Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bütün qonşular Rusiya təhlükəsinə qarşı bir araya gəlməlidir”


Moskvanın aqressiv davranışları müharibənin hər an başlaya biləcəyi ehtimalını gücləndirir

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya üçüncü işğalı Krım və ya Donbass kimi olmayacaq, bu, kütləvi, qəddar və qətiyyətli hücum olacaq. Belə bir proqnozla Amerikanın beynəlxalq siyasət üzrə ixtisaslaşmış nüfuzlu “The National Interest” nəşri çıxış edib.

“Bu (işğal – red.) dəhşətli olacaq və Avropanı həmişəlik dəyişəcək. Milyonlarla qaçqın, enerji bazarlarında fasilələr, Avropa və ABŞ-da iqtisadi böhranlar olacaq”, - deyə müəllif Ceff Hartman xəbərdarlıq edir.

Onun fikrincə, bu müharibənin Qərb üçün nəticələri fəlakətli olacaq: “Lakin onları indi az adam müzakirə edir. Birinci və İkinci Dünya müharibələri də belə başladı. Buna görə də ABŞ-ın cəsarətli və diqqətli rəhbərliyi tələb olunur - o, dünyanı bir araya gətirməli, Ukraynanın tərəfini tutmalı və Putini inandırmalıdır”.

Məqalədə deyilir ki, Ukraynanın bəlası yalnız Rusiya ilə həmsərhəd olmaq bədbəxtliyi ilə bağlıdır: “Putin bir şeyi istəyir: Ukrayna onun vassalı olsun. Bundan əlavə, o, öz ölkəsinin böyük liderlərinin panteonuna düşmək arzusundadır. Bu müharibədən sonra Rusiya Belarusda daimi hərbi mövcudluğunu yaradacaq və bu qoşunlar Polşa və Litva ilə qarşı-qarşıya dayanacaq. Sonra Rusiya diqqətini Gürcüstana yönəldəcək”.

Hartman hesab edir ki, Moskvaya Ukraynaya müdaxilənin nəticələrini çox aydın şəkildə söyləmək lazımdır: “Eyni zamanda, Rusiyanın təcavüzü Avropanı ən gözlənilməz şəkildə dəyişəcək, Avropa ölkələrini bir araya gətirəcək və Rusiya Federasiyasının təhlükəsizliyi üçün yeni çağırışlar yaradacaq. Finlandiya və İsveç yəqin ki, NATO-ya daxil olmaq barədə düşünəcək. Gürcüstanın üzvlük üçün müraciətinə ciddi baxılacaq. Gücləndirilmiş mübarizə döyüş komandaları genişləndirilə və böyüdülə bilər. Rusiyanı uzunmüddətli üstünlükdən məhrum etmək üçün Kalininqrad vilayətində yerüstü qısamənzilli ballistik və qanadlı raketləri geri çəkməsi üçün ona təzyiqlər olacaq”.

“National Interest”də dərc olunan məqalədə həmçinin deyilir: “Vladimir Putin əmindir ki, Ukraynaya üçüncü işğal yürüşü onun şöhrət anı olacaq. Ruslara və Putinə aydın olmalıdır ki, Rusiya üçün təhlükə onların planları qədər böyükdür. Gürcüstan Ukraynadan sonra növbəti qurban ola bilər”.

Putin uğur qazansa, çətin ki, dayansın. Yəni, xüsusən də onun SSRİ-nin bərpası ilə bağlı bir vaxtlar dilə gətirdiyi arzusunu nəzərə alsaq, bütün regionumuz təhlükə altındadır. Bu gün belə depressiv ssenarinin olması nə dərəcədə mümkündür? Bəs Putinin bunu həyata keçirməsinə nə mane ola bilər?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, Tbilisidə fəaliyyət göstərən politoloq Yeqor Kuroptev:



“İndi yalnız iki versiya var: Birincisi, ən realı odur ki, Putinin Ukrayna sərhədlərinə qoşun yeritməklə Qərbi əbədi şantaj etmək cəhdləri ABŞ və tərəfdaşlarının sərt reaksiyası ilə üzləşsin. Onlar “Putin mütləq hücuma keçəcək, hücum, sabah hücum” və s. təkrarlamaqla Kremlə qarşı kütləvi və vahid informasiya kampaniyasına başlasınlar. Putin növbəti dəfə şantaj və hədə-qorxu gəlmək istəsə də, Kreml bütün riskləri çox yaxşı anladığı üçün onun nə böyük müharibə arzusu, nə də imkanı var. Rusiya üçün müharibə sonun başlanğıcıdır - meyitlərdən qalalar, iqtisadiyyatın çöküşü. Putin və onun ətrafı üçün müharibə - yüzlərlə və minlərlə Rusiya vətəndaşının cəsədlərinin evə göndərilişindən sonra reytinqlərin düşməsi, böyük pul itkiləri, o cümlədən, ilk növbədə, məmurların və oliqarxların pulları, təcrid, tədricən enerji resurslarının alınmasından qaçılmaz imtina və s. deməkdir. Yəni, tammiqyaslı işğalın zərərlə müqayisə edilə biləcək heç bir səbəbi və ya faydası yoxdur (hətta bunun tamamilə mənasız bir müharibə və insan itkisi olduğunu unutsanız belə).

Ona görə də indiki eskalasiya daha çox Kremlin informasiya müharibəsində uduzduğunu qaytarmaq və irəli çıxmaq cəhdinə bənzəyir - "Əgər siz “stavkaları” qaldırırsınızsa, biz onu daha da qaldıracağıq". Məsələ burasındadır ki, Qərb öz kampaniyasında yalnız Ukraynanın pulunu riskə atır, amma Qərbin özü bunu kompensasiya edir. Ukrayna böhran zamanı təqribən 8,8 milyard dollar itirib ki, onun qaytarılmasına Qərb artıq müxtəlif formalarda zəmanət verib. Kreml informasiya müharibəsində istənilən eskalasiyaya, o cümlədən terror hücumlarına və insan qurbanlarına gedəcək. Üstəlik, ordunun iştirakı ilə belə ciddi gərginlik yaşananda və bu qədər silah bir yerə yığılanda, bu, planlarda olmasa da, partlamağa bir kibrit bəs edir. Yəni indiki vəziyyət çox pisdir.

İkinci versiya budur ki, Putin ağlını itirib və onun üçün heç bir risk və zərər vacib deyil. Bu ssenarini uzun müddət təhlil etməyin mənası yoxdur. Belə bir vəziyyətdə Putin hər kəsə və istənilən vaxt hücum edə bilər, çünki xəstənin itirəcək heç bir şeyi yoxdur. Burada təkcə Gürcüstan deyil, həm də bütün qonşular təhlükə hiss etməli və mühafizə üçün etibarlı platsdarm və ittifaqlar hazırlamalıdır. Təbii ki, bu, nə Avropaya, nə də ABŞ-a aiddir. Onu asanlıqla məhv edə bilənlərə xəstə Putin belə, hücum etməz. Xatırladım ki, Rusiyanın hərbi büdcəsi 60 milyard olduğu halda, təkcə ABŞ-ın hərbi büdcəsi (NATO istisna olmaqla) 750 milyard dollar təşkil edir”.

Rusiyalı jurnalist, bloger Aleksey Romanov:



“Burada çox şey, demək olar ki, hər şey ilkin baxışdan asılıdır. Bir neçə baxış ola bilər. Bu gün ən çox rast gəlinən, adı çəkilən müəlliflərin səsləndirdiyidir: Moskvanın təcavüzkar planları, üçüncü işğal, böyük müharibə, dünya tanınmaz dərəcədə dəyişdi. Özünə görə, dünyanın belə mənzərəsi ziddiyyətli deyil və onun tərəfdarlarının çıxardığı nəticələr inandırıcıdır.

Başqa bir nöqteyi-nəzər Rusiya hakimiyyətinə aiddir: heç kim hər hansı işğal planlaşdırmır, Ukrayna sərhədləri boyunca legitim təlimlər keçirilir, gərginlik ABŞ və NATO-nun aqressiv siyasəti ilə bağlıdır. Qəribədir, lakin birbaşa əks fərziyyələrlə belə mövqe qaçılmaz olaraq eyni nəticələrə gətirib çıxarır - işğal (yalnız bu halda Ukrayna tərəfindən DXR və LXR-də), böyük müharibə, qarşılıqlı sanksiyalar, Qərbin, Rusiyanın böyük itkiləri və Ukrayna dünya dönməz şəkildə dəyişir.

Nəhayət, ən inanılmaz görünən, lakin müharibəyə səbəb olmayan yeganə üçüncü baxış nöqtəsi var. Bu fikrə görə, artıq dördüncü aydır ki, Qərb, Rusiya və Ukrayna arasında münasibətlərdə baş verən və artıq dünyanı əsl böyük müharibənin astanasına gətirən hadisələr, ABŞ administrasiyası tərəfindən təşkil edilən məlumat (dezinformasiya) kampaniyası kimi başlayıb. Bu kampaniyanın məqsədi Ukrayna cəmiyyətinə psixoloji təzyiq göstərmək idi ki, o, “Minsk razılaşmaları” deyilən bəndlərin həyata keçirilməsinə razı olsun. Əgər bu razılaşmalar Rusiyanın guya qaçılmaz dağıdıcı işğalı qorxusu altında yerinə yetirilsəydi, Ukrayna öz suverenliyini böyük ölçüdə itirəcəkdi, lakin “Ukrayna məsələsi” birdəfəlik həllini tapacaqdı, Putinin iştahı doyacaq, müəyyən zaman kəsiyində Rusiya Birləşmiş Ştatlar üçün problem olmaqdan çıxaqdı. ABŞ rəhbərliyi Rusiyanı cilovlamaqda böyük qələbə qazanaı və seçici dəstəyini bərpa edə bilərdi.

Rusiya Amerikanın oyununa dərhal qoşulmadı, lakin bir dəfə qoşulduqda, “stavkaları” tez bir zamanda qeyri-adi yüksək səviyyəyə qaldırdı və bu, dünyanı əsl müharibənin astanasına gətirdi. Hadisələrin belə təfsirini sui-qəsd nəzəriyyələri adlandırmaq olar, lakin bu, bir sıra kifayət qədər inandırıcı dəlillərlə dəstəklənir və yalnız bu, dünyanın böyük müharibədən qaçacağına ümid verir - bu modeldə oyunçuların heç biri real müharibədə maraqlı deyil, yalnız "qaçılmaz işğal" imitasiyası hər kəs üçün vacibdir.

Lakin bu imitasiya artıq reallığı o qədər dəqiq əks etdirir ki, münaqişə əsas iştirakçıların istəklərinə zidd ola bilər. Vəziyyətdən sülh yolu ilə çıxış yalnız öz suverenliyinin itirilməsi ilə razılaşmalı olacaq Ukraynanın maraqları hesabına mümkündür”.

Müəllif: Rauf Orucov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10