Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova onun son günlərdəki fəaliyyətilə bağlı sosial şəbəkələrdə və mediada yayılan tənqidlərə cavab verib. Öz fəaliyyətini yüksək qiymətləndirən(!) Elmira xanım bu çətin günlərdə səfirlik olaraq əllərindən gələni etdikləri, səfirliyin “Qaynar xətti”nin 24 saat işlədiyi və s. barədə danışıb. Hansı ki, Ukraynadakı azərbaycanlıların böyük əksəriyyəti bunun tam əksini deyirlər...
Hər necə olsa, Elmira xanım Bakıdadır. Onun xanım olduğunu, səhhətilə bağlı problemlər yaşadığını, həyatına real təhlükə yaranmasının mümkünlüyünü və s. nəzərə alaraq, öz postunu tərk edib Azərbaycana gəlməsinə dair hansısa irad bildirmək doğru olmaz. Ancaq Elmira xanımın yayımladığı mətndə onun fəaliyyətilə bağlı Ukraynadakı azərbaycanlıların tənqidləri qarşısında özünü yox, həmvətənlərimizi borclu çıxarması, yumşaq desək, təəccüb doğurur. Ən mənfi və hətta hiddət doğuran məqam isə Axundovanın Ukraynadakı azərbaycanlıları az qala fərarilikdə və saxtakarlıqda ittiham etməsidir.
Sözügedən mətndə səfir Ukraynada yaşayan azərbaycanlıları nəzərdə tutaraq, deyir: “Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib”. Fikir verin, bunu Ermənistanın, yaxud hansısa bizə dost olmayan digər ölkənin yox, Azərbaycanın(!) Ukraynadakı səfiri deyir. Üstəlik, bu müraciət rus dilində də yayımlanır. Deməli, bu mətn təkcə azərbaycanlılar üçün deyil. Bu, azərbaycanlıları aşağılamaq, onları qorxaq, fərari, saxtakar kimi təqdim etmək və bunu dünyaya car çəkmək deyilmi? Axı, bunu Ukrayna mətbuatı da, Ukraynanın Azərbaycandakı səfirliyi də görür, oxuyur. Azərbaycanın istər Ukrayna, istərsə də sivil dünya ilə münasibətlərinin imtahana çəkildiyi vaxtda belə bir bəyanat nəyə, kimlərə xidmət edir görəsən?
Ukraynadakı azərbaycanlıların bu cür təqim edilərək, gözdən salınması cəhdi bəlkə də heç Ermənistan səfirinin belə ağlına gəlməzdi. Hazırda Ukrayna Ordusunda və özünümüdafiə dəstələrində Ukrayna vətəndaşı olan yüzlərlə, bəlkə də daha çox azərbaycanlı döyüşür. Həmçinin, Azərbaycanda Ukraynanın haqlı mövqeyini müdafiə edən kütləvi aksiyalar keçirilir, insanlarımız işğala məruz qalmış ölkəyə, xalqa əlindən gələn yardımı göstərməyə çalışır, mənəvi və maddi dəstək verir.
Bütün bunları görmək və demək əvəzinə öz yarıtmaz fəaliyyətinə haqq qazandırmaq üçün az qala bütün həmvətənlərimizi şərləmək, hansısa neqativ bir hadisəni (əgər olubsa-red.) bütün millətin adına ləkə kimi yaxmaq, xalqın, millətin dəstəyini, zəhmətini yerə vurmaq cəhdi Azərbaycanı təmsil edən səfirə yaraşırmı?
Bəlkə, dediyi sözün məsuliyyətini, daşıdığı vəzifənin, missiyanın mahiyyətini anlamır? Əlbəttə ki, anlayır! Bunun üçün kifayət qədər yaşı, savadı və təcrübəsi var. O zaman istər-istəməz bu fikirlərin məqsədli şəkildə söyləndiyi təsəvvürü yaranır. Belə olan halda isə sual meydana gəlir: Elmira Axundova hansı ölkənin, hansı xalqın, bir sözlə, kimin səfiridir?
C.Məmmədov
Azpolitika.info