Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin səbəblərini açıqlayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə açıqlamasında deyib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələrin olması labüddür.
Onun sözlərinə görə, səviyyənin dəyişməsinin başlıca amili suyun hövzəsinin iqlimi ilə bağlıdır: “Səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementlərinə, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində 30-40 sm intervalında dəyişə bilər. Suyun səviyyəsi ən yüksək intervala yay aylarında çatır. Çünki həmin vaxt çayların gursululuq dövrü hesab olunur. Ən aşağı səviyyə isə qış aylarında müşahidə olunur”.
Nazirin müşaviri qeyd edib ki, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı: “Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən artıq dəniz səviyyəsində enmələr müşahidə olunur. Bu enmə sürəti ildə təxminən 7 sm-ə bərabərdir. Xəzər dənizinin Azərbaycan hissəsində müntəzəm müşahidələr aparılır. Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsiri var. Odur ki, planlaşmada bu məsələlər nəzərə alınmalıdır”.