Prezident Vladimir Putin ABŞ və Qərbin Rusiya üçün nəzərdə tutduğu "mövcudluq modeli" ilə barışarsa, dünya tarixi daha bir imperiya xarakterli nəhəng dövlətin süqutuna şahidlik edə bilər; Ona görə də, Kreml ballistik raket təlimləri üzərindən "nüvə faktoru"nu ABŞ və Qərbə xatırladaraq, Rusiyanın belə asanlıqla, təslim olmayacağını qabartmağa çalışır...
Ukrayna böhranı həlledici mərhələyə keçdi. Əgər, bu böhran dünyaya yeni savaş vəd edirsə, deməli, müharibə ən yaxın günlərdə başlamalıdır. Yox əgər, savaş olmayacaqsa, onda Rusiyanın geri çəkilməsindən, Kremlin ABŞ və Qərbin təklif etdiyi mövcudluq şərtləri ilə barışmasından danışmaq daha doğru olacaq.İndi Rusiya prinsipial qərar ərəfəsindədir. ABŞ və Qərbin Rusiyaya qarşı genişmiqyaslı beynəlxalq təzyiq kampaniyası Kremli ciddi seçim qarşısında qoyub. Rusiyanın müasir tarixində ilk dəfə olaraq, Kreml ölkənin gələcək taleyi ilə bağlı həlledici qərar vermək məcburiyyətində qalıb.
Məsələ ondadır ki, prezident Vladimir Putin ABŞ və Qərbin Rusiyaya qarşı qurduğu hərbi-siyasi "tələ"dən ən optimal çıxış yolu tapmalıdır. İndiki qeyri-müəyyən və hərbi-siyasi qarşıdurmanı daim dərinləşdirən situasiya uzun müddət davam edə bilməz. Ona görə də, ən qısa zamanda Kremlin yekun qərarını müəyyən etməsi qaçılmaz xarakter daşıyır.
Maraqlıdır ki, Rusiya qarşısında seçim variantları o qədər də çox deyil. ABŞ və Qərb Rusiyaya cəmisi iki variant üzərində düşünmək şansı tanıyır. Üstəlik, Kreml üçün "təklif olunan variantlar"ın hər ikisi Rusiyaya son nəticədə ağır məğlubiyyət vəd edir. Və bu baxımdan, Kreml məğlubiyyəti qələbəyə çevirmək şansı vəd edən seçim üzərində dayanmağa daha çox meyilli görünür.
Ən önəmli məqam ondan ibarətdir ki, ABŞ və Qərb Kremlin bütün israrlı cəhdlərinə baxmayaraq, Rusiyaya "təhlükəsizlik təminatı" vermədi. NATO-nun Şərqə doğru genişləndirilməsi proqramından imtina etmədi. Bununla da Kremlə Rusiyanın sərhədləri içərisindən kənarda istənmədiyinin birmənalı mesajı verildi.
Əgər, Kreml ABŞ və Qərbin Rusiya üçün nəzərdə tutduğu bu "mövcudluq modeli" ilə barışarsa, dünya tarixi daha bir imperiya xarakterli nəhəng dövlətin süqutuna şahidlik edə bilər. Yəni, bu halda Rusiya beynəlxalq məkanda öz mövqelərini itirmiş olacaq. Hətta Kremlin Rusiya ilə qonşu regionlara belə, real təsiri qalmayacaq.
Təbii ki, bu "fəlakət variant"ından yayınmaq üçün Rusiyanın qarşısında ikinci - müəyyən mənada, artıq məcburi xarakter daşıyan seçim də var. Halbuki bu seçim də Rusiyaya düşdüyü durumdan tamamilə çoxa bilmə imkanları vəd etmir. Çünki, indi Rusiya ABŞ və Qərbin qurduğu "tələ"dən xilas olmaq üçün mütləq savaşmalıdır. Üstəlik, bu savaş bütün sahələr üzrə eyni intensivliklə davam etdirilməlidir. Yekun nəticələr isə ilk növbədə Rusiyanın müharibə meydanında nümayiş etdirəcəyi hərbi potensialın əhatə dairəsindən asılı ola bilər.
Beləliklə, Kremlin qarşısında Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyəti artıq prinsipial seçim kimi durur. Bu seçimin qəbulu isə Rusiyaya tətbiq olunacağı artıq rəsmən elan edilmiş dağıdıcı beynəlxalq sanksiyalar vəd edir. Rusiyanın belə ağır sanksiyalara nə qədər duruş gətirə biləcəyi isə hələlik müəmmalı məsələ kimi görünür.
Bununla belə, Kremlin artıq Ukraynaya qarşı savaşa başlamaq qərarı vermək ərəfəsində olduğu da açıq-aşkar nəzərə çarpır. Belə anlaşılır ki, Rusiya iki "fəlakət ssenarisi" arasında xilas qapısı tam qapanmayanı seçmək, ABŞ və Qərbə qarşı savaşaraq, müqavimət göstərmək niyyətindədir. Və son baş verənlər Ağ Ev sahibi Co Baydenin də dediyi kimi, hər an savaşın başlayacağını göstərir.
Məsələ ondadır ki, Kreml Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq üçün hərbi bəhanələrin yaradılması prosesinə start verib. Ukrayna ordusu tərəfindən heç bir hərəkətlənmə olmadığı halda, Donbas və Luqansk separatçıları bölgədə yaşayan rus əhalinin Rusiyaya evakuasiyasına başlayıblar. Eyni zamanda kütləvi səfərbərlik elan ediblər. Və separatçıların bu addımları Rusiyadan gələn təlimata əsasən atdıqları da qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin də ehtiyatda olan hərbçilərin səfərbərliyi barədə fərman imzalayıb. Həmin fərmanın iki bəndi məxfi saxlanılır və nə qədər qəribə də olsa, ictimaiyyətə açıqlanmır. Rusiya mətbuatı isə Ukrayna artilleriyasının açdığı atəşin sərhədyanı Rostov vilayətinə qədər gəlib, çatması barədə məlumatlar yaymağa başlayıblar. Və böyük ehtimalla bu məlumatlar, eləcə də, Ukrayna ordusunun Donbas separatçılarına qarşı hərbi müdaxiləyə başlaması barədə iddialar daha çox dezinformasiya xarakteri daşıyır.
Rusiya siyasi dairələrində prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxilə ilə bağlı prinsipial qərarı hər an verə biləcəyi barədə gözləntilər də var. Əslində, son baş verənlər, Kremlin aqressiv davranışları bu gözləntilərin qətiyyən yersiz olmadığını təsdiqləyir. Və prezident Co Baydenin "Putin artıq Ukraynaya hərbi müdaxilə qərarı verib" deməsindən sonra savaşın başlanmaq üzrə olduğunu düşünməyə əsas var.
Rəsmi Kiyev isə Rusiyanın Ukraynaya qarşı total təxribat kampaniyasına başladığını iddia edir. Ukrayna Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya hücumlarda rəsmi Kiyevi günahlandırmaq üçün Donbasda bir sıra sosial infrastrukturu minalayıb. Eyni zamanda, rəsmi Kiyev Rusiyanın təxribatlarından yayınmaq üçün Donetsk vətəndaşlarına ictimai nəqliyyatdan istifadə etməməyi tövsiyə edib, onları evdə qalmağa çağırıb. Rəsmi Kiyev Donbasdan Rusiyaya məcburən evakuasiya olunan əhaliyə Ukrayna ordusunun nəzarəti altında olan ərazilərə üz tutmağı məsləhət görüb.
Göründüyü kimi, Ukrayna savaş istəmir, ancaq Rusiyanın bəhanə yaratma təxribatlarına əsasən müharibənin başlayacağı günün çox da uzaqda olmadığını anlayır. Böyük ehtimalla prezident Vladimir Putinin verəcəyi qərar yəqin ki, Rusiyanın işə saldığı son təhdid mexanizmlərinə ABŞ və Qərbin reaksiyasından asılı ola bilər. Və bu baxımdan, Kremlin nüvə faktorunu ön plana çıxartmağa çalışması qətiyyən təsadüfi deyil.
Rusiyanın hərbi dairələri ölkədə növbəti "nüvə təlimləri"nin başlandığı barədə məlumat yayıblar. Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sonradan bu məlumatın məzmununu "nüvə faktoru"nu arxa plana keçirtməklə, nisbətən yumşaltmağa çalışıb. Dmitri Peskov bildirib ki, "Ballistik raket atışları ilə Rusiya Silahlı Qüvvələrinin təlimləri başlayıb. Təlimləri prezident Vladimir Putin də izləyir". Halbuki, ümumi olaraq, məlumatın yekun təhdid yükü dəyişməz qalır.
Böyük ehtimalla Kreml ballistik raket təlimləri üzərindən "nüvə faktoru"nu ABŞ və Qərbə xatırladaraq, Rusiyanın belə asanlıqla, təslim olmayacağını qabartmağa çalışır. Bu isə Rusiyanın ABŞ və Qərbi dolayısı ilə nüvə zərbəsi ilə təhdid etməsi anlamına gəlir. Və yəqin ki, Kremldə Rusiyanın beynəlxalq düşmənlərinin nüvə faktorundan çəkinərək, daha güzəştli mövqeyə məcbur qala biləcəklərinə ümidlər hələ tam tükənməyib.
Ona görə də, hesab etmək olar ki, prezident Vladimir Putinin Ukrayna qərarı nüvə təhdidinə veriləcək reaksiyanın məzmunundan asılı olaraq, dəyişə də bilər. Ancaq ABŞ və Qərb bu təhdidin qarşısından da geri çəkilməzsə, onda, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə etməkdən başqa çıxış yolu qalmamış olacaq. Bu, Rusiya prezidenti Vladimir Putinin Ağ Ev sahibi Co Baydenin hazırladığı məcburi "tələ"yə düşməsi anlamına gələcək. Sadəcə, təcrübəli dövlət başçısı olan prezident V.Putinin Rusiyanı həmin "tələ"dən xilas edə bilib-bilməyəcəyi ilə bağlı danışmaq hələ çox tezdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu