"Tesla" şirkəti ötən il 936 172 vahid elektrik avtomobili satıb ki, bu da 2020-ci il ilə müqayisədə 87% çoxdur.
Şirkətin məlumatına görə, bu göstərici indiyədək qeydə alınmış ən yüksək həcmdir. Təkcə 2021-ci ilin son rübündə müştərilərə 308 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33%-ini təşkil edib.
Bütün dünyada elektrik avtomobillərinə maraq yaranıb. 2020-ci ildə də digər illə müqayisədə elektromobillərin satışı 118 faiz artıb. Məsələn, Norveçdə 2020-ci ildə satılan avtomobillərin 54,4 faizi elektromobil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda 2020-ci ildə satılan avtomobillərin 0.3 faizini elektromobillər təşkil edib. 2020-ci ildə ölkəmizə 167 elektrikli avtomobil idxal olunub.
Belə olduqda, yaxın gələcəkdə dizel və benzinlə işləyən avtomobillər satışdan çıxarıla bilərmi?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, elektrik avtomobillərinin usta və servis xidmətləri tam formalaşmayıb:
"Dünyada artıq yeni bir tendensiya formalaşıb, bu da elektromobillərə böyük marağın göstərilməsidir. Hələlik dünyada daha çox "Tesla"nın elektromobillərini görürük. Elektrik avtomobilləri deyəndə ilk ağıla gələn onlar olur. Amma artıq Çin və digər ölkələr bazara daha ucuz variantlar təklif etməyə başlayıb. Çünki "Tesla" çox bahalıdır və düşünürəm ki, "Tesla" yarananda İlon Maskın iddiası, təşəbbüsü vardı ki, ondan başqa heç kəs bu işi görə bilməyəcək. Ona görə bu cür bahalı qiymətlər təklif edildi.
Eyni zamanda, "Tesla"nın bir zəif cəhəti odur ki, hansısa ölkəyə ayaq açanda usta və servis xidmətlərini yaratmaq barədə bir az gec düşünür. Azərbaycan cəmiyyətində, bəlkə də bu var, amma bunu bizim cəmiyyət tam görmür, bilmir. Şəxsən mən bu sahə üzrə mütəxəssis olaraq "Tesla"nın Azərbaycandakı fəaliyyətindən tam məlumatsızam.
Reklamla məşğul olmurlar ki, servisləri hardadır, maşınlara nə qədər xərc çəkilir və s. Bu yaxınlarda tanıdığım bir insan bu avtomobildən rəsmən imtina elədi. Çünki maşını təmir olunmaq üçün Dubaya getməli idi. Haradasa bunun üçün 13 min dollar xərcləndi. Düşünürəm ki, işgüzarlıq baxımından, bazarda rol oynamaq, müştəriləri məmnun etmək baxımından bir az riskli olacaq".
Ekspert hesab edir ki, ölkəmizdə bu avtomobillərə maraq istənilən səviyyədə deyil:
"Elektromobillər Azərbaycanda populyar deyil, bunun da səbəbi odur ki, maddi-texniki baza, usta və servis xidmətləri tam formalaşmayıb. İnsanlarımızın həmin avtomobillərə marağı zəifdir. Düşünürəm ki, bu problemlər həllini tapdığı vaxt insanlar elektromobillərdən səmərəli istifadə edəcəklər. Bugünkü reallıqlar isə bizi çox narahat edir”.
Günay Şahmar
Cebhe.info