Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İcazəli jurnalistika istəmirik!”


Jurnalistlər Milli Məclisin qarşısında “Media haqqında” qanun layihəsinə etiraz etdilər

Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirərək deputatları “Media haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb. “İcazəli jurnalistika istəmirik!”, “Mürtəce qanuna yox deyirik!”, “Qadağalarınızla yox olmayacağıq!”, “Qanundan qandal düzəltmə!” və başqa şüarlar səsləndirən jurnalistlərin əllərindəki plakatları qaldırmasına polislər imkan verməyib. Onlar plakatları aksiya iştirakçılarının əllərindən alaraq cırıblar.

Bir neçə dəqiqə sonra polislər (onların arasında qadınlar da olub) etirazçıları sıxışdıraraq, Milli Məclisin qarşısından üzüaşağı itələməyə başlayıb. Bu zaman media nümayəndələrindən yıxılanlar, xəsarət alanlar olub.

Jurnalist Nərgiz Absalamova yıxılarkən səkiyə dəyib və ciddi zədə alıb. N.Absalamova bildirib ki, polislər onları itələyəndə möhkəm səslə şüar səsləndirdiyinə görə qadın polislərdən biri ona qarşı zor tətbiq edib: 

“Boğazımdan tutub itələyirdi. O biri jurnalistlər bunu görüb qarşıma keçdilər. Həmin qadın polis bir də məndən yapışmağa cəhd elədi. Var gücləri ilə bizi itələyəndə yıxıldıq. Arxası üstə səkinin üstünə düşdüm. Əvvəl elə bildim ağrıdır, keçəcək. Sonra gördüm ki, ağrıdan ayağımı yerə qoya bilmirəm”.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılan jurnalistin dizində toxumaların zədələndiyi, onurğanın ən son hissəsindəki büzdüm sümüyünün sındığı və içəri batdığı məlum olub. Nərgiz Absalamova polislərin hərəkətindən prokurorluğa şikayət edəcək. O, obyektiv araşdırma aparılmasa, günahkarlar cəzalandırılmasa, məhkəməyə üz tutacağını vurğulayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə hadisə zamanı heç bir jurnalistə xəsarət yetirilmədiyini söyləyib. O deyib ki, polislər aksiya iştirakçılarının təhlükəsizliyini qanuna uyğun şəkildə təmin ediblər.

Etirazçı jurnalistlər aksiya zamanı bəyanat da səsləndiriblər.

“Biz, bir qrup müstəqil jurnalist olaraq, “Media haqqında” yeni qanun layihəsinin ölkəmizdə mövcud qapalı mühitin daha da sərtləşməsinə təkan verəcəyindən narahatlığımızı ifadə edir, bunu ifadə azadlığı hüququnun pozulması kimi qiymətləndiririk”, – deyə bəyanatda bildirilir. Qeyd olunur ki, yeni qanun layihəsində Azərbaycan Konstitusiyası və Avropa İnsan Haqları Konvensiyası ilə təminat verilən ifadə azadlığı prinsipinə zidd olan çoxsaylı müddəalar var. Aksiya iştirakçıları tələb ediblər ki, layihə Milli Məclisin müzakirəsindən çıxarılsın, yenidən işlənməsi üçün müstəqil ekspertlərlə birgə işçi qrup yaradılsın.

Xatırladaq ki, “Media haqqında” qanun layihəsi dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib. Parlamentin dekabrın 20-də keçirilən iclasında isə layihə ikinci oxunuşda qəbul olunub. Dekabrın 30-da üçüncü oxunuş planlaşdırılıb.

Etirazçı jurnalistlərdən Natiq Cavadlı “pressklub.az”a bildirdi ki, hökumət yalnız sözəbaxan, əmrə müntəzir jurnalistlərin olmasında maraqlıdır. Onun fikrincə, hökumət bu məsələdə istəyinə nail ola bilməyəcək: 

“İndi 2021-ci ildir, informasiya əsridir, neyləsələr də, axının qarşısını ala bilməyəcəklər. O başqa məsələ ki, yuxarılar öz məqsədləri naminə Azərbaycan Konstitusiyasını da, ölkənin qoşulduğu beynəlxalq konvensiyaları da heç sayırlar. Müstəqil mediaya, jurnalistlərə basqılar artsa da, vəziyyətin kəskin dəyişəcəyini düşünmürəm”.
N.Cavadlı qeyd etdi ki, müstəqil jurnalistlər və mütəxəssislərdən ibarət qrup bir müddət öncə qanun layihəsinə 40 düzəliş təklifi ilə parlamentə müraciət edib. “Bundan sonra da məsləhətləşmələr aparıb, etirazlarımızı davam etdirəcəyik”, – deyə jurnalist söyləyib.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10