Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ və İngiltərə Drezdeni niyə xarabaya çevirib?​ – yüz minlərlə dinc sakini məhv edən hücum


dünya müharibəsi zamanı SSRİ ilə müttəfiqləri arasında müzakirəyə və mübahisələrə səbəb olan hadisələr az olmayıb. Onlardan biri də müharibənin sonlarında Drezden şəhərinin ABŞ və Britaniya aviasiya qüvvələri tərəfindən bombalanması olub. Müharibədən sonrakı illərdə müttəfiqlərin bu genişmiqyaslı hərbi əməliyyatı SSRİ tərəfindən insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Eyni zamanda müttəfiqlərin SSRİ ilə razılaşmadan keçirdiyi bu əməliyyat hərbi gücün nümayişi xarakterini də daşıyıb. ABŞ və Britaniya hansı gücə malik olduqlarını dolayısı olaraq bu yolla, Drezden əməliyyatı ilə SSRİ-yə nümayiş etdiriblər.

Almaniyanın böyük şəhərlərinin bombalanması hər üç müttəfiq tərəfindən planlaşdırılıb. Bu cür hərbi əməliyyatlar hazırlananda əsas hədəf hərbi sənaye obyektləri, Vermaxt qoşunlarının dislokasiya məkanları, silah-sursat anbarları və s. seçilib. Drezden daha çox tarixi abidələr, memarlıq nümunələri, muzeylərlə fərqlənib.


1945-ci ilin fevral ayında Yalta konfransında Almaniyaya son həmlələr planlaşdırılanda ümumiyyətlə bu şəhərin adı çəkilməyib. Əsasən Berlin və Leypsiqə hava hücumu nəzərdə tutulub, həmin əməliyyatların ABŞ və Britaniya tərəfindən keçirilməsi razılaşdırılıb. Konfransdan üç gün sonra isə razılaşmadan kənara çıxılaraq Drezdenə hava hücunu başlanıb.

Beləliklə, fevralın 13-də ilk olaraq Britaniya hərbi hava qüvvələri Drezdenə hücum edib. 850 təyyarə gecədən başlayaraq səhərə qədər şəhərin bütün sahələrinə üç min tondan artıq bomba atıb.
Səhər saatlarında ingilis təyyarəçiləri Drezden səmasını tərk etdikdən sonra onları ABŞ təyyarələri əvəzləyib. 320 təyyarə Drezdenə daha 2 ton bomba atıb.


İki sutka ərzində Drezden daha üç dəfə bombalanmaya məruz qalıb. Diqqət çəkən məqamlardan biri odur ki, Amerika və Britaniya təyyarəçiləri şəhəri bombalayanda konkret hədəf seçməyiblər. Yəni, təkcə hərbi obyektlərə bomba atılmayıb. Drezden ətraf qəsəbələri ilə birlikdə girişdən çıxışa qədər yerlə yeksan edilib.

Drezdenin 1945-ci il 13-15 fevral tarixlərində bombalanması nəticəsində 12 min yaşayış binası, 24 bank, 24 sığorta şirkətlərinin binaları, 31 ticarət köşkü, 6470 mağaza, 640 müxtəlif təyinatlı anbar, 31 mehmanxana, dövlət qurumlarına məxsus 63 inzibati bina, 3 teatr, 18 kinoteatr, 19 xəstəxana, o cümlədən 8 hospital, 19 poçt binası, 39 məktəb, xarici ölkələrin 5 konsulluq binası, yüzlərlə istehsal müəssisələri tamamilə sıradan çıxıb.


Şəhərin su kəmərləri, ehtiyat su hövzələri, rabitə və elektrik xətləri, yanacaqdoldurma stansiyaları, dəmiryol və tramvay xətləri yararsız vəziyyətə düşüb.

Drezdenin bombalanması zamanı insan itkilərinin sayı fərqli rəqəmlərlə göstərilib. Almaniya Drezdendə 200 min, SSRİ 135 min, ABŞ 80-100 min nəfərin həlak olduğunu bildirib. Bəzi mənbələrdə isə həlak olanların sayının 500 min nəfəri keçdiyi göstərilib. Qeyd edək ki, həmin ərəfədə Drezdenin əhalisinin sayı rəsmi olaraq 650 min nəfər olub. Amma şəhərdə 2 milyona yaxın qaçqının məskunlaşdığı da rəsmi sənədlərdə öz əksini tapıb.

Bu böyük itkilərin qarşısında hərbi əməliyyat keçirən ABŞ və Britaniyanın itkiləri isə cəmi 8 təyyarə olub.


Şahidlərin söylədiklərinə görə, bombalandıqdan sonra Drezden tanınmaz hala düşüb, hətta sonralar yerli sakinlər öz yaşadıqları küçələri belə tanımaqda çətinlik çəkiblər.

Almaniyada rəqs məktəblərinin yaradıcısı Qret Palukka həmin dəhşətli anları belə xatırlayıb:
“Mən həyatımda belə dəhşətli hadisə görməmişdim. Bizim evimiz şəhərin mərkəzində idi. Binamızda yaşayanların hamısı həlak oldu. Onlar qorxularından evdən qaça bilmədilər. Mən binanın zirzəmisində gizlənmişdim. Amma düşünürdüm ki, bu zirzəmi əsl sığınacaq deyil və hər saniyə bura düşəcək bomba məni məhv edə bilər. Zirzəmidən çıxıb ətrafdakı yanğınların arası ilə qaçmağa başladım, küçələr meyitlərlə, yaralı insanlarla dolu idi. Göydən atılan bombalar isə tükənmək bilmirdi. Düz iki il mən bu səhnələri gözümün önündən çəkə bilmirdim. Yatanda həmin hadisələr yuxuma girirdi, qışqıraraq oyanırdım...”

Araşdırmaçıların qənaətinə görə, ABŞ və Britaniya bu dəhşətli səhnəni yaratmaqla Almaniyanın təslim olmasında Hitleri tələsdirmək məqsədini güdüblər. Bu qənaət inandırıcıdır. Amma on minlərlə dinc əhalini məhv etmək müharibənin yazılmış və yazılmamış qanunlarında, sözsüz ki, yolverilməzdir. Ortaya çıxan ikinci bir sual ABŞ və Britaniyanın niyə məhz Drezdeni seçməsidir. Tarixçilərin bu məsələdə də qənaətləri inandırıcıdır. Belə ki, alman faşizmi üzərində qələbədən sonra Drezdenin SSRİ-nin nəzarətində olacağı da Ruzveltə və Çörçillə əavvəlcədən məlum olub. Müttəfiqlər belə düşünüb ki, bomba görməyən şəhəri kommunistlərin liderinə “bəxş” etmək “ağılsızlıqdır”.


Bütün bunlarla yanaşı, Drezdendə görünməmiş bombalanma əməliyyatı ilə ABŞ və Britaniya bütün dünyaya, o cümlədən SSRİ-yə, onun rəhbəri Stalinə öz güclərini nümayiş etdiriblər.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10