Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dövlətə 10 milyon zərər vuran kosmonavt – Brejnev Vasyutini qəhrəman adı ilə təltif edib


Ya cəzalandırılmalıdır, ya da Sovet İttifaqı qəhrəmanı adı verilməlidir – sovet dövründə Kreml məmurlarını bu seçim qarşısında qoyan belə bir hadisə də baş verib. 1985-ci ildə kosmonavt Vladimir Vasyutinin uçuşunu yarımçıq qoyub Yerə qayıtması Mərkəzi Komitədə ciddi müzakirələrə, mübahisələrə və fikir ayrılığına səbəb olub...

1952-ci ildə Xarkov şəhərində anadan olan Vladimir Vasyutin orta təhsilini başa vurduqdan sonra Xarkov Ali Hərbi Aviasiya məktəbində təhsil alıb. Bir müddət təhsil aldığı hərbi məktəbdə xidmət etdikdən sonra, 1976-cı ildə o, Kosmonavtlar Dəstəsinə qəbul edilib. İki il xüsusi hazırlıq keçdikdən sonra bütün göstəricilərinə görə kosmosa uçuşa tam hazır olmasına baxmayaraq, Vasyutin 1985-ci ilə qədər ehtiyat kosmonavtlar skamyasında əyləşib. Nəhayət, 1985-ci ildə onun kosmosa uçuşu təsdiqlənib.

Təsdiqlənmiş plana əsasən Vasyutinin kosmosda qalma müddəti mövcud dövr üçün rekord müddətə planlaşdırılıb – 282 sutka. Bu müddət ərzində Vasyutinin və komandiri olduğu “Soyuz T-14” kosmik gəmisinin digər heyət üzvləri, Georgi Qreçko və Aleksandr Volkovun üzərinə “Salyut-7” orbit stansiyasında elmi-texniki, həmçinin hərbi təyinatlı tədqiqatların aparılması, 4 dəfə açıq kosmosa çıxmaları vəzifəsi düşüb. Bu missiyanı yerinə yetirmək üçün onlar kosmosa “Soyuz T-14” gəmisi ilə dəyəri milyonlarla ölçülən texniki avadanlıqlar da daşıyıblar.

Beləliklə, 17 sentyabr 1985-ci ildə uçuşa start verilib. Orbitdə ilk iki ongünlükdə işlər plana uyğun gedib. Növbəti günlərdə isə Vasyutinin səhhətində ciddi problemlər yaranıb. Kosmonavt bir müddət bunu gizlətsə də, sonda bu haqda Yerə məlumat verməyə məcbur olub. Həkimlər Vasyutinin səhhətində yaranmış problemləri məsafədən həll etmək istəsələr də, heç bir nəticə əldə olunmayıb. Kosmonovtların Hazırlıq Mərkəzinin rəhbərliyinin ümumi rəyi ilə uçuşun yaramçıq saxlanılması qərara alınıb. 64 gündən sonra, 21 noyabr 1985-ci ildə “Soyuz T-14” Yerə eniş edib.

Vasyutin geri döndükdən sonra dərhal Mərkəzi Aviasiya Hospitalına yerləşdirilib. Kosmonavtda prostat vəzin kəskin iltihabı aşkar olunub. Müayinələr zamanı o da məlum olub ki, bu xəstəlik kosmonavtda yaxın günlərin deyil, illərin xəstəliyidir. Qalmaqllı hadisələr də bu informasiya ortalığa çıxandan sonra başlayıb.

Kosmonavtların uçuşa hazırlıq mərhələsində ən vacib tədbirlərdən biri tibbi müayinədən keçməkdir ki, adətən bu prosedur son dərəcə ciddi şəkildə aparılıb, heç kimə güzəştə gedilməyib. Amma hansısa yollarla Vasyutin öz xəstəliyini həkimlərdən gizlətməyi bacarıb. Digər bir tərəfdən Kosmonavtlar haqqında əsasnamədə kosmonavtların sağlıq durumu ilə bağlı ən kiçik problemləri belə həkim komissiyasına bildirməsinin mütləq və vacib olduğunu əks etdirən bənd də olub. Vasyutin isə bu bəndi kobudcasına pozub.

Qısa müddət ərzində həkimlərin səyi ilə kosmonavt sağalıb. Qalıb məsələyə hüquqi qiymət vermək. Adətən, SSRİ-də kosmosa uçan bütün kosmonavtlar Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunublar. İctimaiyyətdən gizlədilən yarımçıq uçuşda kosmonavtların qəhrəman adı ilə təltif edilməməsi şübhə yaradacağına görə Mərkəzi Komitə Vasyutinə də bu adın verilməsini məqsədə uyğun sayıb. Amma buna kəskin etirazını bildirənlər də tapılıb. Belə ki, uçuşun yarımçıq qalması büdcəyə 10 milyon rubl zərərə başa gəlib.

Son qərarı kosmonavtların dostu sayılan Leonid Brejnev verib. Vasyutin təltif olunub. Bu hadisə ilə bağlı uçuş komissiyasının üzvləri Siyasi Büro üzvlərinə, şəxsən Brejnevə müraciət ünvanlayıblar. Müraciətdə Vasyutindən qəhrəman adının geri alınması, kosmonavtın ciddi şəkildə cəzalandırılması qeyd olunub. Amma sözsüz ki, Brejnevin qərarından sonra Siyasi Büro üzvləri müraciətə müsbət cavab verməyiblər.

Vasyutin bu hadisədən sonra Kosmonavtlar Dəstəsindən kənarlaşdırılıb. Ancaq kosmonavt ruhdan düşməyib. O, Qaqarin adına Hərbi Hava Akademiyasında təhsilini davam etdirib. Bir müddət bu təhsil ocağında pedaqoji fəaliyyət göstərib, elmi iş müdafiə edib. Hərb Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Daha sonra Baş Qərərgah yanında Akademiyada ali kurslar keçib.

Vasyutin 1995-ci ildə Qaqarin adına Hərbi Hava Akademiyasının rəis müavini təyin edilib, general-leytenant rütbəsi daşıyıb.

Uğurlarla yanaşı bu illər ərzində onun kosmosa uçuşunu yarımçıq qoyan xəstəliyi də öz işini görüb. Vasyutin 2002-ci ildə, 50 yaşında prostat xərcəngindən vəfat edib.

Vladimir Vasyutin Moskva vilayətinin Monino qəsəbəsindəki memorial hərbi qəbiristanlıqda dəfn edilib.

İlham Cəmiloğlu,
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10