Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qorbaçovu Forosda təcrid edən DTK generalı – Aqeyev keçirdiyi stressə görə hospitala düşüb və...


“Motrosskaya tişina” həbsxanasında onun üçün də xüsusi kamera hazırlayıblar. Amma səhhətində yaranan ciddi problemlər Geni Aqeyevi həbsdən xilas edib. Xəstəlik generalın dəmir barmaqlıqlar arasına düşməsinə imkan verməsə də, çox keçmədən onun həyatına son qoyub.
“QKÇP” iflasa uğrayanda DTK sədrinin birinci müavini Aqeyevin qəfil xəstələnməsi, sözsüz ki, böyük şübhələr yaradıb. Çoxları bunu onun həbsə düşməməsi üçün əl atdığı hiylə kimi qəbul ediblər. Ancaq bu məsələ ilə bağlı yaradılmış komissiyanın rəyi açıqlananda məlum olub ki, Aqeyev nəinki türmədə, heç türmə xəstəxanasında da saxlanıla bilməz. Onun səhhəti ilə DTK-nın hospitalında məşğul olublar.

Geni Aqeyev 1929-cu ildə İrkutskda anadan olub. Orta təhsilini başa vurduqdan sonra İrkutsk Metallurgiya İnstitutunda ali təhsil alıb. O, heç vaxt öz ixtisası üzrə işləməyib. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətinə komsomol orqanlarında başlayan Aqeyev İrkutsk vilayət komsomol komitəsində təlimatçı, şöbə müdiri, katib, sonra İrkutsk vilayəti Kirov rayon partiya komitəsində birinci katib, daha sonra İrkutsk vilayət partiya komitəsində ikinci katib vəzifəsində işləyib.
20-d0b4d0b5d0bad0b0d0b1d180d18f_11.jpg (79 KB)
Aqeyevin DTK zabiti Vladimir Kryuçkovla yaxın dostluq münasibətləri olub. Bəzi versiyalara görə, onların həyat yoldaşları yaxın qohum olublar. Elə Aqeyevə Moskvadan dəstək verən də məhz Kryuçkov olub. 1965-ci ildə Aqeyev İrkutsk vilayətinə birinci katib seçilmək istəyəndə Kryuçkov ona DTK-nın İrkutsk vilayət idarəsinə keçməyi tövsiyə edib.
Həmin vaxt Kryuçkov Mərkəzi Komitənin katibi olan Andropovun köməkçisi vəzifəsində işləyib. Aqeyev hamisinin məsləhətinə qulaq asaraq təklifi qəbul edib və o, Kryuçkovun köməkliyi ilə DTK-nın İrkutsk vilayət idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. 1967-ci ildə Andropov DTK-ya sədr təyin olunanda, Kryuçkov bu təyinatdan sonra DTK-da Andropovun köməkçisi, katibliyin rəisi işləyib. Elə həmin il Kryuçkovun köməkliyi ilə Aqeyev İrkutsk DTK-cının rəisi vəzifəsini tutub.
ageev_g_e.jpg (66 KB)
Kryuçkov vəzifə pillələrində daha yuxarılara irəlilədikcə Aqeyev də yeni vəzifələr tutub. 1973-cü ildə o, mərkəz aparata gətirilib, kadrlar idarəsinin rəisi, DTK partiya təşkilatının katibi, DTK-nın nəqliyyat idarəsinin rəisi vəzifələrində xidmət edib. 1985-ci ildə Aqeyev DTK sədrinin müavini, Kryuçkov sədr təyin olunduqdan sonra isə birinci müavin təyin edilib.
General-polkovnik rütbəsi daşıyan Aqeyev Kryuçkovun ən yaxın adamlarından biri sayılıb. Müasirlərinin yazdıqlarına görə, Kryuçkov ən məxfi tapşırıqları yalnız Aqeyevə etibar edib. Hətta DTK sədrinin xidmətdən kənar şəxsi işlərinin icrası da Aqeyevə həvalə olunub.
Sözsüz ki, “QKÇP” liderlərindən biri olan Kryuçkov həmin günlərdə də ən məxfi əməliyyatların icrasını Aqeyevə tapşırıb. Sonralar məlum olub ki, Qorbaçovun Forosda təcrid olunması əməliyyatına da Aqeyev rəhbərlik edib.
kryuchkov_ageev_g_e.jpg (104 KB)
“QKÇP” iflasa uğradıqdan sonra həbs olunacaq şəxslərin siyahısında Aqeyevin adı ön sıralarda dayanıb. 1991-ci ilin gərgin avqust günlərində həbslər başlananda Aqeyevi nə mənzilində, nə bağ evində, nə də kabinetində tapıblar. Hətta onun SSRİ-dən qaçması ilə bağlı söz-söhbətlər də dolaşıb. Nəhayət, məlum olub ki, general hospitalda müalicə alır.
Aqeyevin səhhəti ilə bağlı mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın ümumi rəyinə görə, generalın həbsxanada saxlanması mümkünsüz sayılıb. Hətta Aqeyevin təcridxana xəstəxanasına köçürülməsini də həkimlər məqsədəuyğun saymayıblar. Həkimlər onu da bildiriblər ki, generalın ürəyində yaranan ciddi problemlərin səbəblərindən biri də stress, qorxu hissi, gərginlik olub. Belə ki, Aqeyevin əvvəlki xəstəlik tarixçələri ilə bağlı sənədlərində ürək problemləri ilə bağlı ciddi qeydlər olmayıb.
scale_1200.jpg (76 KB)
Bununla da Aqeyev istintaqdan, həbsxana kameralarından xilas olub. Amma xəstəliyi ilə bağlı həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
1994-cü ildə həkimlər Aqeyevdə ürək əməliyyatının keçirilməsini vacib sayıblar. Generalın ailə üzvlərinin razılığından sonra əməliyyata hazırlıq işləri başlanıb. Əməliyyatı Moskvanın ən tanınmış kardiocərrahları həyata keçirsə də, 64 yaşlı general əməliyyatdan sağ çıxmayıb.
Həmin vaxt isə “QKÇP” liderləri artıq azadlıqda olublar. Kryuçkov Aqeyevin dəfnində iştirak etməklə öz yetirməsinə sonuncu borcunu da verib.
ageev_g_e_tomb.jpg (138 KB)
Geni Aqeyev Moskvada, Trokurovsk qəbirstanlığında dəfn edilib./musavat.com

İlham Cəmiloğlu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10