Nəyə görə rüşvət alan həkim həbsxanaya düşməli, amma rüşvət tələb edən polislər belə məsuliyyətdən azad olunmalıdırlar?
2022-ci il fevralın 3-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi gənc heykəltəraş Rəşid Məhərrəmovun şikayəti üzrə xidməti araşdırmanın başa çatdığını elan edib. General Polad Həşimovun abidəsinin müəllifi olan heykəltəraş DYP əməkdaşlarını - DYP-nin patrul avtomobilinin ekipajını (99-YP-687), “Ekologiya postu”nun yaxınlığında, avtomobildə qızla öpüşə görə ondan 2000 manat pul tələb etməkdə ittiham edib. Araşdrıma nəticəsində yol polisi əməkdaşları intizam məsuliyyətinə cəlb ediliblər.
Bu məlumatı nəzərdən keçirdikdən sonra bir sualımız yarandı: nə vaxtdan yol polisi avtomobildə nalayiq davranış məsələləri ilə məşğul olur və öz avtomobilində bir qızla öpüşmək ictimai asayişin pozulması hesab edilə bilərmi?
AYNA-nın bu sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev deyib ki, məsələ barədə rəsmi məlumat yayılıb və həmin məlumata heç bir əlavəsi yoxdur.
Öz avtomobilində qızla öpüşməyin ictimai asayişin pozulması olub-olmaması ilə bağlı suala gəldikdə, Hacıyev qeyd edib ki, ictimai təhlükəsizlik qaydalarına riayət etmək birgə yaşayış qaydalarına riayət etmək deməkdir: “İnsanların çox olduğu yerlərdə qızla öpüşmək, hətta öz avtomobilində də olsa, ictimai asayişin pozulması sayıla bilər”.
DİN sözçüsünün qəribə məntiqi var. Biz bu addımın tərəfdarı deyilik, amma başa düşürük ki, Bakı bulvarında qadınla kişi öpüşsə belə, burada qanunsuz heç nə yoxdur, baxmayaraq ki, azərbaycanlılar qanunlar olmadan da əxlaq prinsiplərinə riayət etməyi öyrəniblər. Bəs niyə vətəndaşın şəxsi avtomobili qanun təmsilçisinin gözündə (bu halda Elşad Hacıyevin gözündə) insanların sıx toplaşdığı yer hesab olunur və buna görə də ictimai asayişin pozulması faktı ortaya çıxır?
Əxlaq polisi vəzifəsini üzərinə götürən yol polisi əməkdaşları ictimai asayişi bu qədər canfəşanlıqla müdafiə ediblərsə, o zaman niyə heykəltəraşı qanun çərçivəsində cərimələyib, cərimənin ödənilməsi üçün çek təqdim etməyiblər? Əvəzində isə rüşvət tələb ediblər. Bu, o deməkdirmi ki, 2 min manat qarşılığında ictimai asayişin pozmasına göz yummaq da olar?
Yol polisinin təbirincə, ictimai asayişi pozan heykəltəraşla bağlı vəziyyət daha bir vacib sualı gündəmə gətirir: Tutaq ki, heykəltəraş ictimai asayişi pozdu, o zaman ondan pul qoparmağa çalışan polislər də qanunu pozublar, üstəlik, bu pozuntu maşında öpüşməkdən daha ciddidir. Bəs niyə heykəltəraş Rəşid Məhərrəmovdan rüşvət istəyən polis əməkdaşları ancaq intizam məsuliyyətinə cəlb ediliblər?
Məsələni AYNA-ya şərh edən vəkil Elmir Süleymanov Bakı polisinin mövqeyi ilə razılaşmır. O, hesab edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə, heykəltəraşdan pul tələb edən polislər təkcə intizam məsuliyyətinə cəlb edilməli deyil, həm də qanunsuz pul – rüşvət tələb etməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Vəkilin bu sualını ünvanladığımız DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidovun cavabı da diqqətçəkən oldu: “Onlara qarşı niyə cinayət işi başlanmalıdır ki?!”.
Polisin hədə-qorxu ilə rüşvət almaq istəməsini xatırladılanda, Zahidov bildirdi ki, yayılmış rəsmi məlumatlara onun da əlavə edəcəyi heç nə yoxdur.
Heykəltəraş Rəşid Məhərrəmov özü əməkdaşımızla söhbətində qeyd edib ki, yol polislərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib-etməməsi ilə bağlı hələ yekun qərar verməyib.
Xatırladaq ki, 2021-ci il aprelin 23-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Fazil Əliyev COVID-19 xəstəsinin xəstəxanaya yerləşdirilməsi üçün qohumundan 1000 ABŞ dolları məbləğində rüşvət alarkən həbs edilib.
Qeyd etmək istərdik ki, Konstitusiyaya görə, vəzifəsindən asılı olmayaraq bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdirlər. Onda rüşvət alan həkim niyə həbsxanaya düşməli, rüşvət tələb edən polislər isə ancaq intizam məsuliyyətinə cəlb olunmalıdırlar?
Müəllif: Rəşad Rüstəmov