Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ağ Ev öldürücü silahı işə salacaq: Blef, yoxsa...?


ABŞ-ın Rusiyaya qarşı təklif etdiyi yeni sanksiyalar, o cümlədən Rusiya rəhbərliyinə məhdudiyyətlər Vaşinqtonla Moskva arasında münasibətlərin pozulmasına səbəb ola bilər. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, nə Rusiyaya, nə də ABŞ-a münasibətlərdə fasilə lazımdır:

“Amma Rusiyaya qarşı yeni sanksiyalar təsdiq olunarsa, bu, potensial olaraq iki ölkə arasında münasibətlərin dayandırılmasına gətirib çıxaracaq”.

Peskov hesab edir ki, bu, Birləşmiş Ştatların “böyük səhvi” olacaq. O, Vaşinqtonu suala cavab verməyə dəvət edib:

“Onlar ən azı sanksiyaların onların probleminin həllinə kömək etdiyi hansısa vəziyyəti xatırlaya bilərlərmi?”

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın hakim Demokratlar Partiyasından olan senatorları Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya iqtisadiyyatının əsas sektorlarına, dövlət borcuna və dövlətin yüksək vəzifəli şəxslərinə qarşı ağrılı sanksiyalar tətbiq etməyi təklif edən qanun layihəsi təqdim ediblər.

Ümumiyyətlə, ABŞ həqiqətən Rusiyaya sözügedən “öldürücü” sanksiyaları tətbiq edə bilər, yoxsa blef edir?

Bununla bağlı “Cümhuriyət”ə açıqlamasında politoloq İlyas Hüseynov deyib ki, son dövrlərdə yeni fazaya keçən ABŞ-Rusiya münasibətlərini müşahidə edirik:



“Hətta müxtəlif ittihamlar və hədələr səsləndirilir. Eyni zamanda NATO-Rusiya qarşıdurmasını da hiss edirik. NATO-nun Şərqə doğru genişləndirilməsi prosesi ildırım sürəti ilə gedir. Bu isə Rusiyanı narahat edən əsas məqamdır. Buna görə də tərəflər arasında qarşılıqlı ziddiyətlər daha da dərinləşir. Həmçinin, NATO bir sıra dövlətləri sürətli şəkildə öz tərkibinə daxil etmək istiqamətində addımlar atır. Kreml isə adekvat olaraq həm Şərqi Avropada, həm də postsovet məkanında güclənməyə çalışır. Həmçinin Mərkəzi Asiyada və Qara dənizdə gedən proseslər də bunun tərkib hissəsidir. Bəzi ehtimallara görə, Rusiyanın Ukraynaya hücum ehtimalı ABŞ-ı ciddi narahat edir.

Rəsmi Moskvanın əsas məqsədi Ukraynanın Qara dənizə çıxışını bağlamaqdır. Digər tərəfdən isə Donbasda sürətli hücum əməliyyatı keçirməklə separatçılığa son qoymaq məqsədi daşıyan rəsmi Kiyevə Qərbdən həm siyasi, həm də hərbi dəstək müşahidə olunur. Lakin Ukraynanın NATO-ya qatılmasına böyük əngəllər var. Yəni ölkənin ərazi bütövlüyünün pozulması, Ukraynada demokratik institutlar bərqərar olunmaması və korrupsiya səviyyəsinin yüksək həddə olması NATO-ya üzvlüyünü məhdudlaşdırır. Ən azından, Brüsseldə bu şəkildə düşünürlər. Bununla yanaşı, İsveç və Finlandiyanın təcili şəkildə NATO-ya üzv olması prosesinə başlanılıb. Buna görə də, Rusiyanın gəmiləri İsveç və Finlandiya sularına daxil olmağa çalışır”.

Politoloq qeyd edib ki, ABŞ və Rusiya arasında diplomatik-siyasi müstəvidə də danışıqlar prosesi gedir:

“Cenevrə görüşü nəticə verməsə də, ən azından diplomatik danışıqların aparılması mühüm amil kimi dəyərləndirilməlidir. Lakin çox sərt sanksiyaların qəbul olunması da siyasi gündəlikdədir. Bu “öldürücü” sanksiyaların tətbiqi Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan vurmaqla yanaşı, həm də ABŞ-ın blef kimi istifadə etdiyi təsir mexanizmidir. Hazırda Ağ Ev Rusiyanı geosiyasi ambisiyalarından çəkindirməyə, postsovet məkanında və Şərqi Avropada möhkəmlənməsinin qarşısını almağa çalışır. Hesab edirəm ki, ABŞ Kremlin planlarının üstündən xətt çəkmək üçün blef edir”.

Elmir
Cebhe.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10