Azərbaycanlı biznesmen, bir vaxtlar Moskvada topdansatış meyvə-tərəvəz ticarətinə nəzarət edənlərdən biri olan Məhərrəm Quliyev (“Pokrovka Məhərrəm”) 2019-cu ildə həbs olunduqdan sonra Rusiyadan deportasiya olunub və hazırda Ukraynada fəaliyyət göstərir. Biznesmen virtualaz.org-a açıqlamasında bildirir ki, Rusiyada təqib olunmasının, həbsinin və daha sonra deportasiyasının arxasında Tofiq Əliyev adlı digər azərbaycanlının əli var.
"Pokrovka Məhərrəm"
Əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur "Pokrovsk” bazarını işlədərkən alıb. 2014-cü ilə qədər “Pokrovsk” Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi. Məhərrəm Həsənov və onun qardaşı Rövşən “Azfrut” şirkəti vasitəsilə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən meyvə-tərəvəzin idxalı və həmin bazar üzərindən paylanılmasını həyata keçirib. “Pokrovka” bazarı bağlanandan sonra həmin bazarda işləyən azərbaycanlılar “Food City” topdansatış bazasına keçmişdilər.
Xatırladaq ki, Məhərrəm Quliyev 2019-cu ildə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu və onu “miqrasiya qanunvericiliyini pozmaqda”, daha əvvəl barəsində çıxarılmış ev dustaqlığı rejiminə əməl etməməkdə günahlandırmışdılar.
Biznesmen bildirir ki, əslində onun həbsinin və ümumiyyətlə, Moskvada hüquq-mühafizə orqanları tərəfindən təqib olunmasının arxasında Tofiq Əliyev dayanırdı.
Həmin Tofiq Əliyev
M.Quliyev deyir ki, Tofiq İsgəndər oğlu Əliyev biznesmendir, 1968-ci ildə anadan olub, əslən ermənistanlıdır. Moskvada Federal Təhlükəsizlik Xidmətinin bəzi vəzifəli əməkdaşlarının “krışası” altında bizneslə məşğuldur, Pokrovsk rayonunda mağazaları və kafeləri, o cümlədən Domodedovo rayonunda restoranı var.
“Bu adamın əsas fəaliyyəti Moskvada imkanlı azərbaycanlıları FTX-nin əli ilə ilişdirməkdən, onlara tələ qurmaqdan ibarətdir. Tofiq Əliyev əvvəlcə özünün hüquq-mühafizə orqanlarındakı “krışası”nın əli ilə bu azərbaycanlılara problem yaradır, sonra isə guya onlara yaxşılıq edərək iri məbləğdə pullarını almaqla problemi “həll edir”. Həbs olunmazdan bir neçə ay əvvəl Tofiq Əliyev məndən 405 min dollar almışdı ki, miqrasiya qanunlarını pozmaq iddiası ilə barəmdə çıxarılan hökmü ləğv etdirəcək və Rusiyadan deportasiya olunmağıma, bu ölkədə yaşamaq icazəsinin ləğvinə imkan verməyəcək. Əvəzində isə bir neçə ay sonra SOBR (polisin çevik reaksiya dəstəsi) evimə basqın edib məni həbs etdi, ardınca isə Rusiyadan deportasiya olundum. Və Tofiq Əliyev bu günə qədər həmin pulu qaytarmayıb”, - Məhərrəm Quliyev əməkdaşmıza bildirib.
O deyib ki, Tofiq Əliyev başqa imkanlı azərbaycanlıları da eyni sxemlə soyub, onlardan külli miqdarda pullar alıb.
“Bu adamın siyahısında mənim bildiyimə görə, azı 10 imkanlı azərbaycanlı iş adamlarının adları var. Hətta onları mənim aqibətimlə qorxudur, şantaj edir, mesaj verir ki, onun şərtlərini qəbul etməyənləri Məhərrəmin aqibəti gözləyəcək”,- şəmkirli biznesmen bildirib.
Lakin Moskvada imkanlı azərbaycanlılara tələ qurmaqla məşğul olan Tofiq Əliyevin özü də iki ay əvvəl “ilişib”. Belə ki, onun növbəti qurbanlarından biri Domodedovo rayonunda ticarət obyektlərinin sahibi olan azərbaycanlı Tariyel Nağıyev idi. T.Əliyev FTX-da işləyən adamlarının əli ilə əvvəlcə onu sıxışdırıb. Sonra 200 min dollara bu işi “həll edə biləcəyini” deyib. T.Nağıyev isə ona qarşı tələnin əslində T.Əliyev tərəfindən qurulduğunu dəqiqləşdirərək məsələ barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Nəticədə T.Əliyev T.Nağıyevdən 200 min dolları alarkən təxminən 2 ay əvvəl həbs olunub. Və məlumata görə, onun FTX-dakı adamlarına qarşı da cinayət işi qaldırılıb.
Rusiya internet resurslarında yer alan məlumatlarda Tofiq İsgəndər oğlu Əliyev “Velostok” MMC adlı şirkətin təsisçisi kimi göstərilir. Və onun adı 2015-ci ildə bu şirkətin səhmlərinin 25 faizinin satışına dair sövdələşmənin ləğv edilməsi üçün boşandığı arvadı Əliyeva Esmira İsa qızının qaldırdığı mülki iddiada cavabdeh qismində keçir. İddiaya əsasən T.Əliyev səhmləri həyat yoldaşının icazəsi olmadan Alıyev Ceyhun Vəli oğluna satıb.
virtualaz.org