Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gözüqıpıq, cəsarətsiz, müti – Tənqidçilər niyə susur?


Ötən il Azərbaycan Kinematoqrafçılar İttifaqında teatrşünaslıq və kinoşünaslığın problemləri, hər iki sahənin inkişafı, hazırkı vəziyyəti mövzusunda müzakirə keçirilmişdi.

Müzakirəyə çıxarılan məsələlərdən biri, Azərbaycanda kinoşünaslığın nəzəri, yeni imzalar baxımından teatrşünaslıqdan geri qalsa da, kinotənqidinin teatr tənqidini müəyyən mənada üstələməsiydi. Çünki peşəkar teatrşünaslar tərəfindən tənqidi məqalələr, demək olar, yazılmır.

Qarşı tərəfin arqumenti bundan ibarətdir ki, teatr mühitində tənqid qərəz kimi dəyərləndirilir, gəlir gətirmir, prosesə əhəmiyyətli təsir göstərə bilmir və bu halda tənqidin mənası qalmır.

Tərbiyəçinin bizə vurduğu qapaz
Ümidsiz sevgi məktubları – İsabel Aliendenin hekayəsi
İki dəfə evləndi, övladlarının sayını gizlədi, ailəsinə verdiyi sözü tutmadı – Gülərkən ölən Rüfət Mehdiyev
Tədbirdə dediyim kimi, yenə o fikirdəyəm ki, teatrşünasların mövzuya dair mövqeyi əsaslı deyil, hətta müəyyən mənada bəhanə kimi səslənir. Çünki eyni problemlərlə kino sahəsindəki müəlliflər də rastlaşır. Amma hər şeyə rəğmən tənqid diskursunu inkişaf etdirməyin, mövqeyimizdə ardıcıl olmağı vacib sayırıq.

Çünki tənqidsiz alternativ düşüncələr, inkişaf tendensiyaları, yenilənmə mümkünsüzdür. Əvəzində toxunulmaz bütlər yaranacaq, konformizmə getdikcə, tənqid əhəmiyyətini itirəcək.

...Sənətşünaslıq elmləri doktoru Ədalət Vəliyevin “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri” kitabında tənqidin əhəmiyyəti bir nümunədə lakonik qeyd olunur. Ötən əsrin 80-ci illərində SSRİ-də teatr işinin təşkilini, onun effektli iqtisadi mexanizmini funksionallaşdırmaq və bədii-estetik planda yeniləşdirmək məqsədilə kompleks eksperiment keçirilir.

Bunun üçün teatr tənqidçilərinin fəaliyyəti zəruri sayılırdı, çünki islahatların uğuru tənqidin obyektiv fəaliyyətindən də asılıydı. Məsələ ondaydı ki, sovet dönəmində teatr tənqidi bu sahənin avtoritetlərindən asılı vəziyyətdə “yaşayırdı”. Odur ki, eksperimentlər nəticəsində teatr tənqidçiləri təşkilatlandı və onların prosesə fəal təsiri yarandı.

Yəni sovet totalitarizmində belə tənqidin zərurəti meydana çıxırdı. Üstəlik, indiki şərtlər sovet dövrünün şərtləri ilə eyni deyil, çünki tənqidin inkişafı üçün geniş imkanlar var.

Teatr tənqidində və ümumiyyətlə, tənqiddə, intellekt, geniş baxış bucağı, analitik qabiliyyət bir yana, ardıcıllıq, cəsarət və prinsipiallıq önəmlidir ki, bir qisim sənətşünasımız nədənsə bunu gözardı edir...

Teatr tənqidi sahəsindəki gözüqıpıqlıq, cəsarətsizlik, xüsusən, keçən il Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanan “İsgəndərə yeni namə” tamaşasına münasibətdə göründü. Tamaşa haqqında kuluarlarda kəskin tənqidlər səslənsə də, teatrşünaslar - teatr tənqidçiləri bu haqda yazmağa niyəsə çəkindilər.

Nəticədə, sosial şəbəkədə kimliyi konkretləşməyən Kostik Stanislavskinin profilində sözügedən tamaşa haqda tənqid-təhlil mətni yayıldı. Teatr cameəsi inboksda və vatsapda bir-birinə ötürdüyü mətndə haqlı məqamların olduğunu deyirdilər.

Doğrudan da, dövrümüzdə bir teatr tamaşası haqda resenziyanın açıq imza ilə yox, təxəllüslə və ya feyk imzayla yazılması absurddur.

Gənc teatrşünaslar, teatr tənqidçiləri bir yana, bu sahənin peşəkarları, tanınan isimlər - Aydın Talıbzadənin, Məryəm Əlizadənin, Vidadi Qafarovun, Elçin Cəfərovun, misalçün, bu tamaşa haqda yazısına rast gəlmədim.

Söhbət təkcə Mehriban Ələkbərzadənin tamaşasından getmir, əlbəttə ki, ümumiyyətlə, istənilən tamaşaya teatr tənqidinin müti, ətalətli münasibətindən gedir.

Bəzən tamaşalar haqda mədəniyyət jurnalistlərinin, ədəbiyyat adamlarının yazmasını teatrşünaslar, teatr tənqidçiləri həzm edə bilmirlər. Birincisi, bu, savadsız münasibətdir, ona görə ki, tamaşa tamaşaçı üçün oynanılırsa, onun haqda hər kəsin rəy bildirmək haqqı var.

İkincisi, əgər jurnalistin, ədəbiyyat adamının tamaşa haqda yazması sizi qəzəbləndirirsə, onda bir zəhmət, qələminizi itiləyib, meydana atılın. Meydanda olmadığınıza görə, sizin öhdənizə düşən vəzifəni başqaları görür.

Başqa bir məsələ - teatrda kimlərinsə tənqidi qərəz kimi anlamasının bir səbəbi, davamlı, ardıcıl tənqidin yoxluğundan, peşəkar münasibətlərin qurulması yerinə, şəxsi səviyyədə münasibətlərə önəm verməsindən, üstəlik də şəxsi maraqlardan qaynaqlanır.

Tənqid yaradıcı polemikaya, diskussiyaya yol açır, yeni fikir istehsal edir, odur ki, tənqid diskursunun yaradıcı mühitə faydası böyükdür. Bertold Brextin təbiriylə desək, tənqidin pozisiyası olmadan sənətdən həqiqi zövq almaq mümkün deyil.

Və əgər teatrşünaslar qonorarsızlıqdan şikayətlənirlərsə, o zaman Mədəniyyət Nazirliyi teatr tənqidini stimullaşdırmaq məqsədilə layihələr, dəstək proqramları həyata keçirsin və bu, onun birbaşa borcudur. İncəsənət sahəsində tənqidin aktuallığı hər şeydən öncə Mədəniyyət Nazirliyinin işinin effektivliyi üçün vacibdir./kulis az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10