Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pensiyaçılar fevralın 1-ni gözləsin…


Artım gözlənilən qədər olmayacaq

Azərbaycanda minimum əməkhaqqının, müavinətlərin, maaşların artırılmasından sonra növbə əmək pensiyalarına çatıb. Bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində göstərilib ki, gələn il minimum pensiya 240 manat olacaq. Bu, cari ilki 200 manatlıq təqaüdlə müqayisədə 20 faizlik artımdır.

2022-ci il üçün yaşayış minimumu da 9 manat artırılaraq, 210 manat məbləğində proqnozlaşdırılır. Sözügedən artımlara uyğun olaraq, ehtiyac meyarının məbləği də 30 manat artırılaraq, 200 manata çatdırılacaq. Cari ildə bu məbləğ 170 manat idi. 

Azərbaycan MDB ölkələri üzrə pensiya yaşının yüksək olmasına görə ilk sırada qərarlaşıb. Baxmayaraq, ölkə əhalisinin cəmi 7 faizi 65 yaşdan yuxarı insanlardan ibarətdir. Avropa ölkələrində bu rəqəm 18-23 və daha çoxdur. 

Xatırladaq ki, ölkədə 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı 65, qadınlar üçün 62,5 yaş təşkil edir. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Azərbaycanda 1.2 milyon nəfər pensiyaçıdan təxminən 710 min nəfəri yaşa görə pensiya alır. Onların 39,6%-ni kişilər, 60,4%-ni isə qadınlar təşkil edib. Bu da təsadüfi deyil. 2019-2020-ci illərin statistik məlumatlarına görə, 65 yaşına çatmadan dünyasını dəyişənlərin yarıdan çoxu kişilərdir. 

Pensiyaların hansı həddə artırılacağı isə məlum deyil. Əgər hökumət cari ildə baş verən kəskin qiymət artımlarını nəzərə alıb addım atarsa, hazırki pensiya məbləğlərinin minimum 40 faiz artırmalıdır. Çünki ərzaq qiymətlərini bir kənara qoysaq, Tarif Şurasının il ərzində verdiyi bahalaşma qərarları vətəndaşların büdcəsində ağır yükə çevrilib. Suyun qiyməti iki dəfə, elektrik enerjisi 22, qaz 33, yanacaq isə 30 faizdən çox artırılıb.  

Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, pensiyaların minimum məbləğinin 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, yalnız 240 manatdan az olan pensiyalar artacaq: “Yəni kimlərsə hazırda 200 manat alırdısa, onun pensiyası gələn ildən 40 manat, kimlərsə 210 manat alırdısa onun pensiyası 30 manat, kimlərsə 225 manat alırdısa onun pensiyası 15 manat, kimlərsə 239 manat alırdısa onun pensiyası 1 manat artacaq. Kimlərsə 240 manat və ondan dan yuxarı pensiya alırdısa, onun pensiyası artmayacaq”.

Q.İbadoğlu bildirib ki, bütün pensiyalar gələn ildən orta aylıq nominal əmək haqqının 2021-ci ildəki artım tempinə uyğun olaraq indeksləşdiriləcək: “DSK məlumatına görə bu ilin 11 ayında bu göstərici 2,6 faizdir. İlin son 1 ayındakı artımı da nəzərə alsaq bu rəqəm 3 faizə çata, amma azala da bilər. Bu barədə məlumat yanvarın ikinci yarısında bəlli olacaq. Prezident də fevralın əvvəlində yanvarın 1-dən pensiyaları bu göstərici əsasında indeksləşdirilməsinə sərəncam verəcək. Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə orta aylıq nominal əmək haqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni kimlərsə 250 manat pensiya alaırsa onun pensiyası 7 manat 50 qəpik, kimlərsə 300 manat alırsa onun pensiyası 9 manat, kimlərsə 350 manat alırsa onun pensiyası 10 manat 50 qəpik, kimlərsə 400 manat alırsa onun pensiyası 12 manat artacaq”.

Ekspertin fikrincə, adətən sivil ölkələrdə indekslərdirmə rübdə 1 dəfə inflyasiya səviyyəsinə görə aparılır, Azərbaycanda isə indeksləşdirmə ildə 1 dəfə orta aylıq nominal əmək haqqının artım tempinə görə həyata keçirilir.

Bəs minimum pensiyanın artırılması vətəndaşların pensiyaya çıxmasını çətinləşdirəcəkmi? Çünki minimum əmək haqqının gələn ildən 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalı 28800 manatdan 34560 manata qalxır. 

Qubad İbadoğlu deyir ki, bu yüksəliş pensiya yaşı çatanları 3 qrupa böləcək:

“Pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra yığılmış sığorta kapitalı 34560 manat və ondan azdırsa olanlara minimum məbləğdə – 240 manat pensiya veriləcək;

Pensiya yaşına çatan, lakin sığorta kapitalı heç olmayanlara 180 manat yaşa görə müavinət ödəniləcək;

Pensiya yaşına çatan 34560 manatdan çox sığorta kapitalına malik olanlar 240 manatdan çox pensiya alacaqlar”.

Əgər pensiya artımları ekspertin təxmin etdiyi formada artırlacaqsa, bu 30-40 il əmək stajı ilə təqaüdə çıxanlar üçün böyük haqsızlıq olar. Çünki bundan əvvəlki pensiya artımlarında da onların təqaüdləri arıtırlmamışdı, hökumət illik indeksasiya ilə kifayətlənmişdi. Ölkədəki inflyasiya və bahalşma istisnasız olaraq bütün vətəndaşların sosial vəziyyətinə təsir edir. O zaman hökumət hansı əsasla pensiyaçıların bir qrupunun vəziyyətini yüngülləşdirmək istəmir? Burada narazılıq doğuran başqa bir məqam da ondan ibarətdir ki, 30-40 il və daha çox əmək stajı olanlarla 10 illik stajla təqaüdə çıxanlar, habelə yaşa görə 180 manat sosial müavinət alanlar arasında cüzi fərq qoyulur. Minimum pensiya 240 manat olursa, bu qrupa daxil olan təqaüdçülər isə 250-300 manat civarında pensiya alacaqlar.    

2022-ci il üçün Azərbaycanda yaşayış minimumu 210 manat müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2014-cü ildə təsdiq etdiyi qərara əsasən, ölkədə minimum istehlak səbəti yaradılıb və hər 3 ildən bir yenilənir. İstehlak səbətində il ərzində əmək qabiliyyətli bir adamın illik istehlakı üçün nəzərdə tutulan normalar qeyd olunub. 

Minimum istehlak səbətində qeyd olunub ki, əmək qabiliyyətli bir adamın illik istehlakı üçün 116,8 kiloqram çörək (ayda 16 ədəd) 54,8 kiloqram kartof (ayda 4,5 kq), 97,2 kiloqram tərəvəz və bostan məhsulları (ayda 8,1 kq), 38 kiloqram meyvə və giləmeyvə (ayda 3,2 kq), 32,9 kiloqram ət və ət məhsulları (ayda 2,7 kq), 223,6 kiloqram süd və süd məhsulları (ayda 18,6 kq), 7,7 kiloqram balıq və balıq məhsulları (ayda 0,64 kq), 150 ədəd yumurta (ayda 12,5 ədəd), 10,9 kiloqram bitki yağı və marqarin (ayda 0,91 kq), 7 kiloqram kərə yağı (ayda 0,58 kq), 16,9 kiloqram şəkər və qənnadı məmulatları (ayda 1,4 kq), 4,7 kiloqram (ayda 0,39 kq) çəkidə digər ərzaq məhsulları nəzərdə tutulur.

İndi hökumətin müəyyənləşdirdiyi yaşayış minimumu ilə aylıq istehlak normasının neçə faizini almaq olar, bu, artıq əlavə şərhə ehtiyac olmayan sualdır. Çünki Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin aylıq istehlakında bu məhsulların bir çoxu ümumiyyətlə yoxdur…

Turqut , pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10