The National Interest”: “Rus qoşunları əməliyyat hədəflərinə cəmi 72-96 saat ərzində nail olacaq”
Yaroslav Bojko: “Söhbət quru əməliyyatlarından deyil, raket silahlarından, aviasiyadan və kiberhücumlardan istifadə etməkdən gedir”
Anatoli Pinçuk: “Vaxt qazana bilsək, Qərb tərəfdaşlarımız Kremlin təcavüzünün qarşısını ala bilər”
Ukrayna ilə müharibə olarsa, rus qoşunları 3-4 gün ərzində Dneprə çatacaq. Bu barədə “The National Interest” dərgisinə amerikalı ekspertlər - Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya Təhlili Departamentinin keçmiş direktoru Corc Bibi və Donald Tramp dövründə müdafiə nazirinin keçmiş müşaviri olmuş Duqlas Makqreqor danışıblar.
Onların fikrincə, Rusiya şimaldan cənuba doğru 200 min nəfərə qədər quru qoşunlarını yerləşdirəcək: “Rusiya öz müdafiəsi üçün BM-30 “Smerç” və “İsgəndər” raket sistemlərindən istifadə edəcək, Ukrayna səması isə Rusiyanın pilotsuz təyyarələri və ən son döyüş sursatları ilə idarə olunan pilotlu təyyarələrlə “dolacaq”. Rusiya qüvvələri S-400 və S-500 hava hücumundan müdafiə sistemləri ilə qorunacaq, Ukrayna və NATO-nun istənilən pilotlu və ya pilotsuz texnikası aşkar edilərək məhv ediləcək”.
Məqalədə o da bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi baş verərsə, Bayden administrasiyası Ukraynaya birbaşa müdaxilə etməyi düşünmür: “Belə şəraitdə Rusiya quru qoşunları Dnepr çayı boyunca əməliyyat hədəflərinə cəmi 72-96 saat ərzində nail olacaq. Kiyevin belə bir kampaniyaya müqavimət göstərə bilməsi çox şübhəlidir”.
Əslində, politoloqlar arasında belə bir fikir geniş yayılıb ki, “The National Interest” Amerikada Rusiya təbliğatının gizli ruporudur. Və bu baxımdan onun seçdiyi ekspertlərin rəyinə yüz faiz etibar etməyə yəqin ki, dəyməz.
Mövzunu AYNA-ya tanınmış ukraynalı analitiklər şərh ediblər.
“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko:
“Bu məlumatın təhlili kontekstində onun yayılma mənbəyini qeyd edərdim: “The National Interest” jurnalı çoxdan adi mühafizəkar mediadan Rusiya Federasiyasının təbliğat ruporuna çevrilib və bu medianın idarə heyətinə rusiyalı senator Aleksey Puşkov da daxil edilib.
Bundan əlavə, qeyd etmək lazımdır ki, bu bəyanatların həmmüəllifi olan cənab Corc Bibi artıq bir il əvvəl ABŞ rəhbərliyinə Vaşinqtonun xarici siyasətinə Rusiya Federasiyası üçün faydalı şəkildə yenidən baxılması tövsiyələri ilə məktub imzalamışdı, Rusiyanın “Birinci kanal”ının verilişlərində iştirak edib və s.
Yekunda belə qənaətə gəlirik ki, tammiqyaslı hərbi toqquşma onun nəticələrində belə dəqiqliklə proqnozlaşdırıla bilməz və hazırda Ukrayna ilə sərhəddə mövcud olan rus qoşunlarının qruplaşması uğurlu ildırımsürətli müharibə demək deyil. Rus qoşunlarının üstünlüyü çox şərtidir, kəmiyyət baxımından bu, son dərəcə təhlükəli və uzun sürən bir əməliyyatdır və Dneprə çıxış, keçən əsrin müharibələrinə bir növ istinad kimi görünür - mövqe, körpülər və hər şəhər uğrunda döyüşlər. 21-ci əsrin müharibəsi ilk növbədə yüksək texnoloji xarakter daşıyır, ona görə də söhbət heç də Dneprə yaxınlaşmaqdan deyil, raket silahlarından, aviasiyadan və kiberhücumlardan istifadə etməkdən gedir.
Ümumiyyətlə, bu məlumat Qərb mediasında təəccüblü müntəzəmliklə ortaya çıxan "Rusiya Federasiyasının işğal planı" kontekstində əvvəlki planlar kimi qiymətləndirilməlidir - müəlliflərin belə bir müharibənin hətta ən çox ehtimal olunan ssenarini proqnozlaşdırmaq üçün də tam imkanları yoxdur. O ki, qala döyüşlərin ilk günü üçün vaxt çərçivəsi və uğurları qeyd etmək ola”.
Şərqi Avropa Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin rəhbəri Anatoli Pinçuk:
““TheNational Interest” müxtəlif fikir və mövqeləri dərc edən mediadır. Ona görə də onun mövqeyindən danışmağa dəyməz.
Məqalədəki proqnozlara gəlincə, təəssüf ki, qismən doğrudur. Ukrayna effektiv hava hücumundan müdafiə sistemi quraraq “səmaları bağlayana qədər” Rusiya ordusu irimiqyaslı raket zərbələri ilə (həm öz ərazisindən, həm də aviasiyadan istifadə etməklə) 3-4 günə Ukrayna ərazisinin yarıdan çoxunu işğal etməyə qadirdir.
Ancaq Ukrayna orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin olunsa və onları hərbi hazırlıq vəziyyətinə gətirə bilsələr, o zaman göstərilən vaxt çərçivəsi xeyli artacaq. Bu da öz növbəsində Qərb tərəfdaşlarının (və bunlar sanksiyalar və hərbi yardımdır və mən, məsələn, Polşa kimi ölkələrin birbaşa hərbi yardımını da istisna etmirəm) təcavüzün davam etməsini Kreml üçün qəbuledilməz etmək üçün kifayət edəcək.
Ümumiyyətlə, Ukrayna ordusunun təcili yenidən silahlanması və onun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması təcavüzə qarşı ən yaxşı müdafiədir. Həm də müxtəlif ultimatumlardan”.
Müəllif: Rauf Orucov