Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Devalvasiya qaçılmazdır…


"Hökumət manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirib"

2015-ci il fevralın 21-də Azərbaycanın maliyyə sistemində bütün daşları yerindən oynadan 30 faizlik ucuzlaşma baş verdi. Həmin ilin 21 dekabrında isə milli valyuta ABŞ dolları qarşısında bir daha kəskin dəyər itirərək, 1 dollar -1.55 manat səviyyəsinə düşdü. Sonrakı günlərdə Mərkəzi Bank məzənnəni bir az da aşağı çəkərək, bu günə qədər dəyişməyən 1 dollar- 1.70 manat səviyyəsində qərarlaşdırdı.

Ötən 6 il Azərbaycan iqtisadiyyatı üçün sabit keçməyib, devalvasiyanın dağıdıcı təsirindən tənəzzülə uğrayan iqtisadiyyat yalnız bir neçə ilə əvvəlki səviyyəni bərpa edə bilib. Amma 2020-ci ildən başlayan koronavirus pandemiyası iqtisadi dirçəlişin yenidən durğunluq və tənəzzüllə əvəzlənməsinə gətirib çıxarıb.

Bütün sahələrdə qiymətlər bahalaşıb, 2019-cu ildən etibarən hökumətin iki rəqəmli maaş, müavinət, pensiya artımlarına baxmayaraq, əhalinin gəlirləri kəskin azalıb, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi son 10 illikdə ən yüksək həddə çatıb. Hökumətin artım göstəricilərinə rəğmən idxaldan asılılıq yüksək həddə qalır, qeyri-neft ixracı 2 milyard dollara çatmır, neft hasilatında azalma davam edir, qaz satışından gələn vəsaitlər isə Neft Fondunun büdcəsində əhəmiyyətli dəyişiklilər yarada bilmir. Dövlət büdcəsinin neftdən birbaşa asılılığı da təhlükəli həddən aşağı düşmür, ölkənin əsas gəlirləri yenə də Bakı-Abşeron iqtisadi rayonun payına düşür. 

Ölkə iqtisadiyyatına qoyulan yatırımlar da sürətlə azalır. Bir qayda olaraq, xarici kapital enerji sektoruna hədəflənib, daxili investisiyaların bir hissəsi də ölkə iqtisadiyyatından çəkilərək Türkiyə, Gürcüstan və Qərb ölkələrinə doğru hərəkət edir. 

Hökumət təsvir olunan mənzərəni dəyişmək iqtidarında olduğunu nümayiş etdirmir. Bununla belə, müavinətləri, pensiya və maaşları artırmaqla, əhalinin düşdüyü ağır sosial durumu yüngülləşdirməyə çalışır. Ekspertlər bu addımların vacib olduğunu bildirsələr də, növbəti ildə daha sürətli bahalaşmanın, inflyasiyanın qaçılmaz olduğunu da vurğulayırlar. 

Növbəti ildə gözləntilərin biri manatın növbəti devalvasiya təhlükəsidir. Son illərin kəskin qiymət artımlarının təsiri ilə alıcılıq qabiliyyəti zəifləmiş milli valyuta dollar, avro qarşısında 6 illik nisbətini yalnız siyasi qərarla qoruyur. Ötən həftə Mərkəzi Bank uçot dərəcəsini 0.25 faiz artırmaqla manata təzyiqlərin olduğunu nümayiş etdirdi. Bu qərar inflyasiyanın cilovlanması üçün maliyyə alətlərindən biridir və hökumətin sosial sahəyə əlavə 1.5 milyard manat yönəltdiyi ərəfədə verilməsi təsadüfi deyil. 

Manatın kursu gündəlik olaraq Mərkəzi Bank tərəfindən müəyyən olunur və ölkədə bütün maliyyə əməliyyatları, habelə makroiqtisadi göstəricilər ona uyğun olaraq hesablanır. Bu səbəbdən hökumət milli valyutanın kursunu bazar şərtləri ilə müəyyənləşməsini istəmir və özünü kataklizmlərdən sığortalamağa çalışır.

Devalvasiyanı psixoloji olaraq yaxınlaşdıran amillərdən biri də Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyədə baş verən ajiotajdır. Ekspertlər manat-lirə məzənnələri arasında əlaqənin zəif olduğunu qeyd etsələr də psixoloji amillər öz sözünü deyir

Son aylar ölkədə dollara tələb artıb və bunu rəsmi rəqəmlər təsdiq edir. Məsələn, noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb. Bu məbləğ noyabrdakı tələblərin cəminə bərabərdir. Hərraclarda tələb tam təmin edilib. Xatırladaq ki, Dövlət Neft Fondu 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satıldığını açıqlamışdı. Nəticədə oktyabrla müqayisədə noyabr ayında valyuta satışı 314 milyon dollar və ya 58,2% artıb.

Bu tendensiya qarşıdakı aylarda necə olacaq, Azərbaycan hökuməti rezervlər hesabına manatın kursunu sabit saxlamaqda davam edəcək, yoxsa, üzən məzənnə rejiminə keçid edəcək?

Bank sektoru üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, manatın məzənnəsi neftin qiymətindən asılı olacaq. “Qlobal geosiyasi gərginlik müşahidə olunur. Bu fonda hər şey ola bilər. İqtisadi amillər həlledici deyil. Neftin qiymətinin ucuzlaşma ehtimalı isə olduqca yüksəkdir”,- o “Turan”a müsahibəsində vurğulayıb.

Ekspert qeyd edib ki, Türkiyə lirəsinin məzənnəsinin manata ciddi mənfi təsiri yoxdur: “Biz onsuz da Türkiyə ilə lirədə ticarət etmirik. Əksinə, Türkiyə malları bizim üçün ucuzlaşır. Türkiyə ilə yalnız Rusiyanın kənd təsərrüfatı məhsulları bazarında rəqabət aparırıq. Ola bilər ki, Türkiyə məhsulları bir qədər ucuzlaşsın. Amma yenə də düşünmürəm ki, bizim üçün əhəmiyyətli mənfi təsiri olsun”.

Ə.Həsənov hesab edir ki, manatın məzənnəsini 2017-ci ildə sərbəst buraxmaq lazım idi: “Əlverişli məqam onda idi. Qismən sabitlik var idi. Hamı artıq manatın məzənnəsinin dəyişkən olacağı ilə barışmışdı. Amma sonra yenə sabit məzənnə rejimi seçildi. Sonra isə pandemiya və müharibə oldu. Hazırda ölkədə qiymətlər onsuz da artır. Manatın sərbəst buraxılması ciddi sosial problemlərə səbəb ola bilər. Buna görə də hazırda manatın məzənnəsi sabit qalmalıdır. Lakin başa düşmək lazımdır ki, əvvəl axır devalvasiya qaçılmazdır. Neftin qiyməti sabit qalsa da, lap artsa da, bizdən hasilatın özü azalır. Qeyri-neft sektoru isə zəif inkişaf edir, çünki ölkədə normal hüquqi və investisiya mühiti yoxdur. Dəfələrlə demişəm ki, xalq arasında çox qeyri-populyar və çoxsaylı qarğış yiyəsi olan Elman Rüstəmovu elə ona görə Mərkəzi Bankın rəhbəri saxlayıblar ki, növbəti devalvasiyanı da zamanında etsin. O, bizim milli devalvatorumuzdur. Böyük ehtimalla, növbəti devalvasiyadan sonra o gedəcək, manat isə nəhayət, üzməyə başlayacaq. Yəni 2017-ci ildə edilməyəni yekunda edəcəklər. Lakin bunun nə vaxt olacağını demək çətindir. Yəqin ki, yaxın 3 ildə. Yaxşı olardı ki, növbəti ildə olmasın. Mövcud şəraitdə bunun fəsadları çox ağır ola bilər”.



İqtisadçı Natiq Cəfərli də Pressklub.az-a bildirib ki, manatın məzənnəsi inzibati qaydada tənzimləndiyindən istər ölkə daxilində, istərsə də yaxın qonşu ölkələrdə gedən iqtisadi proseslərin ona təsiri yoxdur. “Bizdə qiymətli kağızlar bazarı, valyuta birjası fəaliyyət göstərmir. Manatın məzənnəsi bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq müəyyənləşdirilmir. Bu, Mərkəzi Bankın və hökumətin apardığı siyasətin tərkib hissəsidir. Uzun illərdir ki, Azərbaycanda sabit məzənnə rejimi davam edir”, – o vurğulayıb. 

Bununla belə, iqtisadçı qeyd edir ki, qonşu ölkədə gedən proseslərin manatın məzənnəsinə psixoloji təsirləri var: “Məsələn, lirənin kursundakı dalğalanmalar, ölkə vətəndaşlarında devalvasiya gözləntilərinin yaranmasına səbəb olur. Çünki vətəndaşların 60-65 faizi Türkiyə telekanallarını izləyir, informasiya axını kifayət qədər təsir göstərir. Ona görə də, manatla bağlı qərarlar siyasi olduğundan onu iqtisadi kateqoriyadan ayırmaq lazımdır. Hökumət bunu iqtisadiyyatdan çıxararaq, siyasi sabitlik simvoluna çevirib”. 

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda devalvasiya qədər başqa bir təhlükəli proses gedir. O, manatın alıcılıq qabiliyyətinin getdikcə zəifləməsinə diqqət çəkir. Qeyd edir ki, bu tendensiya əhalinin yoxsullaşmasına yol açan məsələdir. Yəni sürətli inflyasiyaya paralel olaraq, manatın alıcılıq qabiliyyəti də aşağı düşür. 

“Aydın məsələdir ki, uzun müddət manatın məzənnəsini eyni səviyyədə saxlamaq mümkün olmayacaq. Bir müddət sonra məzənnə ilə bağlı qərarların verilməsi gözlənilir. Bu qərar 6 aydan da, iki ildən də sonra ola bilər. Amma mütləq baş verəcək”,-Natiq Cəfərli vurğulayıb.

Turqut   





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10