yüksək likvidli sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir. Səhmlərə investisiyalara gəlincə, bunlar təkcə VTB səhmləri deyil, dünyanın 1600 ən böyük şirkətinin səhmləridir”.

“Buna görə də vəsaitlərin həcmindəki dəyişiklik, o cümlədən gəlirlilik göstəricisi ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində qiymətləndirilir. Bu barədə ətraflı məlumat Fondun fəaliyyətinin dair rüblük və illik hesabatlarında öz əksini tapıb”, - deyə ARDNF-dən vurğulanıb.

Ümumilikdən konkretə keçsək, ictimaiyyət ARDNF-in Rusiya aktivləri ilə bağlı riskləri ilə maraqlanır. Burada xatırlatmaq yerinə düşər ki, Fondun 2012-ci ildə təsdiq edilmiş yeni investisiya siyasətinə əsasən, onun investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətləri daxildir. Bu kontekstdə Fond Rusiya bankı VTB-nin səhmlərinin təxminən 3%-ni alıb, onlara 500 milyon dollar sərmayə qoyub. Bundan əlavə, həmin il ARDNF Moskvanın Tverskaya 16 ünvanında yerləşən biznes mərkəzində yerləşən “Akter Gallery” ofisini və ticarət mərkəzini 133 milyon ABŞ dollarına alıb. Ümumilikdə 633 milyon dollar vəsait xərclənib.

Maraqlıdır ki, 10 ildən sonar - 2021-ci ilə kimi Rusiya Federasiyasının səhm və daşınmaz əmlak bazarlarına vaxtilə yatırılmış 633 milyon dollardan ARDNF-in Rusiyada cəmi 270 milyon dolları qalıb. İtkiləri pandemiya ilə izah etmək olar, lakin hələ 2019-cu ilin oktyabrına olan rəsmi məlumatlara görə, ARDNF-in Rusiyadakı aktivlərindən 298 milyon dollar qamışdı.

İqtisadçı ekspert Nemət Əliyevin AYNA-ya şərhinə görə, indiki çətin vəziyyətdə yerdə qalan 270 milyonun gələcəyi də sual altındadır: “Biz bu vəsaitin böyük hissəsini də itirə bilərik”.

Bu arada, Azərbaycanın suveren fondunun vəsaitlərinin səhmlərinə yatırıldığı VTB Rusiyada sanksiyalar altında olan sistem əhəmiyyətli banklardan biridir. ABŞ-ın ən sərt sanksiyaları VTB, “Sovcombank”, “Novikombank”, “Otkritie” və “Promsvyazbank”a qarşı tətbiq edilib.

Çərşənbə günü səhər saatlarında məlum olub ki, Avropa İttifaqı martın 12-dən sanksiyalara məruz qalan Rusiya banklarına SWIFT xidmətlərinin göstərilməsinə qadağa qoyub. Qərar VTB, “Bank Rossiya”, “Otkritie”, “Novikombank”, “Promvyazbank”, “Sovcombank” və VEB.RF-ə aiddir.

Rusiya Federasiyasının fond bazarı, mübaliğəsiz, rusiyalı analitiklərin fikrincə, böhranın ən aktiv mərhələsindədir. Həmçinin qeyd edilir ki, sanksiyaların nəticəsində daşınmaz əmlak bazarında ciddi korreksiya ola bilər. Ortamüddətli perspektivdə daşınmaz əmlak bazarında uzun müddət durğunluq müşahidə oluna bilər.

Müəllif: Tanya Samsonova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10