Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Azərbaycanda parlament üzvlərinin sayı 200-ə çatdırıla bilər”


“Uzun müddətdir ki, Azərbaycanda Milli Məclisin üzvlərinin sayının artırılması ilə və eyni zamanda, proporsional seçki sisteminə qayıdışla bağlı müzakirələr zaman-zaman gedib, sonra isə dayanıb”.

Cenub.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, keçmiş deputat Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, 2002-ci ildə proporsional seçki sistemi referendum vasitəsilə ləğv olundu: “O zamana qədər proporsional seçki sistemi qismən istifadə olunur və 125 deputatdan 25-i məhz proporsional seçki sisteminə ayrılmışdı.

Zaman keçdikcə, bu məsələyə tez-tez qayıdılır və xüsusilə də son illərdə siyasi partiyalarla bağlı yeni yanaşmaların tətbiq edilməsi bu müzakirələri daha da gücləndirib. Bildiyiniz kimi, Prezident Administrasiyasında Siyasi Partiyalarla İş şöbəsi yaradılıb, bu şöbə kifayət qədər səmərəli fəaliyyətə başlayıb və bütün siyasi partiyaların hökumətlə dialoqunu təmin edə bilir. Eyni zamanda, siyasi partiyalarla bağlı hər hansı bir problemi daha operativ və sürətli həllinə nail olmağa çalışır. Belə ki, bu qurumun dəstəyi ilə siyasi partiyaların yerlə təmin edilməsi prosesi həyata keçirilib. Ona görə də, bu istiqamətdə müzakirələr ümid edirəm ki, davam edəcək və siyasi sistemin bu alətiylə bağlı məsələlərdə də dəyişikliklərin baş verməsi gözlənilə bilər”.

Müsahibimiz əlavə edib: “Parlamentin deputatların sayı ilə bağlı məsələyə gəldikdə isə, bu da, vaxtilə geniş müzakirə olunan bir məsələydi. Biz də hər zaman bu fikirdə olmuşuq ki, parlament üzvlərinin sayı 200-ə qədər çatdırılsın. Çünki, əgər biz oxşar ölkələrə baxsaq, hətta əhalisinin sayı Azərbaycandan daha az olan ölkələrdə belə parlament üzvlərinin sayı çoxdur. Bu istiqamətdə daha yaxşı təmsilçiliyin təmin edilməsi nail olmaq üçün bütövlükdə bu alətdən də istifadə etmək olar.

Əlbəttə ki, bütün bunlar üçün Konstitusiyada dəyişikliklər edilməlidir. Çünki parlament üzvlərinin norması Konstitusiyada müəyyən edilib. Eyni zamanda, proporsional seçki sisteminə qayıdış ilə bağlı məsələ də Konstitusiyada öz təsdiqini tapmalıdır. Bu isə referendum vasitəsilə olan bir məsələdir və hazırkı şəraitdə referendum nə qədər məqsədəuyğundur, deyil bilmərəm. 

Hətta referenduma gedib-getməmək məsələsinin lehinə və əleyhinə olan arqumentlər də var. Lehinə olan arqument Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qalibiyyətdir və bütün insitutlar da bu qalibiyyətin əldə edilməsi məsələsində eyni mövqedən çıxış etdilər və demək olar ki, Prezidentin bu istiqamətdə olan bütün təşəbbüsləri dəstəkləndi. Siyasi partiyalar arasında demək olar ki, inkişaf etməyə başlayıb. Amma bir tərəfdən baxsaq deyə bilərik ki, Azərbaycan müharibədən çıxıb, Qarabağda böyük quruculuq işləri gedir və bunun üçün çox ciddi resurslar yönəlib. Belə olan halda seçki də bahalı resurslardan biri sayılır. Ona görə də, bu məsələni bir az düşünmək lazımdır”, - deyə Ə.Nuriyev yekunlaşdırıb.

Rafi MÜSLÜMOV





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10