Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sözdən söyüşə keçid qanunu


Mətbuat Şurasından MEDİA-ya necə keçdik? 

Dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirdi. Parlamentin ikinci oxunuşda qəbul etdiyi “Media haqqında qanun”a etiraz edən media mənsubları bu layuhənin mürtəceliyindən, Konstitusiyaya və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğundan danışdılar, Milli Məclisi belə bir qanun qəbul etməkdən çəkinməyə çağırdılar. 

Azərbaycan kimi bir ölkədə Milli Məclisin qanunverici təşəbbüsünün formal olduğunu hamı bilir. Qanunların bir qayda olaraq Prezident Administrasiyasından göndərlildiyi və parlamentin də onu təsdiqlədiyini bilməyən yəqin ki, çox az adam olar. Əlbəttə, jurnalistlərin etiraz ünvanı kimi parlamentin seçilməsi məntiqlidir. Nəhayətdə düyməni onlar basacaq, imzanı onlar atıb, məsuliyyəti onlar daşıyacaqlar. Amma bizi düşündürən mühüm sual başqadır: bu qanuna nə ehtiyac var?  

Universal “qadağalar” onsuz da var 

Kimsə iddia edə bilər ki, yeni qanun vətəndaşların hansısa hüquqlarını qorumaq, onları kütləvi yayımların ehtimal olunan neqativ təsirlərindən qorumaq üçündür. Belə bir iddia qətiyyən qəbul edilə bilməz. 

Şəxsi həyatın toxunulmazlığı;
Zorakılığa çağırış; 
Müəllif hüququ;
İnsanlıq əleyhinə çağırışlar və s…  
Bütün bu məsələlərdə sosial media şirkətləri Azərbaycan hüquq-mühafizə orqanlarından daha çevik reaksiyalar verir, araşdırmalar aparır, qərarlar qəbul edirlər. Hətta hökumətin yaratdığı minlərlə “fake” hesabı rəsmən ləğv edib, bu barədə də məlumatlar yayıblar. Deməli, məsələ heç də “günahsız qurbanları” düşünmək deyil. 

İşin mahiyyətini anlamaq üçün biz iki mühüm nümunəyə baxa bilərik: birincisi, medianın və xüsusilə sosial medianın, FM və peyk yayımlarının azad olduğu dünyaya, ikincisi isə bütün sadalananların ya qadağan ya da tam nəzarətdə olduğu dünyaya. 

Biz bu qanunla faktiki olaraq, peyk və FM yayımı nəzarətdə, amma sosial medianın sərbəst olduğu zolaqdan yerimizi tam qadağan və nəzarət zolağı ilə aralıq məntəqəyə dəyişirik. Bu dəyişiklik qətiyyən söz və ifadə azadlığına xidmət etmir. Əksinə, onun üçün yeni “ölüm prosesi” hazırlayır. 

Mətbuat Şurası nümunəsi 

Məsələn, biz 2000-ci illərin əvvəllərində yaranmış Mətbuat Şurasını xatırlaya bilərik. Bu təsisatın yaranma səbəbi rəsmi olaraq mətbuatın problemlərini həll etmək kimi elan edilsə də, bir neçə ilə Mətbuat Şurası bütün müstəqil medianın axırına çıxacaq prosesi legitimləşdirdi. Yeni dövrdə MEDİA (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi) adlı qurumun yaranması da medianın inkişafına deyil, onun müstəqil və müxalif hissəsinin boğulmasına hesablanmış bir orqandır. Dövlətin faktiki olaraq, bütün reklam bazarını məhv edib, sonra milyonlar xərcləyərək media qurumları yaratması təkcə absurd deyil, həm də söz və fikir azadlığı kontekstində qorxuncdur. 

Peşəkar mediaya əlvida… 

Bu qanun peşəkar jurnalistikanı ya asılı salacaq, ya da məhv edəcək. Hakimiyyətin şərtlərini qəbul edənlər ictimai etimadı, qəbul etməyənlər isə  yaşamaq imkanını itirəcəklər. Onların yerini tutacaq olanlar isə “pirat” yayımlar olacaq. Heç  kim ümid etməsin ki, bütün nəzarətdən kənar yayımçılar  peşəkar və universal etik normalara əməl edəcəklər. Əksinə,  bu yeni qanunun yaratdığı “imkan” yeni media “üfunəti” formalaşdıracaq. O zaman isə bu layihəni düşünənlərin, təklif edənlərin, səs verənlərin kənarda günahkar axtarmaq üçün mənəvi haqları olmayacaq. Məncə, olmamalıdır da. Çünki bu “sözdən söyüşə məcburi keçid” qanununu onlar yaradırlar. 

Müəllif: Seymur Həzi, pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10