Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xruşşovun süpürgəçi vəzifəsinə layiq bilmədiyi Ukraynanın birinci katibi – Brejnev Melnikova qarşı haqsızlıqlara son qoyub


1942-ci ildə Stalin (Donetsk) vilayət Partiya Komitəsinin ikinci katibi Leonid Melnikov Moskvaya çağırılanda, o, Mərkəzi Komitəyə zəng vuraraq müharibə dövründə vilayətdəki vəziyyətin gərgin olduğunu bildirərək bir neçə gündən sonra Kremlə gələcəyini bildirib. Bu zəngdən sonra Stalinin şəxsi katibi Poskrebışev onunla rabitə əlaqəsinə girib:
  • Siz bu gün axşam saatlarına qədər Stalinin qəbulunda olmalısınız.
Əmr formasında deyilən bu göstərişdən sonra Melnikov hərbi təyyarə ilə Moskvaya uçub.
Stalin dəvətin məqsədini Melnikova bir neçə cümlə ilə izah edib:
  • Poladəritmə zavodlarında daş kömür çatışmır. Biz sizi Karaqanda vilayət Partiya Komitəsinə birinci katib göndəririk. Daş kömür istehsalında plan ikiqat artırılmalıdır. Təyinat müzakirə olunmur. Üç gün ərzində siz Karaqandada olmalısınız.
Melnikov bu gözlənilməz təyinatla bağlı heç bir müzakirə açmasa da, onu narahat edən bir sualla Stalinə müraciət edib:
  • Yoldaş Stalin, axı mən bu vilayətdə yaşayan insanlarla hansı dildə danışacağam? Mən rus dilindən başqa heç bir dili bilmirəm.
  • Bu məsələni həll etmək asandır. Siz əvvəlcə bazara gedərsiniz, bazarda akınlar, yəni xalq nəğməkarları var. Onlar yerli sakinlərlə dil tapmağı sizə öyrədəcəklər.
Beləliklə, üç gündən sonra Melnikov Karaqandada öz vəzifəsinin icrasına başlayıb. Birinci katib Kremlin ona göstərdiyi etimadı doğruldub. İki il bu vilayətdə işlədiyi dövrdə Melnikov bir neçə dəfə ali dövlət mükafatları ilə təltif olunub.

1944-cü ildə Melnikov yenidən Stalin vilayətinə qayıdıb, bu dəfə o, vilayətin birinci katibi vəzifəsinə təyinat alıb.
Nikita Xruşşov Ukraynaya rəhbərlik etdiyi dövrdə Melnikova böyük etimad göstərib, ona xüsusi hörmət və ehtiramla yanaşıb. Müasirlərinin yazdığına görə Xruşşovun ona qarşı bu münasibəti heç də Melnikovun bacarıqlı bir kadr olmasından deyil, Stalinin qorxusundan irəli gəlib. Belə ki, Stalin Melnikovun fəaliyyəti ilə mütəmadi maraqlanıb, Mərkəzi Komitə iclaslarında onun adını müsbət mənada hallandırıb. Yəqin ki, birincinin bu münasibətinə görə Xruşşov Melnikovu Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə əvvəlcə katib, daha sonra ikinci katib vəzifəsinə gətirib. Xruşşov 1949-cu ildə Moskvaya birinci katib gedəndə isə Ukraynanın birinci katibi vəzifəsinə Melnikovun seçilməsinin təşəbbüskarı olub.

1949-cu ildə Ukraynanın birinci katibi vəzifəsinə seçilən Melnikov Stalinin vəfatına qədər bu vəzifəni tutub. Məhz Stalinin vəfatından sonra Xruşşovla Melnikovun münasibətlərində problemlər yaranıb. Hakimiyyətə sahib çıxan Xruşşov Melnikovu kobudluqda, yerli kadrları incitməkdə, Ukraynada yaşayan ayrı-ayrı millətlərin nümayəndələrinə qarşı ayrı seçkilikdə ittiham edib. Bu cür ittihamlar Melnikovun birinci katib vəzifəsindən kənarlaşdırılması ilə nəticələnib.
1953-1955-ci illərdə Rumıniyada SSRİ-nin səfiri vəzifəsində işləyən Melnikov nəhayət, uzun-uzadı müraciətlərdən sonra SSRİ-yə qayıdıb və SSRİ kömür sənayesi müəssislərinin tikinti naziri vəzifəsinə təyin edilib. Əslində, həmin ərəfədə Xruşşovun göstərişi ilə bu nazirliyin səlahiyyətləri minimum dərəcəyə qədər məhdudlaşdırılıb. Melnikov bu vəzifədə olanda da Xruşşovla münasibətləri tənzimləyə bilməyib və sahə ilə bağlı məsələlərin müzakirələrində onların arasında fikir ayrılığı yaranıb.
Xruşşov Melnikovdan  yaxa qurtarmaq üçün onu ümumiyyətlə, Moskvadan uzaqlaşdırmağa qərar verib. Melnikov Qazaxıstana Nazirlər Sovetinin sədr müavini, daha sonra plan komitəsinin sədri vəzifəsinə təyinat alıb.
Kremldə bir sıra dövlət məmurlarının, o cümlədən Leonid Brejnevin Melinikovu bacarıqlı, işini bilən kadr kimi xarakterizə etməsi, Xruşşovdan onu Moskvaya qaytarmaq xahişi heç bir nəticə verməyib. Xruşşov bu təkliflərə bir cümlə ilə cavab verib: “Melnikov Moskvada süpürgəçi işləməyə də layiq deyil...”
Bu fikirləri ilə Xruşşov yaxın illərdə Melnikovu ümumiyyətlə, bütün vəzifələrdən uzaqlaşdıracağını çatdırmaq istəyib.
Amma hər şey heç də Xruşşovun düşündüyü kimi olmayıb. 1964-cü ildə hakimiyyətdən devrildikdən iki gün sonra Brejnevin təşəbbüsü ilə Melnikov Moskvaya qayıdıb.


O, SSRİ Nazirlər Soveti yanında Sənayedə Əməyin Təhlükəsizliyinə Nəzarət və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Komitəsinə sədr təyin edilib, SSRİ Ali Sovetinə deputat seçilib.
Hələ gənclik illərindən Brejnevlə dostluq münasibətində olan Melnikov heç vaxt bu münasibətdən sui-istifadə etməyib, heç vaxt şəxsi problemləri ilə bağlı baş katibə hansısa bir xahişi etməyi özünə rəva görməyib. 1981-ci ildə səhhətində ciddi problemlər yarananda da o, ailə üzvlərinə müalicəsi ilə bağlı Brejnevə müraciət etməyə icazə verməyib.
Melnikov 1981-ci ildə, 74 yaşında vəfat edib. Onun vəfatı haqqında Brejnevə SSRİ nazirlər sovetinin sədri Tixonov məlumat verib. Baş katib Melnikovun dəfn mərasiminin dövlət tərəfindən həyata keçirilməsi tapşırığını verib. Sabiq birinci katib Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilib, onun vəfatı ilə bağlı mərkəzi mətbuatda Brejnevin imzası ilə nekroloq dərc edilib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10