Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir axşam taksidən düşüb faizə… – ARAŞDIRMA


Müştəriyə “çay içmək” təklifi, qanuna əsaslanmayan qanuni məşğulluq, təhlükəli komfort 

Azərbaycanda taksi istifadəçilərinin sayı iki dəfə artıb. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında taksi xidmətindən 80 milyon 412 min 600 nəfər (2019-cu ildə isə 40 milyon 129 min 300 nəfər) istifadə edib.

Dövlət Statistika Komitəsi bu rəqəmləri rəsmi şəkildə taksi işləyən sürücülərin göstərdiyi xidmətlərin sayı ilə hesablayır. Qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olanları da saysaq, bu rəqəm ən azı iki, üç dəfə artar. Bu isə o deməkdir ki, ölkədə taksi istifadə edənlərin təxminən sayı il ərzində 150 milyon nəfəri keçir.

Bu artımın səbəbləri nələrdir? Taksi qiymətlərinin ucuzluğu? Tıxac probleminin müəyyən qədər həllini tapması? Yoxsa, insanların rahatlığa meyl etməsi?

Rahatlıqdan söz düşmüşkən, son illərdə taksi şirkətlərinin sayının sürətlə artması insanlar əziyyətdən qurtulublar. Əvvəllər həyətdə, yollarda dəqiqələrlə taksi gözləyənlər, taksi dayanacaqlarına getmək üçün soyuq havada uzun yol qət edənlər, indi sadəcə bir zəng vasitəsilə taksi sifariş edə bilirlər. Hətta onlar verəcəkləri pulu da qabaqcadan bilirlər. Yoxsa, əvvəlki kimi, pul barəsində razılaşma mümkün olmur. Bununla da vətəndaş həm cibinə, həm də vaxtına qənaət edir.

Həmçinin hazırda arzulayan hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilir. Bu, təbii ki, insanların dolanışığına da müsbət təsir edir. 

Yuxarıda sadalananlar taksi xidmətinin hamı tərəfindən görünən üzüdür. Onun arxasındakı problemlərlə çoxumuz tanış deyilik. Çünki sürücü-müştəri münasibətlərində hər kəs özünə sərf edənləri axtarır – sərnişin rahatlıq və sürət hayındadır, sürücü isə artıq qazanc. Taksi şirkətlərinin sürücünü hansı faizə və neçə saat işlətməsi sərnişini çox da maraqlandırmır. 

Əlbəttə, problemlər tək bu deyil. Məsələn, bu günlərdə sosial şəbəkələrdə taksi sürücüsünün sərnişinə “çay içmək” təklif etməsinin videosu yayılmışdı. Vəziyyət o yerə çatdı ki, Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirdi, taksi sürücülərinin fəaliyyətinə 24 saat fasiləsiz nəzarətin həyata keçirildiyini qeyd etdi.

PressKlub.az mövzunun aktuallığını nəzərə alaraq, növbəti araşdırmasını məhz taksi fəaliyyətinə həsr edib.

***

“Artıq vətəndaşlar taksidən marşrut avtobusu kimi istifadə edir”.

Bu sözləri PressKlub.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, taksi fəaliyyəti ilə bağlı hazırda ölkədə, xüsusən də paytaxtda xaotik vəziyyət hökm sürür:

“Əsas səbəb bu sahədə müasir tələblərə cavab verən qanunların, qaydaların olmaması, mexanizmlərin isə olub, amma işləməməsidir.

Son illərdə taksi fəaliyyəti ilə məşğul olanların sayı hədsiz artıb və artmaqda da davam edəcək. Say çoxaldıqca problemlər də artacaq. Bu baxımdan, düşünürəm ki, taksi fəaliyyəti ilə bağlı müəyyən qanunverici baza yaradılmalı, ciddi sənədlər qəbul edilməlidir ki, problemlər aradan qaldırıla bilsin. Belə olacağı təqdirdə, sürücülər də məsuliyyətlərini dərk edə biləcəklər”.

E.Muradlı qeyd edib ki, hazırda taksi şirkətləri adı altında fəaliyyət göztərənlər, əslində, operator xidmətini həyata keçirir:

“Onların işi ancaq sərnişinlə taksi sürücüsünü əlaqələndirmək və faiz qazanmaqdır. Sözügedən şirkətlərin rəqabət adı ilə qiymətləri ucuzlaşdırması isə həm sürücüləri, həm də müasir taksi şirkəti qurmaq istəyən şəxsləri narahat edir. 

Maraqlıdır ki, hazırda qiymətləri daha aşağı olan şirkətlərin (“Uber”, “Maxim” və s.) arxasında erməni iş adamları dayanır. Necə olubsa, onlar bazara ayaq aça biliblər və hətta fərqlənmələri, lisenziyaları da var. Bu cür şirkətləri ləğv etmək, yerli şirkətlərin fəaliyyətinə üstünlük vermək lazımdır. Bu istiqamətdə hüquqi baza mütləq formalaşmalıdır”.

Ekspert son zaman taksi sürücüləri ilə bağlı artan şikayətlərdən də söz açıb:

“Təklif edirəm ki, bütün taksilərə səsli kameralar qoyulsun. Bu sahədə nəzarət mexanizmini qurmaqla, müəyyən irəliləyişlər əldə edə bilərik. Yadınızdadırsa, avtobuslarla bağlı da bu cür hallar, şikayətlər olurdu. Kameralar yerləşdirildikdən sonra bu cür şikayətlərin əksəriyyəti keçmişdə qaldı.

Hazırda Türkiyədə xüsusi taksi nömrələri var ki, başqa nömrələrlə taksi sürmək mümkün olmur. Əksər vaxtlarda sözügedən nömrələr yadigar olaraq digər ailə üzvlərinə qalır. Xatırladım ki, Azərbaycanda da bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif vaxtlarda təkliflər irəli sürmüşdü”.

Bakıda indi 40 000-ə yaxın taksi xidməti göstərən sürücülər var. BNA isə hesab edir ki, Bakı üçün 8 000 taksi yetərlidir. Bu mövzu mübahisəlidir. Çünki 32 000 taksinin fəaliyyətinə birdən-birə qadağa qoyula bilməz. Mən bunun tərəfdarıyam ki, ilk olaraq ictimai nəqliyyatın (avtobus və metro) gücləndirilməsi prosesinə başlanılmalı, daha sonra tramvay, trolleybusu bərpa etmək lazımdır. Bundan sonra onsuz da taksilərə elə də ehtiyac qalmayacaq. Bu məsələ ilə bağlı geniş təhlillər aparılmalı və qərarlar verilməlidir”.

E.Muradlı taksi qiymətlərində standartların olması təklifi ilə də çıxış edib:

“Rəqabət adı altında hazırda qiymət çox aşağı enib. Avtobusa da elə buna görə çoxları minmir. İnsanlar hesablayır ki, avtobusda basabas olacaq, gec gedəcək və s. Buna görə də bir az baha qiymətə olan manatlıq taksilərdən və ya sifariş taksilərdən istifadəni daha əlverişli hesab edir. Artıq vətəndaşlar taksilərdən marşrut avtobusu kimi istifadə edir. Sürücülərin əməyi istismar olunur. Onlar xərclərini qarşılamaq və gəlir əldə etmək üçün 12-13 saat dayanmadan çalışırlar.

Hazırda demək olar ki, hər kateqoriyadan olan insan taksi fəaliyyəti ilə məşğul olur. Onların arasında müəllim, həkim olanlar da var. Həmçinin iş verilməyən keçmiş məhkumlar da çörəkpulu qazanmaq üçün taksi sürməyə başlayırlar. Bu məsələlərin hamısı kompleks şəklində toplanılmalı və həlli istiqamətində işlər görülməlidir”.

***

Nəqliyyat məsələləri üzrə digər ekspert Eldəniz Cəfərov isə həmkarından fərqli olaraq düşünür ki, taksi qiymətləri ucuz deyil:

“Azərbaycanda taksi fəaliyyətini liberal xidmət kimi dəyərləndirirəm. Çünki hazırda hamı rahatlıqla sözügedən xidmətdən istifadə edə bilir. Qiymətlər isə nə yüksək, nə də aşağıdır. Bu gün işsizlər, müvəqqəti işi olmayanlar vergilərini ödəyərək, rahatlıqla taksi sürə bilərlər. Bu, önəmli amillərdən biridir.

Qonşu ölkələr, eləcə də inkişaf etmiş ölkələrdə olan taksi xidmətləri demək olar ki, Azərbaycanla eynidir. Yəni, burada üç istiqamət əsas götürülür. Özünün avtomobil parkı olan şirkətlər, yalnız əlaqə quran operator şirkətlər və fərdi taksi işləyənlər”.

E.Cəfərov taksi xidmətində olan nöqsanlardan da danışıb:

“Nöqsanlar əsasən sürücülərdən alınan faizlərlə bağlıdır. Hazırda operator şirkətlər sürücünün qazandığının 20 %-nə qədərini tələb edir ki, bu, çox böyük rəqəmdir. Düşünürəm ki, bu rəqəm daha aşağı olmalıdır. Bununla bağlı taksiləri istismar edən şirkətlərə sanksiyaların təbliğ edilməsi çox vacibdir.

Hazırda əksər insanların taksilərə müraciət etməsinin əsas səbəbi ictimai nəqliyyatın zəif işləməsidir. Əgər yaxşı və keyfiyyətli işləsəydi, aradakı intervallar az olsaydı, pul ödəmək üçün qoyulan terminallar işləsəydi, indiki vəziyyət yaranmazdı. Biz ilk olaraq ictimai nəqliyyatı daha keyfiyyətli hala gətirməliyik”.

Ekspert xatırladır ki, bir neçə ildir ki, taksi konsepsiyası ilə bağlı fikirlər danışılır:

“Həmin müzakirə olunan taksi konsepsiyasını mən məqbul hesab etmirdim. Çünki əgər həyata keçsəydi, minlərlə şəxs işsiz qalacaqdı, monopoliya yaranacaqdı və eyni zamanda da taksi qiymətləri artacaqdı. Bu məsələni yəqin ki, gələn il həmkarlarımla birlikdə geniş təkliflər hazırlayaraq, yenidən müzakirəyə çıxaracağıq”.

***

Hər iki ekspert suallarımızı cavablayarkən BNA-nın təklif etdiyi taksi konsepsiyasından söz açdılar. 

Xatırladaq ki, 2020-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsinə dair konsepsiya hazırlandığı barədə ictimaiyyətə məlumat verilmişdi.

Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdı. Qeyd edilmişdi ki, konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək. 

Konsepsiya cəmiyyətdə birmənalı qarşılanmadığı üçün Agentlik tərəfindən bildirilmişdi ki, daxil olan rəy və təkliflər də nəzərə alınmaqla, layihənin üzərində yenidən iş aparılması və cəmiyyətə təqdim edilməsi qərara alınıb.

Hazırda qurum tərəfindən layihə ilə bağlı yeni məlumatlar verilməsə də, ekspertlərin fikrincə, 2022-ci ildə bu məsələyə yenidən qayıdılacaq.

***

Maraqlıdır ki, hazırda taksi sürənlərin heç də hamısı tək bu işlə məşğul olmur. Onların müəyyən hissəsini digər peşələrdə işləyən, işdən kənar vaxtlarda taksi sürən şəxslər təşkil edir.

Taksi fəaliyyəti ilə bağlı daha dəqiq məlumatları almaq üçün bir neçə sürücüyə müxtəlif suallar ünvanladıq.

Sürücü Valeh Məmmədov:

“Gün ərzində 12-13 saat fasiləsiz işləyirəm. Həftədə bir gün istirahətim olur. Əvvəllər fərdi olaraq taksi sürürdüm, normal da qazanırdım. Sonradan taksi şirkətlərinin fəaliyyətə başlaması ilə maraq onlara artdı. Bu səbəbdən də hazırda bir neçə taksi şirkəti ilə əməkdaşlıq edirəm. Qazandığımın 20 %-i onlarındır. Vəziyyətim yaxşı olmasa da, şükür, dolanıram”.

Sürücü İkram Quliyev:

“İşdən sonra öz xərclərimi çıxarmaq üçün 3-4 saat taksi sürürəm. Şərtlər tam əl verməsə də, mənə çox köməyi dəyir. 

Şirkətlə anlaşmağım ancaq telefon vasitəsi ilə oldu. Lazım olan məlumatları doldurdum və bir neçə günə cavab gəldi”.

Sürücü Həsən Ağayev:

“Səhər saat 8-dən gecə 1-ə, 2-ə qədər işləyirəm. Şirkətlər tərəfindən məzuniyyət verilmir. Qeyri-iş günləri daha çox müştəri olduğu üçün mütləq xətdə olmağa çalışıram. Çox müştəri qəpikləri bəzən manat şəklində verir. Qazancım isə aya 800-900 civarında olur. Faiz bir az çoxdur, amma başqa çarə yoxdur”.

***

Sürücülərlə söhbətimizdən bəlli olur ki, onların əksəriyyəti gün ərzində 15 saatdan çox işləyirlər. Bəs, bu barədə qanun nə deyir? Onların bu qədər müddət fasiləsiz işləməsi düzgündürmü?

Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) PressKlub.az-a verilən məlumata görə, vətəndaşlar əmək müqaviləsini bağlayarkən mütləq şəkildə iş vaxtlarını, şərtləri müəyyən etməlidirlər:

“İstehsalat təqvimi əsasında, iş vaxtı çərçivəsində işləməlidirlər. Daha çox işləyərlərsə, onların əlavə ödəniş əldə etmək haqları var. Bu olmursa, quruma müraciət edə bilərlər”.

DƏMX-dən həmçinin bildirilib ki, müqaviləsiz işləyən şəxslər də quruma müraciət etməkdə sərbəstdirlər.

***

Sürücülərin əmək hüquqları ilə bağlı PressKlub.az-a açıqlama verən Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə taksi xidməti göstərən şirkətlərin reklamlarının düzgün olmadığını vurğulayıb:

“Onların etdiyi reklamın birində işdən kənar taksi sürərək gəlir əldə edən şəxs barədə məlumat var idi. Burada bir nəfərin 8 saatdan əlavə 3-4 saat işləməsi həm onun sağlamlığına, həm də digər yol hərəkət iştirakçılarına zərərlidir. Çünki onlar yorğun ola-ola müştəri üçün qaydaları pozaraq, sürətlə hərəkət edirlər.

Avropa ölkələrində taksi şirkətlərini məcbur edirlər ki, işçilərlə əmək müqaviləsi bağlasınlar. Bununla da işçilərin hüquqları təmin edilir. Amma Azərbaycanda bu yoxdur, ona görə də problemlər çıxır.

Mütləq qısa müddət ərzində taksi fəaliyyəti ilə bağlı norma hazırlanmalıdır. Norma əsasında qiymətlər bahalaşsa belə, təhlükəsizlik tam təmin ediləcək”.

***

Qısa müddət ərzində taksi fəaliyyəti ilə bağlı normaların qəbul edilməsi ümidilə…

Şəfəq





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10