Baydenin “Ukraynaya qoşun göndərməyəcəyik” bəyanatının arxasındakı mətləblər...
ABŞ prezidenti Cozef Bayden və Rusiya dövlət başçısı Vladimir Putin arasında baş tutmuş online görüş dünya gündəmində ilk sıradadır. Bununla belə, görüşə dikilmiş nəzərlərin nədən məyus, nədən şad olduqlarını ayırd etmək də asan deyil. Ukraynanın NATO-ya üzv olmaq perspektivinin ABŞ tərəfindən dəstəklənməsi və Rusiyanın bu istiqamətdə etiraza çevrilən narazılığının nəzərə alınmaması ilkin nəticə kimi qiymətləndirilə bilər.
Fəqət, bizim diqqətimizi tamamilə fərqli bir nüans çəkməkdədir. Söhbət ABŞ lideri Baydenin görüşdən sonra keçirdiyi brifinqdə “Rusiya Ukraynaya hücum etsə, ABŞ qoşun yeritməyəcək” bəyanatından gedir. Bu açıqlama müxtəlif mərkəzlərdə fərqli interpretasiyalara məruz qalıb. Bəziləri hesab edir ki, bu açıqlama Ukraynanın Rusiya qarşısında tək buraxılması kimi başa düşülməlidir. Baxmayaraq ki, Bayden həm də bu hücumun öldürücü sanksiyalara səbəb olacağını deyib. Yenə də ABŞ liderinin belə açıqlamasının strateji məqsədi olmamış deyil.
Hərb Kreml üçün xilasdır
ABŞ prezidentinin bu açıqlamasını biz ilk növbədə Moskvanın vəziyyətdən daha “asan” yolla çıxmaq cəhdinin qarşısını almaq cəhdi kimi şərh edirik. Yəni Bayden bu açıqlama ilə Putinə demək istəyib ki, onun müharibə cəhdlərinə əsas verməyəcək. Putin bu müharibəni həm də indiyə kimi mücərrədliklə təsvir etdiyi xarici düşmənin konkretləşdirilməsi kimi planlayır. “Ukrayna və onun Qərbdəki havadarları” arqumenti Putin üçün daxili auditoriyanı spekulyasiya etmək fürsəti ola bilər. Kreml belə bir planla həm də “daxili düşmənlər”i zərərsizləşidirmək, hakimiyyətin bütün rəqiblərini tam sıradan çıxarmaq üçün “legitim” əsaslar əldə edə bilər. Ona görə də “Qərbdəki havadar” açıq bəyan edir ki, belə bir müharibə olsa, biz orada olmayacağıq.
Ukrayna ilə savaş niyə çətindir?
Bayden “biz gəlməyəcəyik” söyləməklə rus xalqına demək istəyib ki, sizinlə düşmən deyilik və döyüşmək istəmirik, amma Putin Ukraynaya hücum etsə, biz sanksiya tətbiq edəcəyik. Putin belə vəziyyətdə “qardaş xalq” dediyi ukraynalılar ilə döyüşdən nə qazanacaq? Daha doğrusu, o, “İvanı” öz əmisi oğlu ilə savaşmağa inandıra biləcəkmi? Yaxud belə bir zorakı müharibə başlasa, ondan hərbi və siyasi baxımdan hansı uğur və itki ilə çıxacaq?
Aydın məsələdir ki, ABŞ-ın birbaşa Ukrayna cəbhəsində döyüşməməsi ehtimal olunan müharibədə Rusiya demokratlarının Putinə qarşı əlini və arqumentasiyasını gücləndirəcək. Putin Ukrayna üzərində qələbəni ABŞ üzərində qələbə kimi təqdim edə bilməyəcək. Bu, nəinki xalq və siyasi kəsimdə, hətta hərbi dairələrdə də Putin üçün əlavə problemlər yaradacaq. Şübhəsiz ki, Baydenin öncədən belə bir bəyanat verməsi Putini siyasi baxımdan tərksilah etməyə hesablanıb. Yəni Rusiyanın birtərəfli qaydada aqressiya nümayiş etdirməsi yalnız onun özünə ziyan vuracaq:
– Daxildə xalq Ukrayna ilə savaşı dəstəkləməyəcək;
– Hərbi dairələrdə parçalanma baş verəcək;
– Müxalifətin müharibə əleyhinə iş aparmaq imkanları artacaq;
– Daha sərt sanksiyalar üçün ABŞ daha əsaslı səbəblərə sahib olacaq;
– Rusiya öz ətrafında saxlamaq istədiyi dövlətlərə əvvəlki kimi təsir edə bilməyəcək.
Beləliklə, Bayden bir bəyanatla təkcə dünya ictimaiyyətini ABŞ-Rusiya müharibəsi narahatlığından xilas etmədi, həm də Rusiyaya mesaj verdi ki, belə bir cəhd onun özünün özünə qarşı qəsdi olacaq.