DİN isə deyir ki, intihar edib. Prokurorluq isə ölüm həddəni çatdırmaq maddəsi ilə cinayət işi açıb
Astara polisində ölü tapılan Bəhram İmamverdiyevin anası Bonu İmamverdiyeva iddia edir ki, oğlu Astara polis şöbəsində işgəncə ilə öldürülüb.
Daxili İşlər Nazirliyi bu iddianı rədd edir, hər hansı işgəncə faktı olmadığını bildirir.
Baş Prokurorluq istintaq başladığı üçün təfərrüata varmır, – qurumun mətbuat xidmətindən BBC Azərbaycancaya yalnız onu deyiblər ki, özünüöldürmə həddinə çatdırma ilə bağlı cinayət işi açılıb.
“Dedilər ki, oğlunun cibində beş büküm nəşə var”
BBC Azərbaycancaya danışan Bonu İmamverdiyeva deyir ki, oğlu Bəhram İmamverdiyev fevralın 14-də axşam saatlarında polis tərəfindən saxlanıb. Mərhumun anası bildirir ki, səhəri gün oğlunun polis şöbəsində olduğunu öyrənib ora gedib.
Bonu İmanverdiyevanın sözlərinə görə, orda ona oğlunun narkotik vasitəyə görə saxlandığını və sabah gəlib oğlunu aparmasını söyləyiblər:
“Polisdə mənə dedilər ki, oğlunun cibində beş büküm narkotik vasitə tapılıb”, – Bonu İmamverdiyeva bildirir. O düşünür ki, oğlunun 5 “nəşə bükülüsünü” cibinə qoyub küçəyə çıxması inandırıcı deyil. Bonu İmamverdiyeva əlavə edir ki, “oğlu üçün aldığı çörəyi və siqareti ona verməyə qoymayıblar, nə də özü ilə görüşməyə icazə veriblər”. O deyir, polis şöbəsində olanda təcili tibbi yardım maşını dayandığını görüb, amma həkimin oğlu üçün gəldiyini güman etməyib.
“Polisdə dedilər ki, get evə, sabah səhər gəlib uşağını apararsan. Mənə 3 kağız verib qol çəkdirib evə göndərdilər. Latın əlifbasında oxuya bilmədiyimdən, bilmirəm, nə kağızlar idi”, – Bonu İmamverdiyeva əlavə edir. Bonu İmamverdiyeva oğlunun bundan əvvəl də narkotik vasitədən istifadədə şübhəli bilinib saxlandığını deyir.
“İttihamlar əsassızdır, həqiqiətdən uzaqdır və şantaj xarakteri daşıyır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirilib ki, mərhumun anasının ittihamları “əsassızdır, həqiqiətdən uzaqdır və şantaj xarakteri daşıyır”.
“Bəhram İmamverdiyev polis tərəfindən oğurluqda şübhəli bilinərək saxlanıb və bu zaman onun üzərindən oğurluğu sübut edən maddi sübutlarla yanaşı narkotik vasitə olan heroin və həşiş də tapılıb və müsadirə edilib”, – mətbuat xidmətindən bildirilib.
“Məhkəmə tibbi ekspertizası da rəy verib ki, mərhumun meyiti üzərində heç bir xəsarət, qançır, zorakılıq əlamətinə rast gəlinməyib”, – DİN Bəhram İmamverdiyevə işgəncə verilməsi iddiasını rədd edir.
Astaranın Şiyəkəran kənd sakini 30 yaşlı Bəhram İmamverdiyev rayonun polis şöbəsinin müvəqqəti saxlama yerində özünü asıb, polis ötən həftənin sonu açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, özünü öldürmək həddinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb, ancaq istintaq başladığından təfərrüata varmayıb.
PressClub.Az