Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mariya Limanskaya “Brandenburq madonnası” kimi tanınır


1945-ci ilin iyul ayında, Potsdam konfransı günlərində Uinston Çörçillin avtomobil karvanı Brandenburq qapsından keçəndə bir əlində sarı, bir əlində qırmızı bayraq olan yol tənzimləyicisi baş nazirin diqqətini cəlb edib. Çevik hərəkətlərlə maşınlara istiqamət göstərən sovet ordusunun yefreytoru Mariya Limanskaya heç fərqinə də varmayıb ki, bayrağı ilə yol göstərdiyi maşında dünyanın ən nəhəng siyasətçilərindən biri gedir.

Çörçill maşını saxlatdıraraq tərcüməçi vasitəsi ilə onun maşına yaxınlaşmasını xahiş edib. Mariya Limanskaya maşına yaxınlaşaraq hərbi qaydada özünü təqdim edib:
- Qırmızı ordunun əsgəri Mariya Limanskaya.

Gənc qızın hərbi nizam-intizamı Çörçilin xoşuna gəlib və ondan soruşub:
- İngilis əsgərləri sizi incitmirlər?
54-45.jpg (102 KB)
Limanskaya Çörçili dərhal tanıyıb, amma yenə də fərqinə varmadan cəsarətlə cavab verib:
- Hünərləri çatırsa, incitsinlər.
Bu cavab Çörçilin gülümsəməsinə səbəb olub:
- Təəssüf edirəm ki, maşında sizə verə biləcəyim bir hədiyyə yoxdur.
Bu kiçik dialoq haqqında Çörçill Stalinə də danışıb və ona bildirib ki, Brandenburq qapısı etibarlı əllərdədir.
 IMG_20190223_193233_750-768x515.jpg (118 KB)
Mariya Limanskaya müharibə tarixinə “Brandenburq madonnası”, “Qələbənin yol tənzimləyicisi” adı ilə düşüb. SİTA-nın hərbi müxbiri Yevgeni Xaldeyin 1945-ci ilin mayın 2-də Limanskayının Brandenburq qapısı qarşısında çəkdiyi fotosu uzun illər qələbə rəmzi kimi qəbul edilib.
Mariya Limanskaya 1924-cü ildə Saratovun Staraya Poltavka kəndində anadan olub. 1942-ci ildə, 18 yaşı olanda könüllü olaraq hərbi xidmətə gedib. O, əvvəlcə ehtiyat alayındakı tikiş sexində əsgərlər üçün hərbi geyimlər tikib. Sonrakı xidməti hərbi yol tənzimləyicisi kimi davam etdirib.
Limanskaya müharibə illərində beş dəfə real ölüm təhlükəsi ilə üzləşib. Hər dəfə də müalicə aldıqdan sonra yenidən ön cəbhəyə gedib.
1945-ci ildə Limanskaya daha dörd qadın hərbçi ilə Brandenburq qapısı önündə hərbi yol tənzimləyicisi kimi xidmət aparıb.
4486413.jpg (137 KB)
Müharibədən sonra Limanskaya Saratova qayıdıb. Şəhər kitabxanasında işləyib. Daha sonra o, xəstəxanada sanitar işinə düzəlib.
Onun müharibə illəri ilə bağlı qələmə aldığı xatirələr maraqlı hadisələrlə zəngindir: “Hərbi komissarlığın nümayəndələri tez-tez kəndimizə gəlirdilər, sakinlərlə görüşürdülər, orduya çağırışla bağlı təbliğat aparırdılar. Bu görüşlərin birində mən hərbi xidmətə getmək istədiyimi bildirdim.
Bu arzumu eşidən komissarlığın əməkdaşı mənə bir az istehza ilə cavab verdi:
- Sənin saçların az qala topuğa çatır. Səhra şəraitində su tapmayanda onları necə yuyacaqsan?
Bu cavab məni pərt etsə də, susmadım:
- Mən saçlarımı kəsməyə hazıram. Təki Hitler ölsün.
H68TfPAiDEY4IbyZyAWV.jpg (131 KB)
Cavabım komissarlıq əməkdaşını uğundurdu və əlindəki dəftərçəyə adımı qeyd etdi. Beləliklə, mənim müharibə həyatım başladı. Müharibə məni çox şeylərdən məhrum etsə də, mənim üçün böyük bir məktəb oldu. Mən yaşımdan tez böyüdüm, özümdən böyük olanlarla müharibə dostu oldum. Amma onu da deyim ki, istənilən şəraitdə həyatı sevmək və yaşamaq lazımdır. Müharibə zamanı top-tüfəng səsləri altında maraqlı günlərimiz də az olmayıb. 1943-cü ilin qışında mən Şərq cəbhəsində idim. Yollarda ərzaq, silah-sursat daşıyan yük avtomobillərinin istiqamətini tənzimləyirdim. Növbə dörd saat çəkirdi, gündüzlər bayraqlarla, gecələr rəngli işıqlarla işləyirdik. Hər bir döyüşçüyə 100 qram araq verilirdi. Biz 5 qız idik. Öz payımızı kişi döyüşçülərinə verirdik. Onlar da bunun əvəzində bizim yerimizə növbəyə çıxırdılar. Biz də həmin vaxtları ətrafdakı qəsəbələrdə rəqs meydanlarında vaxtımızı keçirirdik.
Müharibənin sonlarında Berlində xidmət edəndə sovet hərbçiləri əldə etdikləri qənimətdən bizə də hədiyyə edirdilər. Bir dəfə sovet hərbşilərindən biri Brandenburq qapısının qarşısında mənə bir paltar bağışladı. Biz beş qız növbə ilə həmin paltarı geyinib şəkil çəkirdik. Bu, müharibə dövründə mülki paltarda çəkdirdiyimiz yeganə şəkil idi...”
fullsizerender(48)_small.jpg (114 KB)
1970-ci ildə Yevgeni Xaldeyin Limanskayanın Brandenburq qapısı qarşısında çəkdiyi şəkil “Rabotnitsa” jurnalında dərc olunub. Amma şəkilin altında başqa bir adamın ad və soyadı yazılıb. Limanskayanın qonşuları jurnalı gördükdən sonra redaksiyaya məktub gödəriblər və tələb ediblər ki, təkzib versinlər. Redaksiya haqlı iradı qəbul edib və növbəti sayında şəkli yenidən dərc edərək altında Limanskayanın ad və soyadını yazıblar. Bu hadisədən sonra Xaldey fotonun orjunalını Limanskayaya göndərib.
Hazırda Mariya Limanskayanın 97 yaşı var. Jurnalistlərin yaxın dostu sayılan Limanskaya yaşının çox olmasına baxmayaraq, ictimai fəaliyyətini davam etdirir.
Qeyd edək ki, 2020-ci ildə Saratov vilayətinin Marks rayonunda Mariya Limanskayanın şərəfinə “Brandenburq madonassı” adlı abidə ucaldılıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10