Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Atası 85 yaşında olanda dünyaya gələn, Ərkivanın ən maraqlı adamlarından biri sayılan Hacı Əlihəsən, bir az da divara dərs keçən müəllim barədə


“Ali təhsil almaq arzumu eşidən atam ikiəlli başına vurub, dedi ki, kül mənim başıma, oğlum akademik olacaq. Bəs mənim sənətimi kim davam etdirəcək?”


...Masallının din xadimləri sadalananda bəzilərinin adı  ideal kimi səslənməsə də, amma hər birinin, necə deyərlər, özünə məxsus “türfə əlamətləri” var.

Həmin “türfə əlamətləri” olanlardan biri də, daim hazırcavablığı, qəfil,   hədəfə dəyən atmacaları, eləcə də din sahəsində dərin bilgiləri ilə seçilən Hacı Əlihəsən Hüseynovdur. 

“Hacı Əlihəsən” deyəndə ilk yada düşən onun rəhmətlik atası, 101 yaşında dünyasını dəyişmiş, bölgənin tanınmış din xadimlərindən sayılan, bir neçə dəfə həbs olunan Şeyx Bəşir Axund olur. Biz onun haqqında bir qədər sonra ətraflı bəhs edəcəyik. Hələlik isə, Hacı Əlihəsənin həyat yoluna nəzər salaq.

Hacı Əlihəsən Hüseynov Molla Bəşir oğlu

Hacı Əlihəsən: - 1939-ci il mart ayının 7-də Ərkivanda anadan olmuşam. Doğum tarixim yaddan çıxmasın deyə, həmin tarixi o vaxtkı evimizin şalbanına da bıçaqla həkk ediblər.

Həm də çox maraqlıdır ki, həmin vaxtların kəskin qaydalarına baxmayaraq Əlihəsənin Doğum Şəhadətnaməsinə atasının adı sadəcə Bəşir yox, hörmət əlaməti olaraq Molla Bəşir oğlu kimi yazılıb.

İlk təhsil illərində orta məktəbin əlaçı şagirdlərindən olub. Hətta, onu yay tətili günlərində əlaçı şagird kimi mükafatlandıraraq indiki Sankt - Peterburqa (o vaxtkı Leninqrad) şəhərinə istirahətə göndərmək istəyiblər. Lakin qatı dindar olan atasının “Ruslar çox da təmizkar deyil”  etirazından sonra həmin şəhərə getməkdən vaz keçib və nəticədə, 14 yaşlı Əlihəsən o vaxt Masallının Tüklə kəndində olan “ALOV”  pioner düşərgəsində dincəlməli olub.

Hacı Əlhəsənin Gəncə şəhərindəki həyatı

7-ci sinifdən sonra  Əlihəsən Gəncə şəhərinə gedir və oradakı texnikumda “Dərzilik” peşəsinə yiyələnməyə başlayır və paralel olaraq orta təhsilini davam etdirmək üçün həmin şəhərdəki fəhlə-gənclər məktəbində də axşamlar təhsil alır.

Divara dərs keçən müəllim

Hacı Əlhhəsən dilindən: - Gəncə çox qaynar şəhər idi. Mənimlə birgə təhsil alanların da çoxu axşamlar gah əyləncə yerlərinə, rəqsə-filana, gah digər məkanlara qaçardı. İçkidən, siqaretdən uzaq olan mən isə, yataqxananın bir küncündə oturub dərslərimi oxuyardım. Arada durub qonşuluqdakı dərs otağına keçəndə isə gördüm ki, fədai olan müəllimimiz divara dərs keçir. Məni görən kimi, çağırdı ki, bura gəl, sabahkı dərsi sənə başa salım. Soruşdum ki, ay müəllim, bəs divarla niyə danışırdın? Dedi ki, uşaqlar hamısı dərsdən qaçıb, ona görə dərsi divara keçdim ki, keçəcəyim dərsə görə aldığım pul halal olsun.

2 il yarım orada təhsil alandan sonra  atasının təkidi ilə yenə rayona qayıdır və orta təhsilinin son ilini Masallı şəhər məktəbində başa vurur.

Hacı Əlhəsən:- Attestat alandan sonra atam soruşdu ki, nə olmaq istəyirsən? Dedim, ali təhsil diplomu qazanmaq, sonra da alimliyə yüksəlmək, lap imkan olsa, akademik olmaq istəyirəm.

Bunu eşidən atam  ikiəlli başına vurub, dedi ki, kül mənim başıma, oğlum akademik olacaq. Bəs mənim sənətimi kim davam etdirəcək?

Ailənin sonuncu oğul övladı idim. Atamın ciddi təkidini görüb,  ali təhsil məsələsindən vaz keçib, mollalıq sənətini öyrəndim. Onsuz da atam bu sənətin çox sirlərini mənə öyrətmişdi. Onu da deyim ki, Gəncədəki fəhlə-kəndli məktəbinin əlaçı şagirdlərindən olduğum üçün, direktor mənə təkidlə deyirdi ki, 10-cu sinfi də burada oxu, sənə qızıl medal verdirim, sonra da istədiyin ali məktəbə imtahansız gir. (Həmin vaxtlar qızıl medal şagirdlər üçün belə bir imtiyaz var idi)

Dərzi Əlihüseyn 

O, 1958-ci ildə dərzilik məktəbin bitirir. 

Ailə güzəştinə görə hərbi xidmətə aparmırlar.

Necə deyərlər, Gəncə peşə məktəbində öyrəndiyi dərzilik peşəsi ilə dolanmağa başlayır. Əvvəl məhəllənin aşağısında bir dərzi dükanı açır. Sonra Masallıdakı tütün zavodunda işə düzəlir. Gah kisə, gah Vilis adlanan maşınlar üçün, hərdən bir lap iri maşınlar üçün “çuxol” tikir. “Qısası,  dərziliyə aid nə var idisə, əlindən gəlirdi. 70 manat əmək  haqqı idi, bundan əlavə 13-cü əmək haqqı, zəhərli sahədə işlədikləri üçün “süd pulu” və sair də verirdilər. Amma əsas çörəyi mollalıqdan çıxırdı. Məclis aparır, yasin oxuyurdum, kəbin kəsir, dua yazır və sair”.

Atasının  2 arvadı olub. Biri Masallının İsi kəndindən, Qara dayının bacısı idi. Ondan 2 övladı olub. Həmin qadın sonra  vəfat edib. Ondan olan oğlan isə müharibəyə gedib qayıtmayıb. 

“O vəfat etdikdən sonra Ağam-atam Ərkivanın  Bağlaküçə məhəlləsindən evlənib.  Bu izdivacdan  dünyaya 4 qız, 4 oğlan gəlib.  Oğlanların biri vəfat edib. Sonuncu övladı mən olmuşam.

Bir qardaşım  Əbdül Qəni idi. Təsadüfi qəza nəticəsində  müharibə şəraitində vəfat edib. Əbdül Baqıadlı digər qardaşım isə müharibəyə gedib, Almaniyada qalıb, qayıtmayıb. 

Atam Şeyx Bəşir əvvəllər yerli mollalardan, sonra Lənkəranda Mirzə Məmmədhüseyndən və atasından dərs alıb, eləcə də  Ərdəbil şəhərində, uzun müddət Zəncanda, daha sonra Nəcəfül-Əşrəfdə təhsilini davam etdirib,  55 yaşında vətənə qayıdıb. 

Ağam təkcə mənə yox, çoxlarına nümunə idi. Olduqca təmizkar idi. 101 yaşında, bircə gün xəstə yatmadan, bir anda dünyasını dəyişdi. Tez-tez şaxtalı havalarda buzu sındırıb dərələrdə¸ istillərdə soyuq suda çimərdi. Pəhrizkar idi. Hətta yuyulmuş paltarlarını da təzədən suya çəkər, qab-qacağın təmizliyinə çox fikir verərdi. Balıq yeməkdən doymazdı; İstər şor, istər duzsuz o balıqları yeməyi çox xoşlayardı. Yuyunmağa Boradigah hamamını gedər, yatanda 1 stəkan su içib sonra yatardı. Onu da xatırladım ki, sovet hökuməti atam Şeyx Bəşiri 2 dəfə, hər dəfə 5 il olmaqla həbsə atdırıb, lakin 1,5 il həbs həyatı yaşayandan sonra azad edib.


“Mənə mollağı öyrədənlər kimlər olub?”

Hacı Əlihəsən:- İlk təhsilimi, atamın dostu, Biləsuvarda “50 ev məhəlləsi” deyilən yerdə yaşayan, əsli Lerikdən olan   Molla Əlihüseyndən aldım. O vaxtlar həm dini təhsil alır,  həm də hüzr məclislərinə gedirdim. Molla Qələmdən də 2 dəfə, hər bir 4 ay olmaqla dərs almışam. Bütün bunlarla yanaşı ölənə qədər, təxminən 8 il qızılavarlı Molla Cəbrayılın yanına gedirdim. Çox zirək və savadlı adam idi. Arada kolxoz sədri də oldu. Əsas  dini bilikləri ondan öyrəndim. Əvvəl onun yanına şagird kimi getsəm də, sonra yanında  müəllimlik etdim.

Molla Cəbrayılın yanında mənimlə təhsil alan şagirdlər sonralar çox nüfuzlu məscidlərin axundları oldy. Belə ki, Şeyx Qüdrətin oğlu Hacı Əhməd Buzovna, molla Barat Ağdam, Mir Asif Göyçay, mən isə Masallı şəhər məscidinin axundu oldum.

Bölgəmizin din xadimlərindən söz düşəndə

Molla Müzəffər Axundu, Şeyx Əli Axundu,  Molla Qülamhüseyni, Molla Məzlumu,  Molla Məhəmmədi həmişə böyük ehtiramla xatırlayıram. 

O vaxtlar ölü götürməyə molla yox idi. Ağamla 15-20 il Astaradan Biləsuvaradək kəbinləri biz kəsmişik. Ən hörmətli, nüfuzla insanların dəfninə də mollalıq etməyə məni dəvət edirdilər. Onu da xatırladım ki, yüzlərlə davamçı yetirmişəm. 

Belə ki, bölgəmizin 100-dən artıq gəncinə kəbin kəsmək, dua yazmaq, ölü götürmək, hüzr idarə etmək... öyrətmişəm. Həmin şagirdlərimdən bir neçəsinin adını sadalaya bilərəm- Hacı Müşfiq, Hacı Fizuli, Hacı Mirkərim, Hacı Mir Faiq, Hacı Həmid, Hacı Ələkbər...

Hacı Əlhəsənin “KQB” işçisinə cavabı

Ağır vaxtlar idi. Hər il məhərrəmlik, orucluq ayları ərəfəsində məni milisə, KQB-yə çağırırdılar, hədə-qorxu gəlirdilər. Bir dəfə KQB işçilərində biri dedi ki, bilirsən, mən kiməm, sənin başına nə oyun açaram? Dedim onu bilmirəm, amma bunu bilirəm ki, zindanda da olsam, sürgündə də olsam, yenə də duayla, yasinlə, kəbin-filanla çörək və hörmət qazanacağam, orada da müəllimlik edəcəyəm. Amma sənin paqonun getsə... Sonra dostlaşdıq. Dedi ki, ayda 1-2 dəfə bura gəl, söhbətləşək. Dedim, bura çox gəlsəm, hörmətim olmaz. Deyərlər ki, bunlara “işləyir”.


Kolxoz sədri ilə söz atışması

Hacı Əlihəsən: - Muğan kəndlərində də bir tanınmış kolxoz sədri mənə atmaca atdı ki, niyə sən imkanlı adamların hüzr məclisini idarə etməyə daha çox gedirsən? Dedim ki, heç səni də heç vaxt kasıbın tabutuna girən görməmişəm. Kim vəzifədədir, onun tabutuna çiyin verirsən. Mən də sizin tabutuna çiyin verdiyiniz adamların hüzrünə gedirəm.

Sərçuvarda olan bir direktorla da Ağamın söz deyişməsi  olub. Deməli, ağam direktordan 1 maşın ot istəyir. Direktor deyir ki, bəs xalqın mülkiyyətidir, haram olar, ay molla. Ağam deyir ki, mən necə şeyxəm ki, 1 maşın ot məsələsini kitabdan-kitaba salıb, haramı halala çevirə bilməyim.

Belə söhbətlər o qədərdir e. Danışsam, bir kitab bağlamaq olar. Sonda Ağamla özümün bir söz atışmasını deyib, bu söhbəti bağlayaq. Bir dəfə qonşu oğlanla həyətdə mıx basdırırdıq. Ağam dedi ki, görüm, hansınız daha möhkəm basdıracaq? Dedim ki, əlbəttə qonşu oğlan. Dedi niyə? Dedim ki, onu atası 20 yaşında olanda  dünyaya gətirib, sən isə 85 yaşında olanda mən dünyaya gəlmişəm. Əlbəttə, o məndən güclü olar.

Son əvəzi

83 yaşlı Hacı Əlhəsənlə 2 dəfə bir neçə saatlıq söhbətdə çox mətləblərdən danışdıq; dünyanın yaranışından,  7 Adəm Həvvadan, onlardan sonra dünyaya gəlmiş Nazilədən, Mənzilədən, Huridən Mələkdən tutmuş, telefonla Yasin oxumağa, bu günümüzdə məscidə, mollaya münasibətədək məqamlara toxunduq. Nə bilim, cindən, şeytandan, duadan, cadu-pitikdən, dini rəvayətlərdən də söhbətimiz oldu. Hətta, “xatalı mövzuda” “müzakirəmiz” oldu. Lakin qarşılıqlı razılığa əsasən bəz mətləbləri xırdalamamağı qərara aldıq.

Sonda Hacı Əlihəsən söhbətə belə yekun vurdu:

Bütün olanlar və olacaqlar Qurani Kərimdə və Peyğəmbər kəlamlarında öz əksin tapıb. Qeyd olunub ki, dünənki gün bu günkündən, bu günki gün  sabahkından yaxşıdır. Getdikcə pis günlər gəlir. Zülm artacaq. Məscidlər çoxlaşa da, ibadət edənlər azalacaq, ya da olmayacaq, Qurani Kərimi adi kitab biləcəklər. Onu oxumayıb taxçaya qoyacaqlar.  Mollanın sözündən bezib ona qulaq asmayacaqlar. Hələ 1400 il əvvəl də dinin kökü yanmışdı. Lakin 72 şühadə öz şəhidlikləri onları göyərtdi.

Hacının söhbətlərini hörmətlə dinləsək də, sonda xatırlatdıq ki, gələcəyə elə də inamsız deyilik. İnanırıq ki, sabahlarımız daha gözəl olacaq. 


Cenub.az. Zahir Əmənov                                            






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10