
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı Xocalı faciəsinin otuzuncu ildönümü haqqında danışarkən deyib. A.Bəşirqızı bir daha dünya ictimaiyyətinin diqqətini bu faciəyə çəkib:
“Çünki haralı olmasından asılı olmayaraq insan deyir, o təşkilatın adını çəkir ki, yeri gələndə mən ora şikayət edərəm. Amma Rusiya və Ukrayna arasında baş verən müharibə bir daha mənim fikirlərimi özüm üçün təsdiq etdi. Özümüz-özümüzə güvənməliyik. Bir balaca yatan qeyrətimiz də oyanmalıdır. 1991-ci ildən bu günə qədər ermənilər heç vaxt Azərbaycana qarşı qətliamları dayandırmayıblar. Sadəcə bunlardan səsinin bərk və az çıxanı olub. Ona görə biz erməniyə qarşı olan münasibətimizi dəyişdirməməliyik. Çünki onlar bizə qarşı dəyişməyəcəklər. Onlar əsrlər boyu türkləri cin, div adlandırıblar, uşaqlarını bununla qorxudublar. Bütün həyatları boyu bizə qarşı törədiləcək təxribatları öz uşaqlarının beyinlərinə yeridiblər. Qarabağ torpağını da həmişə özününki adlandırıblar. Bunlar əldən şey qapan adamlar kimidirlər. Sanki bütün dünya bunlar üçündür. Ona görə də onlara qarşı özləri kimi olmaq lazımdır.
Hər kəsə öz dilində cavab vermək lazımdır. Düzdü, ola bilər sən düşmən qarşısında azsan, zəifsən. Amma az canımızı qurban verməliyik, özümüzü xalq, Azərbaycanı da bir vətən kimi qorumalıyıq və təsdiq etməliyik. Bəsdi, bir-birimizi qınadıq, dəxli olmayan, əlifbanı başdan-ayağa bilməyən adamlardan siyasət soruşduq. Olmaz. Başa düşün ki, olmaz. Belə qonorar olmaz və bu qonorarla çörək yemək olmaz. Hər bir şeyi müzakirəyə və mühakiməyə vermək mümkün olan şey deyil, bunu biz gec-tez qanmalıyıq.
Allah Xocalıda canını verən oğullarımıza, qızlarımıza, uşaqlarımıza, qocalarımıza rəhmət eləsin. Xocalı faciəsi baş verəndə mən Ağdamdaydım, orda meyitlər dəyişdirilirdi, bunları gördükdən sonra səhhətim pisləşdi, xəstələndim. Orda həm də Milli Qəhrəman Əlif Hacıyevin bir tapançayla mübarizə apardığının və qəhrəmancasına şəhid olduğunun şahidi oldum. Bir silahla, tüfənglə döyüşən oğullarımıza Allahdan qəni-qəni rəhmət diləyirəm və onlara deyirəm ki, şəhidlər, biz sizə borcluyuq, ruhunuz qarşısında baş əyirik və bu borcu ödəmək üçün bizə əsrlər lazımdır, bizə möhlət verin!”
Vasif Əlihüseyn