Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra Hakimiyyəti 5 milyonluq yol cizgi boyası alır - Müəmmalı satınalma


Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərində bəzi küçə və prospektlərdə avtomobil yollarında nişanlama xətlərinin çəkilməsi üçün yol cizgi boyasının satın alınmasına 5 milyon manata yaxın vəsait xərcləyəcək. 

“Cenub.az” “İnterfaks-Azərbaycan”a istinadla xəbər verir ki, bunun üçün icra hakimiyyəti “NB Trading” şirkəti ilən 4 milyon 979 min 775 manatlıq müqavilə imzalayıb.

Məlumatdan da göründüyü kimi, söhbət bütövlükdə Gəncə şəhəri üzrə deyil, bəzi küçə və prospektlərdə nişanlanma xətləri üçün boya satınalınmasından gedir. Həmçinin, hazırda Gəncədə böyük miqyasda hansısa bir yeni qəsəbə, şəhərcik və s. tikintisi getdiyi barədə məlumat yoxdur. Həmçinin, nəzərə almaq lazımdır ki, söhbət çoxlu sayda hündürmərtəbəli binaların, müəssisələrin, obyektlərin və s. deyil, sadəcə yol cizgi nişanlarının boyanmasından gedir. Bu halda 5 milyon manatlıq(!) yol cizgi boyası alınmasına dair məlumat olduqca müəmmalı görünür.

Öncə qeyd edək ki, Gəncə ŞİH-in müqavilə bağladığı “NB Trading” 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı cəmi 50 min manatdır və “NB Group” şirkətinin nəzdində fəaliyyət göstərir. Yəni ki, yerli şirkətdir.

Bununla yanaşı, yerli və xarici bazardakı yol cizgi boyalarının qiymətilə bağlı kiçik bir araşdırma apardıqda məlum olur ki, bu boyaların qiyməti o qədər də yüksək deyil. Məsələn, ən keyfiyyətli boya istehsalçılarından hesab olunan “Jotun” və “DYO” şirkətlərinin boyalarının Türkiyədə pərakəndə satış qiymətləri bir litrə görə 6-7 dolları keçmir. Bir daha qeyd edək ki, söhbət dünyaca ünlü. ən keyfiyyətli boyaların topdan deyil, pərakəndə satış qiymətlərindən gedir.

Daxili bazarda isə yerli istehsal olan və ən çox istifadə olunan “AZPOL” şirkətinə aid boyalardır ki, onların da pərakəndə satış qiyməti 25 kiloluq qablarda cəmi 100 manatdır. Yəni ki, litri 4 manata.

Yenə də qeyd edək ki, söhbət topdan deyil, pərakəndə satış qiymətlərindən gedir. Bu isə o deməkdir ki, Gəncə ŞİH-in “NB Trading”-ə ödəyəcəyi 5 milyona dünya bazarındakı ən keyfiyyətli şirkətlərin istehsalı olan təxminən 500 min litr(!), yəni 500 ton(!), yerli istehsala aid isə 1 milyon 250 min litr(!), yəni 1250 ton(!) yol cizgi boyası almaq mümkündür. Bu qədər boyayla isə nəinki bütövlükdə Gəncə şəhərinin yol cizgilərini, az qala bütünlükdə Azərbaycanı başdan-başa boyamaq olar.

Deməli, belə çıxır ki, ya satınalma müqaviləsilə bağlı məlumatda hansısa yanlışlıq var, ya da Azərbaycanda onillərlə davam edən tender və dövlət satınalmaları ilə bağlı “şişirtmə adət-ənənələri” bu müqavilədə də özünü “parlaq şəkildə” büruzə verib...

 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10