Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İtkin düşən alpinistlərdən ikisi cənubdandır-biri Astaradan, digəri Masallıdan





Məlum olduğu kimi Qubada, Xınalıqda Tufan zirvəsinə qalxan 3 alpinist itkin düşüb.

Aldığımız məlumata görə onlardan biri-Babur Hüseynov Astaradandır.

Babur Astara şəhərində anadan olub. Atası vəfat edib. BDU-nin sosiologiya fakültəsini bitirib. Özü polis orqanlarında çalışır.

Digər alpinist-Cəbrayılzadə Fəridə Zəbiyulla qızı isə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 25 yaşı var. Hazırda Bakıda valideynləri ilə yaşayır, tərcüməçi işləyirdi. Bir bacısı və qardaşı var. Qardaşı Şərəfə kəndindəki “Kamran“ Şadlıq zalında çalışır. Hazırda hadisə yerində olan Bəbur Hüseynovun masallılı tələbə yoldaşından vaxtaşırı məlumatlar alırıq. Axtarışlar davam edir.

cenub.az


“İtkin düşən alpinistlərin hansı marşrutla hərəkət etdiyi bilinmir, buna görə onların axtarışı çətinləşib”.

Bunu Oxu.Az-a Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) idmançıları alpinistlərin itkin düşməsindən danışarkən deyib.
Ehtimal edilir ki, itkin düşən idmançılar ən çətin marşrutla hərəkət edib:

“Ola bilər ki, duman olub, alpinistlər hərəkət marşrutunu dəyişdiyi üçün itiblər. Çünki dumanlı hava şəraitində yol axtarmaq çətindir. Belə şəraitdə dumanın səngiməsini gözləyib, sonra hərəkəti davam etdirmək olar.

Tufan zirvəsinə qalxmaq üçün bir neçə marşrut var, amma biz dəqiq bilmirik, onlar hansı marşrut üzrə hərəkət ediblər. Bu səbəbdən helikopter bir neçə dəfə dövrə vurub. Lakin onları tapma bilməyib”.

Onların sözlərinə görə, dağlarda itkin düşən alpinistlərin üzərində lazımi qədər ərzaq olmayıb:
“Ümumiyyətlə, ora iki-üç günlük yolu olan zirvə deyil, maksimum bir günə çıxıb-düşmək olur. Buna görə, üç-dörd günlük qida aparmağı düşünməyiblər. Əlavə ərzaq götürmək alpinist üçün əlavə yükdür. Onlar isti geyim, soyuq hava üçün yataq dəsti və gecələmək üçün çadır götürə bilərlər”.

İdmançılar bildirib ki, itkin düşən alpinistlərin ikisi çox təcrübəlidir:

“İtkin düşən qızın isə o qədər təcrübəsi yoxdur. Bildiyimə görə, o, velosipedçidir. Namin Bünyadov onlardan ən təcrübəlisidir. O, çox təhlükəli zirvələrə qalxmış idmançıdır. Onların itməsi təəccüblüdür”.

Təcrübəli alpinistlər bildiriblər ki, idmançıların itdiyi dağlarda havanın temperaturu mənfi 20 dərəcəyə qədər düşə bilər:

“Gecə temperatur aşağı olur. Bizdə dağlar elədir ki, orada uçuruma getmək təhlükəsi var”.

FHN isə bu barədə aşağıdakı məlumatı yayıb

Əməliyyat Qərargahı Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir.

Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur.

Axtarış-xilasetmə işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10