Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kötük laxladı


Corc Ourelinin “1984”nü və “Heyvanıstan”ını oxuyanda gözünün qabağına istər-istəməz Qırmızı imperiya və eyni zamanda onun hələ də Azərbaycanda olan qalıqları gəlir. Qırmızı imperiyanın taleyi bəllidir. Bir zamanların ən zalım quruluşu indi komediyaların mövzusu olub. Həm müasir ədəbiyyat, həm də kinematoqrafiya Leninə, Stalinə və eyni zamanda onların banisi olduğu Sovet İttifaqına yalnız komediya personajları kimi yer ayırır...

Amma Azərbaycanda bu imperiyanın kötükləri hələ də öz atlarını sağa-sola çapırlar. Qaçmıları da əllərində. Bayaq tarixçi alim Boran Əziz danışırdı. Deyir Ramiz Mehdiyev özünü Kommunist Partiyasının rəhbəri kimi aparır, Akademiyanın rəhbər şəxslərini də raykom katibləri kimi görür. Dəqiq ifadədir. Mehdiyev qırmızı imperiyanın ən böyük kötüklərindəndir. O qədər böyükdür ki, onu dığırlayıb demokratiya yolundan kənarlaşdırmaq olmur.

Azərbaycanın siyasi səhnəsində qazandığı təcrübəni indi də elm səhnəsində tətbiq edir. Alimlər onun əlindən dad edir. Açıqlamalara fikir versək, görərik ki, AMEA-da vəziyyət həqiqətən də dözülməz həddə çatıb. Bu hədd siqnaldır. Həm bu durumu yaradan üçün, həm də o durumda olanlar üçün.

Amma Ramiz Mehdeyev dərs almaq yox, dərs verməyə alışmış persona olduğundan bunu eyninə də almır. Elə bilir ki, o, hər zaman hakimi-mütləqdir. Haradasa bu düşüncəsində haqlı da görünə bilər. Lakin yuxarıda qeyd etdiyim kimi, müəyyən bir həddə qədər. Bu həddi keçdinsə, ən yaxın hesab etdiyin şəxs də səninlə savaşa başlayacaq. Necə ki, vaxtilə ən əziz adamı olan Elton Məmmədov indi Mehdiyevlə savaşdadır.

Bə sonra nə olacaq? Mən deyim.

Bir az cəsarəti olanlar Mehdiyevin tiranlığına qarşı Kərim Şükürov kimi öz etirazlarını bildirməkdə davam edəcəklər. Şükürov bu yolda bir cığır açdı, nümunə göstərdi ki, xarakteri olan insanlar lazım olan yerdə “yox” deməyi bacaranlardır. Bu dünyanın da “VAR”dan deyil “YOX”dan yarandığını heç kəs unutmamalıdır.

Kərim Şükürov Mehdiyev diktaturasının dayaqlarına böyük zərbə vurdu. Onu laxlatdı. Bundan sonra vicdanı olan elm adamlarının cüzi dəstəyinə ehtiyac var ki, Akademiyadakı bu ekran görüntüsü dəyişsin.

Mehdiyev ya tez, ya da gec yola salınacaq. Sələfləri kimi onun da bir müddət sonra komediya personajı olacağına şübhəm yoxdur. Çünki bu tipajı o öz davranışı ilə yazır: həm tarixə, həm də yaddaşlara.

Elnur Məmmədli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10