Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Üçüncü Dünya müharibəsi başlayır? “Raketlər atılsa, təyyarələr bombalasa...“


Rusiya Ukrayna münasibətlərində gərginlik pik həddə çatıb. Qərbin təhdid xarakterli xəbərdalıqlarına baxmayaraq, rəsmi Moskvanın geri çəkilməkdən israrla imtina etməsi tərəflər arasında müharibə ehtimalını daha da artırır. Analitiklər hərbi əməliyyatların başlaması təqdirində, Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğunu iddia edirlər.

Yenisabah.az-ın suallarını cavablandıran “Azərbaycan Politoloqlar Klubu”nun rəhbəri Nadir Şəfiyev bildirib ki, qlobal olmasa belə, lokal hərbi toqqşumalar baş tuta bilər:

“Rusiya tarixində həmişə bu cür dalğalanmalar olub. XIX əsrin əvvəllərində çar Rusiyası həm İran və Osmanlı ilə müharibə aparır, həm Avropada İsveç, Polşa ilə müharibə şəraitində idi. İkinci Dünya müharibəsi başlayan ərəfədə Adolf Hitler də oxşar siyasətdən istifadə edirdi. O vaxtı da Hitler keçmiş Çexoslovakiyanın Sudet vilayətində yaşayan almanların hüquqlarını müdafiə edir, Avstriyada alman hüquqlarının bərpasına can atırdı. Beləliklə də, tədricən yavaş-yavaş dünyanı müharibəsinə sürüklədi”.

Politoloq vurğulayıb ki, indi dünya keçmişin dünyası deyil:

“Amma maraqlar dəyişməyib. Düşünürəm ki, bugünkü Co Bayden-Vladimir Putin görüşündən çox şey asılı olacaq. Rusiya ilə dil tapmaqdan başqa yol yoxdur. Tarix göstərir ki, Rusiya ilə qarşıdurma artanda, ümumiyyətlə, totalitar-avtoritar bir rejimlə qarşıdurma olarkən həmin ölkələr başqa yol tapmırlar. Çünki bu gün Rusiyanı blokadaya alsalar, nüvə silahına malik olan Rusiya özünü dolandırmaq üçün ətrafında olan dövlətləri “udmağa” başlayacaq. Rusiyanın yaşamaq üçün başqa variantı yoxdur”.

N. Şəfiyev əlavə edib:

“İnanmıram ki, Aİ və ABŞ yenidən Gürcüstan ssenarisinin təkrarlanmasına imkan versin. Digər tərəfdən, Ukrayna hazırda nə qədər zəif olsa da, ukraynalılar kifayət qədər döyüşkən xalqdır. Ukrayna xalqı İkinci Dünya müharibəsində SSRİ-yə onlarla general və marşallar verib. Onlar da nasist Almaniyası üzərində qələbədə çox böyük nailiyyətlər əldə ediblər. 

Düşünürəm ki, Putin o qədər düşüncəsiz insan deyil ki, müharibəyə başlasa, bu dərəcə açıq müdaxiləyə keçsin və bununla qurtarsın. Əgər Ukrayna ərazisinə raketlər atılsa, təyyarələr bombalasa, bu dəfə Ukrayna Gürcüstan ssenarisindən nəticə çıxararaq, Rusiyanın şəhərlərini və digər böyük ərazilərini vura bilər. Belə olan halda müharibə geniş miqyas ala bilər, həmçinin, Rusiyanın daxilində böyük narazılıq, qarışıqlıq, qarşıdurma baş verər”.

“Hərbi eskalasiyalar lokal şəkilli olacaq. Bu, fikrimcə, sadəcə əzələ nümayişidir.

Bildiyiniz kimi, Rusiyanın sərhəddə qoşunlar saxlaması milyonlarla dollar vəsait hesabına başa gəlir. Bir məsəl var: “İtə deyirlər, niyə hürürsən? Deyir, qorxuduram. Deyirlər bəs, niyə quyruğu bulayırsan? Deyir, çünki özüm də qorxuram”. İndiki durum da belədir. Bilmək olmur nə olacaq. Rusiya elə bir dövlətdir ki, ondan baş açmaq çətindir. Orada müharibəyə başlamaq üçün nə parlamentin razılığı tələb olunmur. Bir adamın əmri kifayət edir”, - deyə siyasi analitik vurğulayıb.

Rafi MÜSLÜMOV







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10