Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Kremlin vuran əli”, Hitlerin kabusu – “NKVD”-nin döyüşçüləri müharibədə iz qoyublar


“NKVD” haqqında söhbət düşəndə ilk növbədə göz önünə qanlı repressiya illəri, yüz minlərlə günahlı-günahsız insanların sürgünə göndərilməsi, güllələnməsi, “Lubyanka”nın zirzəmisindəki ağılasığmaz işgəncələr, gecə qəfil döyülən qapılar gəlir. “NKVD” təkcə sovet vətəndaşlarının deyil, həm də alman faşistlərinin qorxulu yuxularına çevrilib.
Bu qurumun tabeliyində yaradılan xüsusi təyinatlı dəstə sovet-alman müharibəsi dövründə keçirdiyi çoxsaylı effektiv əməliyyatlarla müharibə tarixində xüsusi iz qoyub. Dövrün hərbi və dövlət təhlükəsizliyi üzrə ekspertlərinin qənaətinə görə, “NKVD”-nin xüsusi təyinatlı dəstəsi dünyanın ən güclü və peşəkar xüsusi təyinatlıları sayılıblar.
Xüsusi təyinatlı dəstə Almaniyanın SSRİ-yə hücümundan beş gün sonra, 27 iyun 1941-ci ildə yaradılıb. Lavrenti Beriyanın 26 iyun 1941-ci il tarixli müvafiq əmri ilə dəstə Moskvanın “Dinamo” stadionunda formalaşdırılıb. Dəstə əvvəlcə qrup kimi yaradılıb. Qrupa ilk olaraq idmanın müxtəlif növləri üzrə dünya və SSRİ çempionları cəlb edilib. İlk 10 gündə dəstəyə 800-dən artıq tanınmış idmançı daxil olub.
15590694-1062808043848381-4975742883917698429-o.jpg (185 KB)
Bununla yanaşı, qrupa mənəvi və fiziki cəhətdən güclü olan xarici dil bilənlər də qəbul edilib. Eyni zamanda SSRİ-də yaşayan və fiziki göstəriciləri uyğyn gələn xarici ölkə vətəndaşları da dəstəyə səfərbər ediliblər. Bu siyahıda 110 nəfər bolqar, 125 nəfər ispan, o cümlədən almanlar, çexlər, polşalılar, rumanlar da olub. Onların dəstəyə qəbul edilməsi Avropada keçiriləcək əməliyyatda iştifadə etmək məqsədi daşıyıb.
Dəstə üç ay ərzində Moskva vilayətinin Mıtişi rayonundakı xüsusi düşərgədə təlim keçib. Ağır təlimlərə tab gətirməyənlər dəstədən xaric ediliblər. Təlimlər zamanı dəstənin üzvlərinə ən ağır və mürəkkəb şəraitdə döyüş aparmaq, yerli və xaricdə istehsal olunan silahlardan istifadə, müxtəlif rabitə qurğularının işlədilməsi, paraşütdən tullanma, ekstremal şəraitə uyğunlaşma, xəritə ilə işləmək, özünə ilkin tibbi yardım göstərmək və s. öyrədilib.
15590762-1062808047181714-7192674080035635549-o.jpg (152 KB)
“NKVD”-nin xüsusi təyinatlı dəstəsinin funksiyası düşmənin arxa tərəfinə keçib diversiya törətməkdən, düşmən qüvvələrinin hərbi planlarını əvvəcədən öyrənməkdən, xarici agentura şəbəkələrini aşkar etməkdən, SSRİ-nin xarici ölkələrdəki agentura şəbəkəsinin üzvlərinin fəaliyyətinə nəzarət etməkdən, onların xarici kəşfiyyat orqanları ilə gizli əlaqələri varsa, aşkar etməkdən, eyni zamanda sovet hərbi birləşmələrinin iri miqyaslı hərbi əməliyyatlarında iştirak etməkdən və c. ibarət olub.
Dəstə birbaşa İosif Stalinə və Lavrenti Beriya tabe olaraq yalnız bu iki şəxsin əmr və göstərişlərini icra edib.
Rusiya dövlət hərbi arxivindəki materiallarada qeyd olunub ki, 1941-1945-ci illərdə “NKVD”-nin xüsusi təyinatlı dəstəsində 7 mindən artıq əməkdaş xidmət edib.
1197605635951.217-900x.jpeg (105 KB)
Müharibə illərindəki fəaliyyətləri ərzində “NKVD”-nin xüsusi təyinatlı dəstəsinin keçirdikləri əməliyyatların nəticələri aşağıdakı kimidir:
- Canlı qüvvə, silah-sursat, yanacaq və ərzaq məhsulları olan 1495 düşmən eşelonu məhv edilib;
- 2323 avtomobil və motosiklet sıradan çıxarılıb;
- 93 kilometr dəmiryolu xətti dağıdılıb;
- 335 dəmiryolu və şosse körpüləri partladılıb;
- 145 tank və zirehli texnika, 51 təyyarə vurulub;
- 700 kilometr telefon və teleqraf xətləri sıradan çıxarılıb;
- 400 diversiya aktı nəticəsində 344 sənaye obyekti və anbarlar yandırılıb;
- Hərbi əməliyyatlar zamanı 136 min alman əsgəri və zabiti məhv edilib, onlardan 87 nəfəri Vermaxtın ali və yüksək rütbəli zabitləri olub;
- Keçirilən kəşfiyyat əməliyyatları zamanı 2024 alman agenti aşkar edilərək zərəzsiləşdirilib.
560360954756.3059-900x.jpeg (141 KB)
“NKVD”-nin xüsusi təyinatlı dəstəsi partizan hərəkatında fəal iştirak edərək partizan dəstələrinin əlaqələndirilməsində və istiqamətləndirilməsində mühüm rol oynayıb. O cümlədən xüsusi təyinatlı dəstə əldə etdikləri qənimətlərlə partizan dəstələrinin silah, ərzaq, geyim, yanacaq, texnika təminatını yaxşılaşdırıb.
“NKVD”-nin xüsusi təyinatlı dəstəsi ilə bağlı Adolf Hitler xüsusi əmr imzalayıb. Bu əmrə əsasən dəstənin üzvləri ələ keçirildikləri halda heç bir sorğu sualsız, əsir düşərgəsinə aparılmadan yerindəcə, lazımi məlumatları aldıqdan dərhal sonra güllələniblər.
scale_1200.jpg (94 KB)
Dəstənin üzvləri müharibə illərində göstərdikləri şücaətə görə yüksək dövlət mükafatları ilə təltif ediliblər. 2 mindən artıq şəxs müxtəlif orden və medallara, 27 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Stalin “NKVD”-nin xüsusi təyinatlı dəstəsiniin fəaliyyətinə yüksək qiymət verib və bu dəstəni “Kremlin vuran əli” adlandırıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10