Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. MəmmədHüseyn Hüseynov, 40 məmur və...


İctimai Şuranın sədri Əyyub Mehdiyev bizi təxribat xarakterli tədbirə necə apardı?

Centlmen razılaşmaya görə mən bu yazını yazmamalı idim. Lakin yazdım. Bəzi məqamlara toxunmamaq, “barıt”ına əlavə “barıt” qatmamaq şərtini gözləməklə. Lakin yerli hakimiyyətə inamım olmadığı, sabahki şər-şəbədələrdən qorunmaq üçün bunu etdim.

Məni necə alladıb bu qondarma tədbirə apardılar?

10 fevral 2022-ci il, səhər saat 10. Masallı İcra hakimiyyəti yanında İctimai Şuranın sədri, 75 yaşlı jurnalist həmkarımız Əyyub Mehtiyev ofisimizə gəldi. 5-10 dəqiqə söhbət, zarafatlaşmadan sonra bildirdi ki, istəyirəm RİHB-nin 1-ci müavini Məmmədhüseyn Hüseynovla səni görüşdürəm. Ünvan da Heydər Əliyev parkı, “Ağsaqqallar çayxanası”, saat  11-də.  Dedim ki, hər hansı məmurla görüşməyə etirazım yoxdur. Amma inanmıram ki, bir nəticəsi olsun, çünki bu adamlar addımlarında səmimi deyil.

Əyyub Mehtiyev sonra M. Hüseynovla danışdı. Görüşün yeri və saatı dəyişdi – razılaşdıq ki, elə həmin gün, 10 fevral, saat 15-də, Masallı Regional Kollecində keçirilsin.

Bu söhbətdən təxminən 1 saat sonra İcranın və şəhər nümayəndəliyinin 2 işçisi Bəybala müəllim bu görüş və Mahir müəllim ofisə gəldi. Dedilər ki, Masallı Kolleci üçün yeni bina tikiləcək, layihələndirmə işləri aparılır, ofisinizin sənədlərini təqdim edin. Razılaşdıq ki, səhəri gün görüşək. 

Bu şəxslər gedəndən sonra Təhsil Nazirliyinin məsul işçiləri ilə telefon əlaqəsi saxladım. Dedilər ki. bu işlər icra hakimiyyətlərinin yox, Təhsil Nazirliyinin səlahiyyətindədir. Nazirliyin planında isə yaxın illərdə Masallıda nə Kollec binası nəzərdə tutulub, nə də onun layihələşdirilməsi. Yəni, bunların bir yalanı da belə faş oldu.

Xatıırladaq ki, bütün bu olaylar cenub.az saytında 8 fevral 2022-ci il tarixində getmiş “Mərhəmətnamə-2. Hamya çirkin olsam da, icra başçısına göyçək olaydım” yazısından sonra baş verirdi. (Yazının linki burada: https://cenub.az/12434-ss-yazs-v-fotolar-mrhmtnam-2-hamya-cirkin-olsam-da-icra-bacsna-goyck-olaydm.html) Bu “layihə-kollec“ oyunu da bundan sonra qurulmuşdu və qısa müddətdə ifşa olundu. 

Bu oyunun da “tərcüməsi” – Yəni, çox bərk getmə, ofisini sökərik.

Kollec. Saat 15. Xüsusi planlaşdırılmış təxribat xarakterli görüş

Saat 15-də Əyyub Mehtiyevlə yenidən getdik kollecdə 1-ci müavin MəmmədHüseyn Hüseynovla görüşə. Həmin vaxtda Kollecdə M. Hüseynovla 3 nəfərlik görüşü gözlədiyimiz halda, o, bu “tədbirə” dəstəsi ilə, 40 nəfərə yaxın məmurla gəldi.

Gördük ki, bizim üçün əməlli başlı “qəmediyə” düzəldiblər. Düşündüm ki, bu qurama tədbiri tərk edim. Amma nəzərə aldım ki, sonra bunu da bəzəyəcəklər ki, qorxub qaçdı. 

Beləliklə, 1-ci müavin başda olmaq 40 nəfərə yaxın məmurla təklikdə “döyüşə” başladıq. 

Təhdid, təhqir,  hədə, “Məhkəməyə verəcəyikk, təzminat alacağıq” və sair. Hətta Masallının “Abunə kralı” olmuş, illərlə müəllimlərin əmək haqqının 7-8 faizini abunə adı ilə uçuruma atmış Əbülfəz Nuriyevin timsalında məni təhqir etdirməyi, söyməyi də unutmadılar. 1-ci müavin də məmnunluqla tamaşa edirdi. Kefə bax da, şəhərin “meri” , 1-ci müavin qarışıq, onlarla adamın qarşısında söyüş söyür. 

“Tədbirdə” 1-ci söz, bir həftə öncə qızımın xahişi ilə ofisimdə qəbul etdiyim, xahişlərini (qoy, bunu tam deməyim, vəzifə istəyi ilə gülünc bir təklif idi) dinləməyə xeyli vaxt ayırdığım, məktəbin direktor əvəzi, şəhid anasının üzümə durması mənə çox təəccüblü gəldi.

Detallara çox da getmək istəmirəm. 15-dən artıq çıxış oldu. Əksəriyyəti də deyir ki, vəzifəyə pulsuz gəlmişəm. Hansı ki, bu məmurları əsəbiləşdirən yazıda kiminsə vəzifəyə pulla gəlməsi barədə bir kəlmə yox idi. Guya Masallının heç bir təşkilatında rüşvət yoxdur. 

Etiraf edim ki, tədbirdə səmimi, obyektiv çıxışlar da oldu. Maraqlı dünyagörüşlü gənclərlə də tanış oldum. Xüsusən, əslən cəlilabadlı olan Əlinin çıxışı yaddaqalan oldu. Heyf ki, onlardan çox ucuz məqsədlər üçün istifadə edilirdi.

Sonra öyrəndim ki, bir neçə nəfərin gizli çəkiliş də olub, hətta birini də mənə çatdırdılar.

Tədbirdən sonra, eşitdiyimə görə həmin çəkilişi rəhbərə göstərib, kim məni daha yaxşı söyübsə, ona təşəkkür edib, kim bir az obyektiv danışıbsa, möhkəm danlayıblar.

Açığı, həmin tədbirin axşamı və səhəri mənə çoxlu zənglər və şəxsi müraciətlər oldu. Həmin tədbirin iştirakçısı olan şəxslər ürək ağrısı ilə bildirdilər ki, bizi kənddən çağırıb, təlim keçib bildirdilər ki, belə deyəsiniz, Zahiri kəskin tənqid edərsiniz.  Çoxu bilmirdi ki, niyə çağırıblar. Bəzilərinin hətta evində problem yaranıb ki, niyə üzə duranlara qoşulubsan . Aybəniz Qafarovun Votsap nömrəsindən isə qadınlara  aramsız mesajlar gəldiyi deyilir ki, çıxın Zahir tənqid edin.

Həmçinin xəbərlər gəldi ki, bizim qazilərlə bağlı çəkilişimizə baxandan sonra, son anda daha bir nəfər Mərhəmətin növbəti tələsindən qurtarıb. Mənə təzyiqlərin isə nəticəsi o oldu ki, izləyicilərimizin sayı xeyli çoxaldı.

Bir daha deyirəm ki, vəd verdiyim üçün bəzi detalları hələ ki, açmıram, tədbirdən əlimizdə olan videonu da paylaşmıram ki, hansı səviyyəli rəhbərlərin əli altında işlədiyindən utananlar sıxılmasın.

Nə isə. Tədbir “Get üzr istə, təkzib et” və sair tələblərlə başa çatdı.

Amma mənə qaranlıq qaldı ki, niyə tədbiri elə icra aparatında keçirmədilər? Guya ora getməkdən qorxacaqdım. Pandemiya qaydaların pozaraq 40 nəfəri bir yerə yığmaq, qonşu otaqlarda dərs gedə-gedə bu tərəfdə “razborka” aparmaq nə demək idi? Eh, qəribə suallar nə qədər

 “Əyyub Metiyev, niyə istefa vermirsən

Tədbirin səhəri günü İctimai Şuranın sədri, 75 yaşlı Əyyub Mehtiyevə zəng vurdum. Soruşdum ki, bu komediyanı niyə mənim üçün qurdun? And içdi ki, mən elə bilirdim 3 nəfər görüşəcəyik – MəmmədHüseyn, sən və mən. Amma orada başqa mənzərə gördüm. Özüm də utandım. (Açığı o tədbirdə də çıxış edib, vəziyyətin belə alınmasına təəssüf etdiyini bildirmişdi).

Telefon danışığında Əyyub müəllimə bildirdim ki, İctimai Şura sədrinin, yəni sənin əlin ilə belə gülünc tədbir qurulamsına necə dözdün?

Deyirsən, buradan əmək haqqı almırsan, hər hansı tədbir keçirmirsən, komandanızın üzvü dələduzluğa görə cəzalandırılır, susursan. Axı, özünə görə müəyyən hörmətin var idi. Niyə bu vəzifədən istefa vermədin? Orada qalmaqda marağın nədir? Susdu. 

Bəlkə də heç bu yazını yazmazdım

Bəzi yoldaşlarla vəziyyəti normallaşdırmaq haqqında çox səmimi söhbətim olmuşdu. Amma hakimiyyət yenə də çaşdı. İcra Hakimiyyətinin birbaşa bu sahəyə baxan müavini Aybəniz Qafarova tədbirdən sonra həyat yoldaşıma zəng edərək deyib ki, indi təhsilin tabeliyində olsanız da, yenə sizi yoxlaya, sizin haqqınızda tədbir görə bilərik. Bir qədər hədə-qorxudan sonra telefonu qapadıb. Halbu ki onun xoşagəlməz əməlləri barədə əlimizdə tənqidi yazı olduğu halda, qadın olduğu üçün ictimailləşdirmədik.

Şəhid ailələrinin ofisimizə gəlişi

Dünən, fevralı 11-də 10-dan artıq şəhid ailəsi ofisimiz qarşısına gəlib çəkiliş aparıb, canlı yayıma çıxıb. Mən ofisdə yox idim. Axşamçağı rayona gəlib, həmin şəxslərin 2-si ilə görüşdüm. İcra başçısını xeyli təriflədilər. Lakin ortaya bəzi cavab verə bilmədiyi suallar qoyanda, onlar çaşdırdıqlarını bildirdilər.

Məsələn, sual verdim ki, 3 ay onca, 29 oktyabrda icranın nəzdində olan İctimai Şuranın üzvü M. Lələyev haqqında məhkəmə qərarı olub, ərazidən kənara çıxmaması üçün ayağına bilərzik bağlanıb. Həmin bilərzikli “jurnalistlə” birlikdə icra başçısı tədbirə gedir,,  onu başqalarına nümunə göstərir.

Necə olur ki, icra başçısı şəhid anasını direktor təyin edir, şəhid atasına obyekt tikdiməyə kömək edir, sonra isə onları həqiqəti deyən jurnalistin üzünə durmağa məcbur edir?

Biz də icra başçısının bəzi abadlıq işləri aparmasını təqdir edirik. Amma görməli olduğu, amma görmədiyi çox işlər də var. Yəni, hiss etmirsiniz ki, icra başçısı masallıları üz-üzə qoyur. 1 saylı məktəbin yoxlama məsələsində təhsil şöbə müdiri Tariyel Əkbərovla Mirqabil Hüseynovla üzə-üzə qoydu. Sonra biri məktəbdən uzaqlaşdı, digəri vəzifədən uzaqlaşmaq üçün digərlərini onun üstünə qaldırdı.

Nə isə. Demişdim ki, “barıtın” çox etməyəcəm, ona görə, deyə biləcəyim çox-çox sözləri yazmadım.

Bir daha bildirirəm ki, heç kimdən hər hansı umacağım da yoxdur, qorxum da. Ay ofisimi sökdürəcəklər, qohumlarımı işdən qovacaqlar, maşını yandıracaqlar, şəhid ailələrini üstümə qaldıracaqlar, özümü şikəst edəcəklər və sair hədələrdən də qorxmuram. Belə addımlar məni daha da şöhrətləndirəcək, izləyici sayını artıracaq.

Necə deyərlər, sizin topunuz-tüfənginiz, xeyli üzəduranınız, trol dəstəniz var, mənim də haqq sözünü deməyə hələ də cəsarətini itirməyən jurnalist, bloger, siyasətçi, qazi dostlarım var. Ən azı 5 internet kanalı mənimlə canlı yayıma çıxmaq üçün təkidlə  çağırış edirlər. Hətta ölkə səviyyəsində mənim hüquqlarımı qorumaq üçün Müdafiə Komitəsi yaratmaq istəyənlər də var

Son əvəzi. Sizdən real informasiyadan başqa heç nə istəmirəm. Amma siz də gülünc addımlarla özünüzü, ətrafınızdakıları acınacaqlı duruma salmayın. 30-cu illərin təfəkküründən azad olun.  Masallıları, şəhid valideynləri ilə ziyalılarla üz-üzə qoymayın, gənc xanımları bu çirkablara qatmayın. Hansı yaxşı işləriniz var, təqdim edin, tv-mizdə şərait yaradaq çıxış edin. İstənilən nümayəndənizlə rəhbərlik etdiyim kanalda debata çıxmağa hazırıq. Necə deyərlər, "biz müharibə istəmirik, amma hərbə hazırıq"

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10