Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı “Karol”- Rauf Rəhimov - (Video)







Masallı rayonunda boya başa çatmış, özünə məxsus bağbanlıq keyfiyyətləri ilə nəinki cənubluları, az qala bütün ölkəni - iqtidarlı, müxalifli hamını heyran edən Rauf Rəhimov haqqında youtube-da maraqlı bir video paylaşılıb.

Həmin videonu sizə təqdim edirik.




Novxanıda dənizin lap qırağında nadir bir gül bağı var. Bu gül bağı güllərin-çiçəklərin dostlaşdığı, qardaşlaşdığı, sevişdiyi və bir-birinə yaraşdığı yerdir. Hətta nə qədər gül-çiçək xiridarı olsan belə, tanımadığın, adını eşitmədiyin çiçəklərə rast gələrsən bu bağçada.



Bu qədər çiçəyin adını, xasiyyətini, növlərini bilən bağban Rauf mənim yaxın dostumdur. Raufa “çiçəklər kralı” deyirlər. O, rus tələffüzündə çağırıldığı “Kral” adına tamam öyrəşib, hətta bəzən özü haqda “Bir qonağım gəlmişdi, mənə dedi ki, Karol, bu dəm-dəstgahı mənim də həyətimdə düzəlt!” deməyi xoşlayır.

Rauf deyir ki, üç cür bağ olur: göz üçün, burun üçün, qarın üçün. Göz üçün olan bağda təm-tərağa, yaraşığa üstünlük verilir. Burun üçün bağ salsan gül-çiçək ətiri bir-birinə qarışacaq. Qarın üçün bağda təkcə meyvələr əkilər. Hər üçü insanlığa lazımdır. 
Ancaq mən dünyanın ətrinə vurulmuşam.
Raufun rəssamlığı da var. O, şəkli gül-çiçəklə çəkir. Onun torpağa çəkdiyi şəkillər tez solsa da, Rauf yorulmaq bilmir, hər mövsümün çiçəklərini tapır.



O, hətta qışda dözümü olmayan ağacları sarmaşığa oxşar bitkilərlə geyindirə bilir.
Bir dəfə Raufdan ayrılanda o, mənə dedi ki, qardaş gündüzlər gülün-çiçəyin nazını çəkirəm, məni axtaranda gecələr güllər-çiçəklər yatandan sonra – saat 10-da, 11-də (22-də, 23-də) zəng elə. O zaman arxayın danışa bilərəm. Elə bil Raufla çiçəklər ata-baladırlar.



Raufun bağında daş dəmir var. Onun içərisində hər çiçəkdən bir cüt əkilib. Deyir ki, bu Nuhun gəmisinin oxşarıdır, mən də dəniz qırağında yaşayıram. Əgər bir gün dünya su alsa mən belə bir gəmidə gülləri xilas edəcəyəm. 

Novxanıda varlı bir adam Raufu öz bağına çağırıb deyir:
- Karol, Şamaxıdan yüz əlli maşın torpaq gətirmişəm, gəl bu torpağın üstündə cənnət yarat!
Rauf cavab verir:
- Təkcə torpaq gətirməklə iş bitmir. Siz gərək Şamaxının havasını da suyunu da, təbiətini də bura gətirəsiniz. Onda istədiyinizi ala bilərsiniz. Abşeronda bağ salan buranın təbiətinə uyğunlaşmalıdır.



Raufun üzə gülən, gördüyünə naz satan, şıltaqlıq edən, heç kəsi vecinə almayan, təzə qonağa hörmətlə baş əyən... nə qədər, nə qədər gülləri ona qonaq olanda mənim də narahat ruhumu oxşayıb, qarışıq, qara-qura fikirlərimi dağıdır. “Bağban” sözünün əsl mənasını Raufu tanıyandan sonra başa düşmüşəm.

Onun bağında “küsdüm gül” də yetişirdi. Hər dəfə Raufun bağına gedəndə dostumun sehirli işarəsi ilə həmin güllər mənə baş endirir. Başqa cür də ola bilməz. “Karol”a elə gəlir ki, onun qonağı da “karol”dur.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10