Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin Ukraynada nəyə nail olmaq istəyir? - Moskva ABŞ-dan və NATO-dan tələb etdiyklərini ala biləcəkmi?


SSRİ dağılandan sonra Rusiya çox çətin iqtisadi və sosial vəziyyətlə üzləşmişdi. 1990-cı illərdəki iqtisadi dağıntılar altında çabalayan Moskva Sovet İttifaqı kimi qlobal geostrateji perspektivlər barəsində düşünməyi ağlına belə gətirmirdi. Kremlin başlıca məqsədi “yaxın xaric” adlandırdığı Sovet respublikalarını(Baltikyanı ölkələrdən başqa) öz təsir sferasından buraxmamaq idi və Rusiya indiyədək özünəməxsus şəkildə bunun öhdəsindən gələ bilib.

Lakin artıq Rusiya görür ki, “uzaq xariclə” özü arasındakı bufer zona hesab etdiyi ərazilər tədricən onun nəzərət orbitindən çıxır. Rusiya mövcud vəziyyətlə barışmaq istəmir və adekvat tədbirlər həyata keçirməyə çalışır. Kremli hazırda ilk növbədə Ukrayna ilə münaqişəni öz xeyrinə həll etmək istəyir. 

Onun üçün növbəti problem Qazaxıstandan gələ bilər, ancaq Moskva yaxşı anlayır ki, Ukrayna ilə yaranmış müşkül durumu yoluna qoymadan Qazaxıstana keçmək böyük taktiki səhv olar. Digər tərəfdən, Vladimir Putinin ABŞ-la hansı gizlinləri müzakirə etməsi maraq doğurur.

Sözügedən məsələ dünya mətbuatının və analitiklərin diqqət mərkəzindədir.

Yenisabah.az bu mövzuyla bağlı beynəlxalq KİV-lərdə gedən bəzi materialları oxuculara təqdim edir. 

Məsələn, Böyük Britaniyanın “Financial Times” qəzeti “Vladimir Putin nə üçün Ukraynaya hədəflənib?” başlıqlı məqaləsində sovet respublikalarının Moskvanın təsir sferasından uzaqlaşmasına mövzusuna toxunaraq, Ukrayna ilə Qazaxıstan arasında müqayisə aparıb: ”Vladimir Putin Ukrayna məsələsində həyat yoldaşı tərəfindən tərk edilmiş qəddar ər kimi danışır. Rusiya Prezidentinin iyul ayında yazdığı və beş min sözdən ibarət “Ruslar və ukraynalıların tarixi birliyi” başlıqlı məqaləsi ukraynalılara bəslənən əbədi sevgidən bəhs etməklə yanaşı,həm də bu sevginin qarşılıq görməyəcəyi təqdirdə zora əl atılmasının vacib olması fikirlərilə doludur. Ukrayna Prezidenti Volodimir Zelenski zarafatla deyib ki, yəqin Putinin boş vaxtı çoxdur ki, belə uzun məqalə yazıb.

Görünür, Putin Ukraynaya təkcə onun Rusiyanın təsir sferasında olmamasına görə qəzəblənmir. Putinin Qazaxıstanla da münasibətləri zəifləyir. Ukrayna kimi Qazaxıstan da müstəqillik qazanmamışdan öncə Rusiya imperiyasının, sonra isə SSRİ-nin bir parçası olub.

Putin Qazaxıstanın da daxil olduğu “Avrasiya İqtisadi İttifaqı”nın köməyi ilə Moskvanın Mərkəzi Asiyaya təsirini bərpa etməyə çalışır. Amma Rusiya burada Çinin ambisiyaları ilə qarşılaşıb. Belə ki, 2013-cü ildə Çin lideri Si Çzinpin Qazaxıstanın paytaxtı Nur-Sultana səfəri zamanı “Bir zolaq - bir yol” təşəbbüsünü elan etmişdi. İndi Qazaxıstan Moskva ilə müqayisədə daha çox Çinlə ticarət aparır. Putinin “Vahid Rusiya” partiyası Qazaxıstanın şimal ərazilərinə torpaq iddiası irəli sürsə də, Kreml Qazaxıstandakı təsir gücünün zəifləməsinə çox da ciddi əhəmiyyət verməyib.

Əlbəttə, Qazaxıstan Çinlə müdafiə sahəsində işbirliyi həyata keçirməyib, amma bəllidir ki, bu iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi təhlükəsizlik məsələlərinə də təsir göstərir. Qazaxıstanı Ukraynadan fərqləndirən cəhət bu ölkədə demokratiyadan əsər-əlamətin olmamasıdır. Ancaq Ukrayna həmişə Putin Rusiyasına bənzər avtoritar rejimin öz ərazisində tətbiq edilməsinə qarşı çıxıb. Bir çox aspektdən Ukraynadakı sistem uğursuz və korrupsiyalaşmışdır, lakin buna baxmayaraq bu ölkədə aktiv vətəndaş cəmiyyəti və azad seçkilər var.

Putinin söylədiyi kimi, Rusiya və Ukraynanı həqiqətən də sıx tarixi və mədəni bağlar birləşdirir. Elə məhz ona görə də Ukrayna Moskvadan fərqli siyasi kurs seçdiyindən, bu, Kreml üçün xoşagəlməz vəziyyət yaradıb”

ABŞ-ın “The Wall Street Journal“ qəzeti isə eyni mövzuda “Rusiya və Ukrayna arasında gərginlik: sərhəddə baş verənlər müharibəyə gətirib çıxara bilərmi?” başlıqılı məqalə dərc edib. Yazıda Kremlin konkret hansısa plana malik olub-olmadığı məsələsinə toxunulur: ”Hələlik bəlli deyil ki, Rusiya tam olaraq nə istəyir. Rusiya ya Ukrayna üzərində nəzarəti bərpa etmək, ya da ki, NATO-ya Ukrayna ilə daha sıx əlaqələr qurmasına imakn verməyərək, bu ölkənin Moskva və Qərb arasındakı bufer rolu oynamasını saxlamaq istəyir.

Sovet dövründə Ukrayna qiymətli resurs mənbəyi idi. Onun zəngin torpaqları SSRİ-ni taxıl ilə təmin edirdi, bu respublika həm də mühüm sənaye mərkəzi idi. Digər yandan, geniş Ukrayna düzənlikləri Rusiyanın dərinlikləri ilə Avropa dövlətləri arasında özünəməxsus bufer rolunu oynayırdı. Ölkələr arasındakı sıx tarixi, mədəni və digər əlaqələr 18-ci əsrdə meydana gəlmiş Rusiya imperiyasından xeyli əvvəl mövcud olub. “Dəmir pərdə”nin ğötürülməsindən sonra Moskva Ukraynanı özü üçün əsas geosiyasi məkan hesab edir və oradakı qərbyönümlü ovqatı narahatlıqla izləyir.

Rusiya öz qonşusuna hücum edəcəyi ittihamlarını rədd edir və NATO-nu Ukraynaya müasir silah verməklə regionda gərginlik yaratmaqda günahlandırır. Rusiya rəsmi nümayəndələri bəyan edirlər ki, onlar münaqişəyə can atmırlar, sadəcə, bölgədə maraqlar arasında balansın təmin olunmasını istəyirlər. Bundan başqa, Kreml tələb edir ki, NATO şərqə tərəf genişlənməyəcəyi və ya Rusiya sərhədləri yaxınlığında silahlı bazalar yerləşdirməyəcəyinə təminat verməldir.”

Sözsüz ki,Moskvanı ən çox təlaşa salan məsələ NATO-nun şərqə doğru irəliləməsidir və əgər yaxın zamanda Ukrayna bu alyansa daxil olarsa, onda NATO ilə Rusiya artıq həmsərhəd olacaq. Bu isə Kreml üçün ən xoşagəlməz ssenaridir.

Xorvatiyanın “Advance” internet portalı “Sülh və müharibə arasındakı gizli danışıqların analizi” məqaləsində Vladimir Putinin ABŞ-dan NATO-nun şərqə doğru genişlənməyəcəyi təminatı almaq niyyətindən yazır. Məqalədə deyilir: ”Baydenlə söhbətində Putin ABŞ-a və ya NATO-ya təklif edib ki, ona hüquqi təminat verilsin ki, NATO bundan sonra şərqə tərəf genişlənməyəcək. Yəni, başqa sözlə desək, Ukrayna və Gürcüstanın heç zaman NATO üzvü olmayacaqları təminatı istənilir. Kreml deyib ki, Bayden NATO və Rusiya nümayəndələri arasında görüş keçirilməsi ideyasına özünəməxsus tərzdə reaksiya verib. Amma ABŞ-da bunu şərh etməyiblər.

Putin əslində nəyə nail olmaq istəyir? O, otuz il bundan qabaq Qorbaçovun uğursuzluğa düçar etdiyi işi düzəltməkmi istəyir? Görəsən, o, NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə Qorboçovun ala bilmədiyi təminatı yazılı formada əldə etmək fikrindədirmi? Bunun bir mənası varmı? Əgər varsa, onda Putin bununla yaranmış gərginliyi səngitməkmi istəyir? Hətta, hər hansı görüşün keçiriləcəyi anonsu belə gərginliyi düşürə bilər, axı, danışıqlar zamanı müharibə getmir.

Ancaq Amerikanın Ukraynaya “Çox təəssüf, Siz heç zaman NATO-ya girməyəcəksiniz” deməsinə inanmaq çətindir”. “AzPolitika.info”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10