Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhsil sistemində 20 dekabr dəyişiklikləri: pis olan nə idi, yaxşı olacaq nədir?


Ekspert: “Bu dəyişiklik məktəblərimizin arzuladığımız təhsillə təmin olunması üçün zəmin yaradacaq”

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb. Sərəncama əsasən, təhsil şöbələri ləğv edilib və Təhsil Nazirliyinin regional idarələri yaradılıb.

Prezident eyni zamanda, “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.

Rayon təhsil şöbələri əsasında regional təhsil idarələrinin yaradılması hansı zərurətdən yarandı? Bu dəyişiklik təhsilimiz üçün nələr vəd edir? Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildi, bəs indiki halda Təhsil Nazirliyi bunun öhdəsindən gələcək, problemlərin həllinə nail ola biləcəkmi?



Yeniliyi AYNA-ya şərh edən təhsil eksperti Elvin Bədirovun sözlərinə görə, regional təhsil idarələrinin yaradılması problemlərin həlli istiqamətində müsbət dəyişikliklərə səbəb olacaq: "Dövlət başçısının imzaladığı sərəncamın nəzərdə tutduğu yenilikləri biz illərdir gözləyirdik. Şəxsən mənim üçün çox müsbət və ciddi nəticələrə gətirə biləcək hadisədir. Rayon təhsil şöbələrində, bölgələrimizdəki məktəblərdə ümumi təhsil səviyyəsi, təhsil nailiyyətləri, ali məktəblərə qəbul imtahanlarının nəticələri ümumi vəziyyəti əyani olaraq görməyə kifayət edir. Hər rayonun özünəməxsus təhsil şöbəsinin mövcudluğu nəinki məktəblərdə təhsil səviyyəsinin aşağı olmasına gətirib çıxarırdı, eyni zamanda da bürokratik əngəllər yaradırdı. Problemlərin həlli mexanizminin özündə belə, çətinliklərə səbəb olurdu. Daha funksional və imkanları geniş olan regional təhsil idarəsi formasında fəaliyyət həm bürokratik əngəllərin ardan qaldırılmasına, həm də məktəblərimizə kənar təsirlərin qarşısının alınmasına kömək edəcək".

"Ümumtəhsil məktəblərimizdə təhsil alan şagirdlərimizin keyfiyyətli təhsillə təmin olunması bizim məktəblərimizdə onlara təqdim etdiyimiz təhsilin ümumi səviyyəsindən asılıdır. Biz ümidvarıq ki, bu dəyişiklik məktəblərimizin arzuladığımız təhsillə təmin olunması üçün zəmin yaradacaq", - deyə ekspert fikrini davam etdirib.

Bədirov qeyd edib ki, bu dəyişiklik həm də vakansiyalarla bağlı şəffaflığın təmin edilməsinə kömək olacaq: "Ən əsası da rayon və bölgələrimizdə olan məktəblərimiz müxtəlif məmurların bilavasitə təsirindən xilas olmuş olacaq. Mövcud qaydalar əsasında mərkəzi nəzarət sistemi ilə normal, şəffaf fəaliyyət göstərə biləcəklər. Bu, gələcəkdə məktəblərimizdə mövcud vakansiyaların gizlədilməsinin qarşısını almış olacaq, təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərəcək. Mövcud dəyişiklik məktəblərimizə yeni ab-hava gətirmiş olacaq".

Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sərəncama münasibət bildirən ekspert bunun illərdir gözlənilən qərar olduğunu vurğulayıb: "Biz illərdir mətbuatda səsləndirdiyimiz, gündəmə gətirdiyimiz, mövcud reallığa etiraz etdiyimiz məsələ idi. Çox sevindirici haldır ki, bu qərar dəyişdirildi. Nəhayat ki, məktəbəqədər təhsil müəssisələrimiz əsl təhsil orqanı olan Təhsil Nazirliyinin tabeliyinə həvalə edildi. İcra hakimiyyəti orqanlarında bağçalara nəzarət mexanizminin formalaşdırılması tamamilə yanlış addım idi. Özündə çox ciddi problemləri cəmləşdirmişdi. Məktəbəqədər təhsil müəssisələrinin normal, keyfiyyətli fəailiyyətinə əngəl törədirdi”.

“Düşünürəm ki, bundan sonra bağçalarda Təhsil Nazirliyinin təhsilə xüsusi yanaşması ilə ciddi işlər görüləcək. Ən əsası isə baş vermiş bu hadisələrin Azərbaycanda təhsil strukturunda ciddi dəyişikliklərin həyata keçirilməsinə xüsusi zəmin hazırladığını düşünürəm. 12 illik təhsilə ciddi hazırlıq gedir. Məktəbəqədər təhsil müəssisələrinin də təyinatında, onların ümumi fəailiyyətində yeniliklər özünü göstərəcək. Bundan sonra 12 illik təhsil sisteminə - yeni təhsil modelinə keçid üçün əsas yaranmış olacaq”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10