Cenub.az-a verilən məlumata görə, fevralın 17-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Ruslan Cəfərlinin atası Nəcəf Cəfərovla görüş keçirilib. Görüşdə şəhidlərin xatirəsi ehtiram əlaməti olaraq bir dəqqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əli İsgəndərov görüşdə çıxış edərək 44 günlük Vətən müharibəsi şəhidi Ruslan Cəfərlinin cəbhədəki igidliyindən söhbət açaraq bildirib ki, Ağdərə və Suqovuşan istiqamətlərində gedən şiddətli döyüş əməliyyatlarında iştirak etmiş Ruslan topçu kimi düşmənə ağır zərbələr vurub.
Şəhidin atası Nəcəf Cəfərov oğlunun Vətən sevgisi və döyüş şücaətindən bəhs edib. Qeyd edilib ki, ailənin yeganə oğul övladı olan Ruslan könüllü cəbhəyə yollanaraq döyüşlərdə əsl igidlik göstərib. Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə Ruslan Cəfərli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Daha sonra Muzeyin elmi işçisi Əlisəfa Əhmədov və fond mühafizi Anar Baloğlanlı şəhid Ruslan Cəfərlinin həyatı və keçdiyi şərəfli döyüş yolundan söz açıblar.
Cenub.az