Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qumara görə yeni cəzalar və cinayət məsuliyyətindən azad etmə halı müəyyənləşir


Qumar oyunlarının təşkili və ya keçirilməsinə görə yeni cəzalar müəyyənləşir.

Bununla əlaqədar Cinayət Məcəlləsində 244-1-ci maddənin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilir.

Beləliklə, qumar oyunlarının təşkili və keçirilməsi, o cümlədən qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə 5 min manatdan 10 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq olunacaq. Eyni əməllər təkrar, internet informasiya ehtiyatlarından və ya informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakını təşkil etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, o cümlədən xeyli miqdarda gəlir (50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ) əldə etməklə törədildikdə 10 min manatdan 15 min manatadək cərimə və ya 2 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Yuxarıda qeyd olunan əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən və ya külli miqdarda gəlir (200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ ) əldə etməklə törədildikdə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmin əməllər xüsusilə külli miqdarda gəlir (500 min manatdan yuxarı olan məbləğ) əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd olunan əməlləri (təkrar törədilmə halı istisna olmaqla) törətmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə əldə edilmiş gəlirin bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsində hazırda qüvvədə olan 244–1-ci maddəsinə (Qumarxana təşkil etmə və ya saxlama) qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama on min manatdan on beş min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsində 244-1-ci maddənin yeni adda və redaksiyada verilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 192-1-ci maddəsi (Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması) ləğv olunur. Həmin maddəyə əsasən, lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə və mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, bu, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin üçüncü oxunuşda parlamentə təklif olunan redaksiyasıdır və parlamentdə birinci və ikinci oxunuşdan keçən variantlardan tamamilə fərqlidir. Birinci və ikinci oxunuşdan keçən variantlarda sadəcə, 244–1-ci maddəyə hansı oyunların qumar oyunları hesab olunması ilə bağlı qeyd əlavə olunmuş, sanksiyalar dəyişməmişdi. 192-1-ci maddə isə ləğv olunmamış, yalnız adının dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi adlandırılması” və 192-1.2-ci hissənin isə (Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ləğv olunması təklif edilmişdi.
Layihə sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

APA.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10