Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zeynəb Xanlarovanın bacısı oğlu ölünü necə "dirildib"?


Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ilə bağlı yeni fakt üzə çıxıb. Xalq artisitinin bacısı oğlu sən demə, ölü də "dirildə” bilirmiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daşqın Nəsirov saxta sənədlərlə özünü 1980-ci ildə dünyasını dəyişən Quliyeva Cəvahir Saleh qızının nəvəsi kimi təqdim edərək mərhumun adına olan torpaq sahəsini ələ keçirib.

Məlumatı Cəvahir Quliyevanın nəvəsi Rza Zeynalov da təsdiqləyib. Onun iddiasına görə, Daşqın Nəsirov müvafiq qurumlara onun nənəsinin guya 2014-cü ildə dünyasını dəyişməsi barədə saxta sənəd təqdim edib:

"Sənədlərlə tanış olduqda məlum oldu ki, Dosti-zadə Ceyhun Oqtay oğlu, Nəsirov Daşqın Şirbala oğlu və hələlik məlum olmayan digər şəxslər əlbir olaraq Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə saxta ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, Türkan qəsəbə İcra Nümayəndəliyinin saxta arayışlarını təqdim edərək, guya Quliyeva Cəvahir Saleh qızının nəvəsi olması və guya Cavahir Saleh qızının 11 oktyabr 2014-cü il tarxidə vəfat etdiyini bildiriblər. Halbuki, nənəm 1980-ci ildə dünyasını dəyişib”.

Rza Zeynalov bununla bağlı Baş Prokurorluğa da müraciət edib.

Daşqın Nəsirov hazırda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham olunur. Onun barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan Binəqədi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib.

Cinayət işinə gəlincə, ittihama görə Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10