Doğrudanmı, Milli məclisdə haqq sözün deyən ancaq Vahid Əhmədovdur?
Artıq 34 gündən çoxdur ki, aclıq edən, ölümün bir addımlığında olan, Gədəbəy rayonunda AXC-Musavat hakimiyyəti dövründə icra başçısı vəzifəsində çalışmış, uzun illər ermənilərin işğalında olan Başkəndi azad etmiş Saleh Rüstəmlinin taleyi çoxlarının diqqət mərkəzindədir. Bununla bağlı bir çox ziyalılar, hüquq müdafiəçiləri səsini qaldırıb. Həmin “səsini qaldıranlardan”, əsil ziyalı mövqeyi göstərib çıxış edənlərdən də biri də Millət Vəkili Vahid Əhmədovdur.
Onun bu addımı sanki ümidsiz insanlar arasında bir işıq, nur yaratdı. Bir daha sübut olundu ki, ən yaxşı tərbiyə elə ən yaxşı nümunədi. Bir neçə gün öncə paylaşdığım “Bizi Ağıllı və Cəsarətli insanlar xilas edəcək” fikri də Vahid müəllimin bu addımı ilə öz təsdiqini tapdı.
Vahid Əhmədovun bu cəsarətli və ağıllı addımı onun bir çox deputat həmkarlarını çətin duruma salıb. Bu müraciətdən sonra diqqət digər, hətta dünyanın ən ucqarlaında baş verən hadisələrə münasibət bildirən “bərkgedən” deputatlara dikildi:- Bəs siz?
Təəccüblü odur ki, həmin Milli Məclisdə AXC-Musavat hakimiyyəti dövründə Saleh Rüstəmli ilə bir sırada hakimiyyətdə olmuş, özləri demişkən, bir amal uğrunda çalışmış digər cəbhə, indiki deputat yoldaşlarının – Tahir Kərimli, Fazil Qəzənfəroğlu, Fəzail Ağamalıoğu, Sabir Rüstəmxanlı, Əli Məsimov... və digər “demokratlar”ın Saleh bəyin bu dar günündə səsi çıxmadı.
Bu gün Milli Məclisdə ən imkanlı, milyonçu deputatlarından biri, möhtəşəm xeyriyyə işlərinin rəhbəri kimi tanınan Cavanşir Feyziyev də susdu və göstərdi ki, pullu olmaq, hələ cəsarətli olmaq, haqqın yanında olmaq deyil.
Digər misallar da çəkmək olar. Lakin elə bilirik ki, mənzərə aydındır.
Düzdür, Vahid müəllim özü də “yağ içində böyrək” deyil. Onun millət vəkili olduğu Quba rayonunun icra başçısının saxtakarlığı, yüzlərlə süpürgəçinin plastik kartındakı pulları mənimsədiyi barədə çox şübhəli söhbətlər dolaşsa da, Vahid müəllim orada qətiyyətli mövqeyi görsətmədi.
Amma bütün hallarda Vahid Əhmədovun Saleh Rüstəmlinin azad edlməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə müraciət etməsi indi çox şeyin “söndüyü”, inamsızlığın meydan suladığı vaxtda olduqca dəyərli, insani və alicənab hərəkətdir.
Kaş ki, nümunə götürən deputatlar çox olaydı. Hələ ki, son deyil.
Zahir Əmənov. Cenub.az