Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Sərəncama əsasən, Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:
- Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi;
- Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi;
- Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi;
- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi;
- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi;
- Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi;
- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi;
- Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi;
- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi;
- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi;
- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;
- Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi.
Eyni zamanda, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Təhsil Nazirliyinin strukturuna daxil edilib.
Nazirlər Kabineti Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddini bir ay müddətində təsdiq etməlidir.
Eyni zamanda, nazirliyin müvafiq təhsil şöbələrinin balansındakı və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə (uşaq evləri istisna olmaqla) aid dövlət əmlakının Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq regional təhsil idarələrinin balansına verilməsini bir ay müddətində təmin etməli, nazirliyin regional təhsil idarələrinin yaradılması ilə əlaqədar onların maddi-texniki təminatı məsələlərinin həlli üçün iki ay müddətində tədbirlər görməlidir.