Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Niyə bu günə düşdün?!


Yazının başlığındakı fotonu heç bir təqdimat vermədən sizə göstərsəydilər, o adamın iş-gücü, sosial statusu haqda ağlınıza gələn ilk fikir nə olardı? Sizdən soruşsaydılar ki, fotodakı adam hansı peşənin sahibidir, ehtimalınız nə olardı? Necə yaşayır, kasıbdır yoxsa varlı, nə cavab verərdiniz?

Siz ehtimalınızı şərhdə yazın, mən nə düşündüyümü deyim. Mənim ağlıma ilk olaraq “Vosmoy” bazarında araba sürən, “yol ver, yol ver” deyib çörəyini başqalarının yüklərini daşımaqla qazanan vətəndaşlarımız gələrdi. Sadə, zəhmət və ağır şəraitdə ömür sürən, kasıb və mağmın insandır deyə düşünərdim...

Pul çox şeydir. Pul nüfuzdur. Pul düz onurğa, dik çiyinlərdir. Pul saysız hesabsız dostlar, bütün qapıları açan açardır. Pul şöhrət, bəzən hətta şərəfdir. Bütün günü mavi buludlar üzərində ölkədən-ölkəyə səyahət etməkdir. Pul liftdir, səni istədiyin mərtəbəyə qaldıra bilər. O mədəniyyəti, səviyyəsi, dünyagörüşü, təhsili, bacarığı səndən min qat artıq olanları sənin əlinin altında kölə olmağa məcbur edən qüvvədir. Pulun qüdrəti sonsuzdur...

Amma vay o gündən ki, pul səndən üz döndərə. Vay o gündən ki, dövran tərsinə fırlana, çarxın dönə. O zaman yuxarıda sadaladığım və sadlaya bilmədiyim onlarla “geyimlər” bir-bir əynindən çıxarılacaq. Olacaqsan lüt ana bülbül. Necə varsan, elə də görünəcəksən. Nüfuzun yox olacaq. Dostlar yox olacaq. Və yaxud da onlar yox olmayacaq, düşmən kimi sənin qarşına dikiləcəklər. Sənin qarşında baş əyənlər ki var idi, onlar səni tanımayacaqlar. Bu təkcə tanımamaq istəyindən deyil. Həm də fiziki olaraq tanımayacaqlar. Çiyinlərin sallanacaq, belin büküləcək və tanınmaz olacaqsan. Sənə yol verənlər küçədə tanıyıb-tanımamağından asılı olmayaraq kənara itələyəcəklər səni.

Hafiz Məmmədov kimi...

“Hafka” Azərbaycanda tayfaların ortaya çıxardığı bir milyarder idi. O, normal biznes şərtləri olan coğrafiyada ən yaxşı halda elə indi göründüyü kimi olardı. Nə savadı, nə bacarığı, nə nitqi onu iş adamı nərdivanının heç birinci pilləsinə də ayaq qoymağa imkan verməzdi. Əlinin zəhməti ilə yaşayıb bir tikə çörəyini qazanardı. 

Amma Azərbaycanda Hafiz Məmmədov üçün o qədər imkan yaradılmışdı ki, o imkansızlıq kəlməsinin nəyi ifadə etdiyini bilmirdi. Səhər yeməyini İstanbulda, naharı Dubayda, şamı da Parisdə edirdi. Bakıda onun obyektlərində işləyənlər isə öz əllərinin zəhmət haqlarını almaq üçün zülüm-zillət çəkirdilər. Mən jurnalist kimi “Hafka”nın işlədib pulunu vermədiyi neçə-neçə şirkətinin fəhlələrinin kollektiv şikayətləri haqda yazmışam. Çox güman indi də həmin yazılar internet resurslarında qalıb. Googledə axtarış versəniz, bəlkə də qarşınıza çıxacaq.

Amma hər özgə atına minən tez düşdüyü kimi “Hafka”nı da bir gün itələyib yəhərdən səhralığa atdılar. İndi boğazı susuzluqdan cadar-cadar olub. İçi yanır. Maaşlarını vermədiyi fəhlələr də elə bu durumda idi.

Yuxarıda pulun çox şey olduğunu yazmışdım. Amma pul hər şey deyil. Kələklə gələnin küləklə gedəcəyini gərək heç kim hafizəsindən çıxarmasın. Çıxardınsa, Hafiz olacaqsan...

300 min hədisi əzbər bilən hafiz yox, ha! Ehtiyacdan adını belə unudan Hafiz.

Yəni "Hafka"... 

P.S. Nahaq deməyiblər ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Yazının sonuna Hafiz kişinin pullu vaxtının fotosunu əlavə edirəm. Özünüz müqayisə edin.

Elnur Məmmədli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10