Almaniyanın “Bild” nəşri əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək planını dərc edib.
Cebhe.info adıçəkilən tabloidə istinadən xəbər verir ki, plan bir neçə hissədən ibarətdir.
Birinci mərhələ “Şəhərlərin təslim olması” adlanır. Bu mərhələdə Rusiya Ordusu Ukrayna qüvvələrinin darmadağın edilməsindən sonra ölkənin iri şəhərlərini mühasirəyə almağı və onları təslim etməyi planlaşdırır. Daha sonra qəsəbələrdə artıq yaradılmış kəşfiyyat mərkəzləri və Putinə sadiq siyasətçilər fəaliyyətə başlayacaq. Nəşr həmçinin kəşfiyyatçıların şəhərlərə girəcəyini yazır.
Onlara tapşırılacaq ki, şəhərlərin hər birində rusiyapərəst rəhbərlik yaradılsın, sonra onlar rus işğalçılarına təslim olmağa razılaşacaqlar.
Gələcəkdə Rusiya kəşfiyyat xidmətləri strateji obyektləri ələ keçirəcək, təhlükələrii aradan qaldıracaq, həmkarlarını işə götürəcək və ələ keçirilən şəhərlərdə yeni rəhbərlik yerləşdirəcək.
“Bild”in əldə etdiyi məlumata görə, Ukraynanın bütün meqapolisləri “sülh yolu ilə” Rusiyanın nəzarətinə keçənə qədər bu təcrübə ölkənin əsas şəhərlərində davam edəcək.
İkinci mərhələ “Xalq Rada”sının çağırılması” adlanır. Ölkənin bütün iri şəhərləri təslim olub Rusiyanın nəzarətinə keçdikdən sonra Putin rejimi qondarma Xalq Radası yaratmağı planlaşdırır. Bu, əsl parlamenti, Ali Radanı əvəz etmək, sonra isə onu etibarsız saymaq üçün edilir.
Kəşfiyyat orqanlarının fikrincə, Rusiya xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən seçilmiş qondarma nümayəndələrlə dolu bu “Xalq Radası” Ukraynanın marionet qanunverici orqanına çevriləcək. Xalq Radası adlanan qurumdan bundan sonra ölkəni tamamilə Rusiyadan asılı vəziyyətdə idarə edəcək “ehtiyat hökumət” yaranmalıdır. Bu manevrlər, kəşfiyyat məlumatlarına görə, rus işğalçılarının çevrilişini demokratiya görüntüsü və hüquqi pərdə ilə təmin etmək üçündür. Üçüncü mərhələ “Fövqəladə Vəziyyət və Düşərgələr”dir.
“Bild” qeyd edir ki, yeni marionet hökumətin yalnız bir vəzifəsi olacaq - milyonlarla ukraynalının Rusiya işğalına qarşı müqavimətini qırmaq.
“Bu qurumun vəzifəsi fövqəladə vəziyyət elan etmək və ən pisi odur ki, Rusiyanın islah olunmaz ukraynalıları aparmaq üçün düşərgələri yaratmaq planını həyata keçirməkdən ibarət olacaq” - hesabatda belə deyilir.
Həmçinin qeyd olunur ki, Ukrayna tərəfdarı olan fəalların saxlanması üçün düşərgələr artıq planlaşdırılır və məhbusların siyahıları tərtib edilir. Əhalinin qalan hissəsi rus işğalçılarına qarşı müqavimət qırılana qədər Rusiya və yeni yaradılmış Rusiyayönlü xüsusi xidmət orqanları tərəfindən terrora məruz qalacaq.
“Rusiya üçün bütün kampaniyanın uğuru fəth edilmiş ərazilərə nəzarətdən, Ukrayna xalqının həqiqi təslim olmasından və yeni hökumətin tanınmasından və legitimliyindən asılıdır” - kəşfiyyat mənbələri belə iddia edir.
Sonuncu mərhələ “Vahid İttifaq Dövləti” adlanır
“Bild”-in əldə etdiyi hesabata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti işğal planı üzərində Rusiya hökuməti ilə sıx əməkdaşlıq edir və hazırda Ukraynada yerləşdirməyə Rusiyayönlü komandalar hazırlayır.
Putin onlara ukraynalı siyasətçiləri ələ almaq və Kremlin rəqiblərini sıradan çıxarmaq tapşırığını verib.
Qeyd edilir ki, bütün əvvəlki tapşırıqlardan sonra Kremlin vəzifəsi Rusiyaya birləşməklə bağlı ümumxalq referendumunun keçirilməsinə şərait yaratmaq olacaq. Beləliklə, Putinin məqsədi indiki Ukrayna, Belarus və Rusiyadan ibarət sovet modeli üzrə yerli marionet rejimlər və Moskvanın mərkəzi nəzarəti altında ittifaq dövləti yaratmaqdır.
Müşfiq Abdulla/cebhe.info